Separatçılar İrəvanda həyasızlıq edir - “DQR nümayəndəliyi” niyə bağlanmır?

Murad Sadəddinov: “Əslində Paşinyan hakimiyyətinə onların mövcudluğu, Ermənistan ərazisində toplantılar keçirmələri, aktivləşmələri sərf etmir və risklər yaradır”

Erməni separatçılar deyəsən ötən həftə ABŞ Konqresində “Dağlıq Qarabağın gələcəyi” təxribatçı mövzuda keçirilən dinləmələrdən, bütövlükdə Qərbdə erməni separatizminə yenidən qucaq açılmasından əməllicə ruhlanıblar. İndi də Ermənistanda yavaş-yavaş baş qaldırmağa, cəsarətlənib oradan Azərbaycana qarşı hədyanlar səsləndirməyə, həyasızlıqlar etməyə başlayıblar.

“Hraparak” erməni qəzetinin yazdığına görə, uydurma “parlament”in “5 fraksiyası”nın nümayəndələri İrəvandakı “DQR nümayəndəliyi”ndə toplaşaraq gələcək planları müzakirə ediblər. Nəşrin məlumatına görə, iclasda “artsax” “parlament qüvvələri” razılaşıblar ki, yaxın vaxtlarda sessiya çağırılsın və “parlament”in normal işi bərpa olunsun. “Onlar görüşün gündəliyinə hansı məsələlərin daxil edilməsini də müzakirə ediblər: əsas diqqət Artsaxdan olan məcburi köçkünlərin sosial və digər problemləridir”, - qəzet yazıb.

“Təbii ki, biz də boş oturmuruq. Bütün bu müddət ərzində biz görüşlər təşkil etməyə çalışdıq, lakin deputatların yerləşdiyi yerə görə bunu uzun müddət etmək mümkün olmadı”, - qondarma deputat Metaxe Akopyan iddialı şəkildə bildirib və ardınca əlavə edib: “Biz Artsax məsələsinin qapadılmasının qarşısını almağa borcluyuq”.

Qeyd edək ki, Paşinyan hökumətinin təmsilçiləri Ermənistanda Qarabağ separatçılarına Ermənistanda hər hansı institut yaratmağa imkan verilməyəcəyini bildiriblər və bunu Ermənistanın təhlükəsizliyi üçün təhdid adlandırıblar. O sırada parlamentin sədri Alen Simonyan üstəlik bəyan edib ki, İrəvanın separatçıların hansısa təşkilatını maliyyələşdirmək planı yoxdur. Simonyan da Qarabağla bağlı hər hansı institutlarının yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə saydığını söyləyib, öz həmkarlarını da belə bir mövqe tutmağa çağırıb.

Siyasi ekspertlər hesab edir ki, Ermənistan parlamentinin spikeri Qarabağla bağlı hər hansı institutların yaradılması cəhdinin Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə saymaqda haqlıdır. Alen Simonyan bunu ona görə deyib ki, Qarabağ separatçıları Ermənistan ərazisində fəaliyyətlərini davam etdirərlərsə, “mühacir hökumət” və “mühacir parlamenti” formalaşdırarlarsa, bu Ermənistana baha başa gələcək, buna cavab olaraq Azərbaycan ərazisində də Qərbi azərbaycanlıların mühacir hökuməti və mühacir parlamenti formalaşacaq. Ermənistan hökumətinin ən çox qorxduğu Azərbaycanda Qərbi Zəngəzur mövzusunun müzakirə edilməsidir. Alen Simonyanın açıqlamasının ardınca, İrəvanda Qarabağ separatçılarının “nümayəndəliyi” də ləğv edilməlidir.

O zaman erməni spikerin məlum açıqlaması olmasına baxmayaraq Ermənistanda separatçıların hərəkətlənməsinin anlamı nə? Gözləyək görək rəsmi İrəvanın reaksiyası nə olacaq. Ümumiyyətlə, İrəvanda niyə saxta “DQR nümayəndəliyi” mövcud olmalıdır? Məgər bunun özü də “artsax institutu” deyil? Bakı İrəvana “artsax parlamentinin sessiyası” adı ilə separatçıların bir araya gəlməsinin qarşısını almaq üçün hansısa tələblər irəli sürə bilərmi?

