Xəbər verildiyi kimi, ötən həftə Türkiyənin Ermənistanla sərhədində yerləşən Akya kəndində tərəflər arasında gözlənilməz diplomatik görüş baş tutub. Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
İddia edilir ki, Ermənistan və Türkiyənin Xarici İşlər nazirlikləri rəhbərlərinin müavinləri arasında keçirilən gizli görüş iki ölkə arasındakı münasibətlərdə ciddi irəliləyişə səbəb ola bilər. Məlumata görə, görüşdə Ermənistan nümayəndə heyəti təxminən 10 nəfərdən ibarət olub və heyətdə ərazi idarəetməsi, infrastruktur və turizm sahələrindən təmsilçilər də yer alıb. Bir neçə saat davam edən müzakirələrdə iki ölkə arasında strateji əhəmiyyət kəsb edən Gümrü-Qars dəmir yolunun açılması məsələsi gündəmə gətirilib. Bu dəmir yolunun açılması yalnız iqtisadi əlaqələrin genişlənməsinə deyil, həm də aradakı tarixi gərginliyin azaldılmasına səbəb ola bilər. Bildirilir ki, tərəflər sözügedən layihənin reallaşması üçün müəyyən anlaşmalar əldə etməyə çalışırlar.
Belə fikir var ki, sərhəddəki görüş Ermənistan və Türkiyə arasındakı diplomatik yaxınlaşmanın daha da dərinləşəcəyinə işarə edir. Gözlər indi tərəflərin atacağı növbəti addımlardadır. İki ölkənin gələcəkdə regional əməkdaşlıq üçün daha geniş bir platforma yaradacağı gözlənilir.
Azərbaycanın bu xəbərlə bağlı hər hansı rəsmi münasibəti hələ ki, yoxdur. Ola bilsin, rəsmi Bakı qardaş ölkə sarıdan tam arxayın olduğu üçün hər hansı açıqlamaya lüzum görmür. Çünki Türkiyə rəhbərliyi dəfələrlə, son olaraq da xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmayınca qardaş ölkə sərhədləri açmayacaq.
Politoloq Qabil Hüseynli Musavat.com-a açıqlamasında belə bir görüşün keçirildiyi barədə yayılan xəbərə inandığını bildirib:
“Abdullah Gülün prezidentliyi dövründəki “Sürix prosesi” də gizli diplomatik görüşlərlə meydana gəlmişdi. “Futbol diplomatiyası”na və əməkdaşlıq protokolları imzalanmasına qədər inkişaf etmişdi. İndi də ola bilsin ki, Ermənistan və Türkiyə nümayəndələri arasında gizli görüş olub və gizli olduğu üçün də medianı buraxmayıblar. Mümkündür ki, tərəflər arasında regionda sülh, sərhədlərin delimitasiyası, iqtisadi əlaqələr, iki ölkənin və Türkiyə-Azərbaycan-Ermənistan üçlüyünün iştirakı ilə birliyin yaradılması məsələləri müzakirə oluna bilər. Türkiyənin Ermənistanla yaxınlaşmasında hesab edirəm ki, Azərbaycanla Rusiyanın sıx yaxınlaşması da müəyyən təsirlərini göstərir. Türkiyə Azərbaycanın Rusiya ilə daha çox yaxınlaşmasına o qədər də ürəkdən razı deyil. Türkiyənin fikrincə, 3+3 formatında regional əməkdaşlıq formatı daha məqsədəuyğundur. Ermənistanı isə Türkiyə ilə yaxınlaşmağa həm də kənar güclər vadar edir. Məqsəd Azərbaycan-Türkiyə münasibətlərini soyuqlaşdırmaqdır. Bu hiyləgər planın arxasında Fransa və Rusiya dayanır. Nə Rusiya, nə də Fransa Ermənistan-Azərbaycan münasibətlərinin sülh sazişi imzalanması səviyyəsində düzəlməsini istəyir. Ona görə də diqqət edirsinizsə, hər dəfə sülh sazişinin imzalanmasının “an məsələsi” olduğu elan edildikdən dərhal sonra proses İrəvana təzyiq edilməklə durdurulur. İndi də belə bir vəziyyət müşahidə edilir. Sülhyaratma prosesi sanki aradan qalxıb. Hətta müharibədən danışılır. Paralel olaraq da Ermənistanla Türkiyə arasında sanki yeni “Sürix prosesi”nə bənzər proses başlatmaq istəyirlər. O da mümkündür ki, Türkiyə Ermənistanla apardığı prosesi Azərbaycanla koordinasiyalı şəkildə edir. Əgər belədirsə, mümkündür ki, Türkiyə-Azərbaycan-Ermənistan arasında bir sıra məsələləri əhatə edən bir saziş imzalansın. Bunlar sadəcə ehtimaldır ”.
Etibar Seyidağa,
Musavat.com