Sərhədi pozan 6 əcnəbi SAXLANILDI

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər sərhəd pozucusu saxlanılıb.

Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Xudat” sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 2-də 1 nəfər İran İslam Respublikası, oktyabrın 4-də 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası, oktyabrın 3-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər Pakistan İslam Respublikası vətəndaşı və oktyabrın 7-də “Naxçıvan” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 1 nəfər Suriya Ərəb Respublikası vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

10.10.2024 12:44
400