Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN –Fransa, Kanada və digərləri çalışır ki…

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ötən gün ABŞ-nin Dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti dəfə görüşü keçirilib. Rəsmi məlumata görə, Antoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan mümkün qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə ABŞ Dövlət katibinə minnətdarlıq ediblər.

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Yeganə Hacıyeva bildirib ki, Nyu-Yorkda keçirilən bu görüşdən xüsusi nəticə gözləməyə dəyməzdi.

Onun qənaətincə, tərəflər yalnız sülh sazişindən çıxarılan üç müddəadan hansısa biri ətrafında kompromis əldə edə bilərdilər: “Görüşdən elə də bir nəticə gözləmək lazım deyildi. Yalnız Ermənistanla Azərbaycan arasında sabit zəmin əsasında sülhün formalaşdırılması üçün İrəvanın razılaşmadığı üç bəndən biri ilə bağlı kompromis ola bilərdi. Ümumilikdə qaralama sazişdə 30 bənd var idi. Daha sonra 17-yə endirildi. Sonda isə Azərbaycan beynəlxalq hüquqa hörmət anlamında məhz Zəngəzurla bağlı konkret təkliflərini sülh sazişindən çıxardı. Geriyə 16-sı qaldı və Ermənistana göndərildi. Ermənistan da 70 gündən sonra 16 müddəanın içərisindən təhlükəsizliyə birbaşa cavabdeh olan 3 bəndi çıxarıb. Ötən gün keçirilən görüşdə sazişdən çıxarılan 3 bəndin hər hansı biri ilə bağlı istənilən razılaşma ola bilər. Yəni, oradan xüsusi bir razılaşma gözləmək lazım deyildi”.

XİN başçılarının ABŞ-də görüşüb danışıq aparmasına Rusiyanın mümkün reaksiyasına gəlincə, politoloq hesab edir ki, Kreml Nyu-Yorkda baş tutan bu danışıqlardan narahat deyil: “Mənim fikrimcə, Rusiya ABŞ-də XİN başçılarının görüşməsindən, sülh sazişini müzakirə etməsindən narahat deyil. Kimin nə deməsindən, Qərbin bunu necə təqdim etməsindən asılı olmayaraq, Rusiya Ermənistanla münasibətlərinin pik həddini yaşayır. Ermənistanla Rusiya arasındakı iqtisadi dövriyyə tarixinin ən yüksək həddindədir. Bu səbəblə də Kremlin narahatlığı yoxdur. Əldə olunmuş razılaşmalarla bağlı da rəsmi Moskvanın ümumiyyətlə narahatlığı yoxdur”.

Y.Hacıyeva deyib ki, Ermənistan-Azərbaycan sülh sazişinin əsas 3 bəndi regionda sabitlik və sülh üçün vacib əhəmiyyət daşıyır. Lakin Ermənistan bu bəndlərdəki tələblərlə razılaşmır, nəticə olaraq da Azərbaycan bu qaydada sülh sazişini istəmir: “Ermənistanın hətta bu gün xarici işlər naziri səviyyəsində konstitusiyaya dəyişikliklə bağlı hər hansı bir fikri bildirməsi belə, vəziyyəti dəyişməyəcək. Çünki konstitusiyanın dəyişdirilməsi, referendum keçirilməsi üçün bəlli bir vaxt mövcuddur. Ermənistan konstitusiyasına görə, bu, 90 gündür. 90 gündən öncə səslər toplanmalıdır, təşəbbüs qrupları formalaşmalıdır, ardınca bu qruplar imza toplamalıdırlar. Toplanan imzaları parlamentə təqdim etməlidirlər və parlament ona qərar verməlidir. Qərardan sonra Konstitusiya Məhkəməsinə göndərilməlidir, məhkəmə təsdiqlədikdən sonra 90 gün ərzində referendum ola bilər. Yəni, artıq bunun üçün vaxt yoxdur. Faktiki olaraq, ABŞ və Qərb dövlətləri COP29-a qədər Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasını tələb edirlər. Lakin COP29-a qədər bu mümkün deyil. Çünki arada təxminən 60 gündən az vaxt qalıb”.

