Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşir.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Cinayət Məcəlləsinə təklif edilən 281-1-ci maddəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, daşıma və ya gəzdirmə 5 ilədək müddətdən azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.
Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 5 ildən 8 ilədək müddətdə azadlıqdan məhrumetmə, həmin əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədilikdə 7 ildən 12 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsindən, Qarabağdakı separatçı rejimin məhvindən sonra qanunvericiliyə qeyd edilən cəzanın əlavə edilməsi günün tələbidir. Qarşıdakı müddətdə - birgəyaşayış dövründə hansısa separat meylli simvolların nümayişinə cəhd edə biləcək ermənilər və ya digərləri indidən bunun cinayət olduğunu anlamalıdırlar. Dünyanın hər yerində bu cür yasaqlar var və burada söhbət hansısa özünü ifadə yasağı iddiasından gedə bilməz, məhz ərazi bütövlüyünə qarşı simvollar üzərindən təxribat kimi əməllər başa düşülür. Yəni gələcəkdə hər hansı bir beynəlxalq təşkilat buna görə Azərbaycana heç bir irad tuta bilməz.
Bəhruz Məhərrəmov: “Artıq reallıq köklü formada lehimizə dəyişib”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bütün bunların yaranan reallıqlar fonunda baş verdiyini bildirdi: “Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş Cinayət və İnzibati Xətalar məcəllələri, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun və “Silahlı Qüvvələrin Daxili xidmət nizamnaməsi”nə dəyişiklik edilməsi barədə layihə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların müharibə vaxtı və ya döyüş şəraitində yayılmasına görə məsuliyyət və vəzifələr müəyyən edir. Sırf ünvanladığınız suala fokuslansaq, təklif edilir ki, ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə hüquqa zidd əməl kimi Cinayət Məcəlləsinə daxil edilsin və dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayət kimi təsnif edilsin. Bu məqsədlə məcəlləyə təklif edilən yeni 281-1-ci maddəyə əsasən, həmin əməllərin törədilməsinə görə beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmədən on iki ilədək müddətə azadlıqdan məhrum etməyə qədər sanksiya nəzərdə tutur.
Nəzərə almalıyıq ki, təklif edilən məzmun yalnız hüquqi məsələ deyil və çox ciddi mənəvi-siyasi əhəmiyyətə malikdir. Əgər biz Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı ali konstitusion niyyət olaraq bəyan ediriksə, ana qanunumuzun 11-ci maddəsi ilə imperativ formada Azərbaycan Respublikasının ərazisinin vahid, toxunulmaz və bölünməz olduğunu müəyyənləşdiririksə, heç şübhəsiz ki, bu istiqamətdə təminedici tədbirlərin dairəsinin genişlənməsi, sərtləşdirilməsi çox vacibdir. Digər tərəfdən, bu layihə ilə cənab İlham Əliyev göstərir ki, biz bundan sonra nəinki işğal və təcavüzə, ümumiyyətlə, ərazi bütövlüyümüzün əleyhinə yönəli istənilən ideya və informasiyaya belə həm qanunvericilik, həm də praktik səviyyədə kifayət qədər sərt və adekvat reaksiya veriləcək. Bildiyiniz kimi, dünyada kifayət qədər analoji yanaşmalar mövcuddur. Məsələn, nasist Almaniyasının Hakenkreuz (svastika və ya qamalı xaç) simvolu bu gün bir çox Avropa dövlətlərində qadağandır. Erməni faşizminin isə daha təhlükəli və amansız olduğunu nəzərə alsaq, təbii ki, bu qanun layihəsi heç bir “azadlıq” fonunda etiraz doğura bilməz. Aydındır ki, 3 il öncəyə qədər, ərazilərimizin işğalda olduğu, cəmi 8 ay öncəyə qədər sərhəd bütövlüyümüzün təmin olunmadığı, hətta 3 ay öncəyə qədər hələ də separatizmin hökm sürdüyü bir situasiyada, təbii ki, belə bir qanunvericilik layihəsini müzakirə etmək nəzəri sadəlövhlük olardı. Bu gün isə artıq reallıq köklü formada lehimizə dəyişib, Azərbaycan özünün ən qüdrətli dönəminə qədəm qoyub. Bu mənada, Cinayət Məcəlləsinə təklif olunan 281-1-ci maddə əslində cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında qazanılan Zəfərimizdən, yaratdığımız yeni reallıqdan qaynaqlanan hüquqi aktdır".
Əli Orucov: “281-1 maddəsində nəzərdə tutulan cəza bir qədər də sərtləşdirilməlidir”
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bunu günün tələbi sayır: “Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Ölkədə onlarla etnik qrup və dini azlıqlar qarşılıqlı hörmət və etibarlılıq əsasında yaşayır. Azərbaycan həmişə dini və etnik tolerantlığa nümunə olaraq göstərilib. Lakin təəssüflər olsun ki, xarici qüvvələrin təsiri altına tez düşmə halları və Azərbaycana qarşı fəaliyyət göstərmə təhlükəsi qalmaqdadır. Zaman-zaman etnik separatizmdən istifadə olunmağa çalışılsa da, bu çirkin planlar fiaskoya uğrayıb. Buna baxmayaraq, Azərbaycan uzun illər erməni etnik separatizmdən əziyyət çəkib. Torpaqlarının 20 faizi işğal olunmuşdu, bir milyon qaçqını vardı. Qarabağ problemi həll olunub, ermənilər kütləvi şəkildə könüllü oranı tərk etsələr də, bu, separatizm təhlükəsindən birdəfəlik xilas anlamı vermir.
Tarixən xarici böyük güclərin alətinə çevrilən ermənilərdən Azərbaycan əleyhinə istifadə cəhdləri qalır. Və oxşar təhlükə İran və Rusiya hakim orqanlarının masalarının üzərində də var. Odur ki, Azərbaycan məcburdur ki, dövlətin əsaslarını sarsıda biləcək separatizm və bölücülüyün qarşısını alsın. Doğrudur, Cinayət Məcəlləsində dövlət hakimiyyətinə qarşı yönələn hərəkət və əməllərlə bağlı cəzalar nəzərdə tutulur. Lakin təbliğat vasitələri və simvollar və digər atributların istifadəsi barədə cəzalar nəzərdə tutulmayıb. Dünyanın hüquq sistemində və beynəlxalq praktikada separatizmi, etnik üstünlüyü təbliğ edən təbliğat, simvollar və atributların qadağan edilməsi və belə hərəkətlər barədə hüquqi məsuliyyətdən geniş istifadə olunur. Odur ki, Milli Məclisə təklif olunan Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönəlik simvolları və atributları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə və daşımaya, gəzdirməyə görə hüquqi məsuliyyətin müəyyən edilməsi və cəzaların tətbiqi günün tələbidir. Ümumiyyətlə, düşünürəm ki, dövlət hakimiyyəti əleyhinə yönələn cinayətlərə yeni əlavə edilən 281-1 maddəsində nəzərdə tutulan cəza bir qədər də sərtləşdirilməlidir. Çünki zəhərli təbliğat fiziki əməldən daha təhlükəli və zərərlidir. Kütlənin şüurunun alt qatında mənfi təsirlərini uzun müddət saxlayır. Azərbaycan dövləti nə qədər tolerant və multikultural dövlət və cəmiyyətimiz bu dəyərlərlə tarixən yaşasa da, preventiv və təhlükəsizlik tədbirləri də diqqətə alınmalıdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”