Sergey Ryabkov: “ABŞ və Britaniya Kiyevə bu icazəni verib”

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva Ukraynanın Rusiya ərazisində uzaqmənzilli silahlardan istifadə etmək üçün artıq ABŞ və Böyük Britaniyadan icazə aldığını düşünür və bunu ciddi risk elementi kimi görür.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya hər şeyə hazırdır:

“Biz hər şeyə hazırıq və elə reaksiya verəcəyik ki, az görünməsin. Burada ciddi risk elementi var, çünki Vaşinqtonda, Londonda, başqa yerlərdə rəqiblər oynamağa davam etdikləri oyunun təhlükə dərəcəsini açıq-aşkar qiymətləndirmirlər”.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev məlumat vermişdi ki, ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Kir Starmer Vaşinqtonda keçirilən görüşdə qarşılıqlı maraq doğuran bir sıra xarici siyasət məsələlərini müzakirə ediblər. Xüsusilə qeyd olunurdu ki, “onlar Ukraynaya davamlı dəstəyi təsdiqlədilər”.

Konkret addımlar və ya hərəkətlər barədə məlumat verilməyib, baxmayaraq ki, görüşdən əvvəl Bayden jurnalistlərə bildirib ki, o, Böyük Britaniyanın baş naziri ilə Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadəsinin təsdiqlənməsi məsələsini müzakirə edəcək.

“The Guardian” öz növbəsində xəbər verib ki, Starmer Bayden ilə görüşdə Ukraynanın Rusiyadakı hədəflərə hücum etmək üçün “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı yekun qərarın qəbul olunmadığını bildirib.

Musavat.com

14.09.2024 20:32
549