Politoloq son dövrlər Qərbin Ermənistanı silahlandırmasına, bunun nəticəsində orada revanşist qüvvələrin baş qaldırmasına da münasibət bildirib. Deyib ki, regionda sülh üçün mövcud zəminlər, sülh gündəliyi Fransa, Kanada və digər   Qərb dövlətləri vasitəsilə faktiki aradan qaldırılmağa çalışılır: “Region üçün vaxtilə aktual olan məsələlər indi aktual deyil. Ermənistan Rusiyanın sanksiyalardan yayınmasında iştirak etməklə son bir neçə ildə, ümumilikdə, milyardlarla maliyyə qazanıb. 2023-cü ildə Rusiya ilə mal dövriyyəsinin həcmi 7,4 milyard olub. Bu hələ 2024-cü ilin 9 ayı nəzərə alınmayan rəqəmdir. Bir neçə gün öncə Avropa İttifaqında nüfuzlu mərkəzlərindən birinin hesabatında göstərildi ki, Rusiya hətta lüks maşınları belə, Ermənistan vasitəsilə əldə edir. Bundan əlavə, Qərb dövlətləri, Kanada, Avropa İttifaqı, ABŞ əl-ələ verib 2024-cü ilə Ermənistanda guya sivil cəmiyyət quruculuğu və müharibənin fəsadlarını aradan qaldırılması üçün 320 milyon dollar yardım ayırıb. Bu və digər bu kimi faktorlar artıq regionda fərqli şərtlər formalaşdırıb”.

Y.Hacıyeva söyləyib ki, Rusiyadan əldə olan gəlirlər, verilən yardımlar, ianələr Ermənistanı bir az daha fərqli mövqe göstərməyə, yeni şərtlər formalaşdırmağa vadar edir: “İndi Ermənistan təxminən 2018-2019-cu illərdəki kimi davranır. Belə şərtlər isə sülhə xidmət etmir. Misal üçün, regionda silahlanma “yarışına” diqqət yetirmək lazımdır. Ermənistana bir çox silahlar, o cümlədən hücum silahları verilir. Bu isə o deməkdir ki, həmin silahlar bir gün sərhəddə istifadə olunmağa, hücum etməyə hesablanıb. Hələlik isə bu silahlar “hansı şərtlərdə və necə istifadə oluna bilər?” sualının cavabı açıq qalıb. Bu barədə heç kimdə əmin cavab yoxdur. Ümumiyyətlə, bu gün heç kimdə əminlik yoxdur ki, sabah Ermənistan silahlanıb, güclənib, iki ildən sonra Azərbaycan ərazilərinə yenidən təcavüz etməyəcək”.

Politoloq təəssüflə bildirib ki, Fransa prezidenti Emmanuel Makron və bəzi Qərb ölkələrinin rəhbərləri tərəfindən beynəlxalq platformalarda Azərbaycan işğalçı və təcavüzkar dövlət kimi qələmə verilir: “Belə yanlış təqdimatla beynəlxalq səviyyədə anti-Azərbaycan gündəlik formalaşdırılır. Görünən mənzərə budur ki, İrəvan silahlanır, Fransa, Kanada və digərləri isə elə göstərməyə çalışırlar ki, guya  Ermənistanın sərhədində hansısa təhlükəli proseslər gedir. Bir növ sərhəddə gərginlik üçün beynəlxalq səviyyədə informativ zəminlər yaradılır. Məsələn, ABŞ-də XİN başçılarının görüşü ərəfəsində Fransa prezidentinin BMT-nin Baş Assambleyasında anti-Azərbaycan çıxış etməsi deyilənlərə əyani misaldır”.

27.09.2024 17:12
695