Azərbaycanla Iranın əməkdaşlıq etməsi İrana dividentlər gətirəcək” - Murad  Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, özlərini buraxdıqlarını elan etmiş separatçıların son günlər Ermənistanda fəallaşmasının, toplantılar keçirməsinin bir neçə səbəbləri və məqsədləri var: “Bilirsiniz ki, Ermənistanın dövlət büdcəsindən 200 milyon dollara yaxın vəsait qondarma “artsax respublikasının” maliyyələşməsinə vəsait ayrılırdı. Bundan başqa diaspor vasitəsilə “artsax”a yardım adı ilə böyük miqdarda vəsaitlər toplayırdı. Bütün bu vəsaitlər hesabına separatçılar özlərinin maraqlarını təmin edirdilər, varlanırdılar. Azərbaycan Qarabağda separatçılığı çökdürəndən və separatçılar özlərinin buraxıldığını elan edib Ermənistana köçdükdən sonra həmin vəsaitlərdən məhrum olublar. Hətta məlumatlara görə, onların saxta “dövlət strukturları”nın maaşları da kəsilib, Ermənistan mövcud olmayan nəyəsə büdcəsindən pul ayırmaq istəmir. Ona görə də separatçı tör-töküntüləri süni şəkildə guya öz mövcudluqlarını, fəaliyyət göstərdiklərini elan etməklə, bu görüntünü yaratmaqla Ermənistan büdcəsindən və xaricdən maliyyə ayrılmasını az da olsa təmin etmək istəyirlər. Başqa bir səbəb və məqsəd isə guya mövcud olduqlarını göstərməklə Ermənistan hakimiyyətinə təsir göstərmək istəyirlər. Ən müxtəlif məqsədlərini həyata keçirmək üçün onlar Paşinyan hökumətinə təsir və təzyiq etmək imkanına sahiblənməyə çalışırlar. Qarabağ erməniləri həmişə Paşinyan hökumətinə müxalif olublar. Onları indi də Ermənistanda Robert Köçəryan-Serj Sərkisyan cütlüyü qızışdırırlar. Eyni zamanda Ermənistandan kənarda olan anti-Paşinyan güclər də onlardan istifadə etməyə çalışırlar. Bütün bu amillər separatçıların hərəkətlərinə stimul verir. ABŞ-ın son günlər Azərbaycana qarşı davranışları da Ermənistandakı separatçıları həvəsləndirib”.

Politoloq qeyd etdi ki, Nikol Paşinyan hakimiyyətinə onların mövcudluğu, Ermənistan ərazisində toplantılar keçirmələri, aktivləşmələri sərf etmir və risklər yaradır: “Separatçı tör-töküntülərinin Ermənistanda o cür hərkətlənmələri istər Paşinyanın özünün hakimiyyəti üçün, istərsə də Azərbaycanla apardığı danışıqlar üçün mənfi təsirləri göstərir, problemlər yaradır. Ona görə də hesab etmək olar ki, rəsmi İrəvan separatçı tör-töküntülərinin bu hərəkətlənmələrinin, “parlament iclası” keçirmələrinin qarşısını alacaq”.

M.Sadəddinovun sözlərinə görə, Azərbaycan tərəfi görsə ki, Ermənistanın dövlət strukturları separatçılara şərait yaradır və onları Azərbaycana qarşı təzyiq üçün aktivləşdirirlər öz etirazını sərt şəkildə ortaya qoyacaq. Danışıqlar prosesində bu məsələ Ermənistan hökumətinin qarşısında qəti şəkildə qoyula bilər: “Bu zaman konkret şəkildə bəyan ediləcək ki, Ermənistan ərazisində separatçılara anti-Azərbaycan fəaliyyəti üçün şərait yaradılması Azərbaycan-Ermənistan sülh danışıqlarına ciddi mənfi təsir göstərəcək. Eyni zamanda Azərbaycan heç o məsələyə əhəmiyyət verməyə bilər. Belə hesab edilə bilər ki, özlərini aldatmaqda davam etsinlər, getsinlər harda istəyərilər öz muxtariyyətlərini yaratsınlar. Əsas məsələ və reallıq bundan ibarətdir ki, Qarabağ separatçılardan təmizlənib və orada Azərbaycanın suverenliyi təmin olunub. Biz öz haqlı məqsədlərimizə çatmışıq. Kimlərsə Ermənistanda və ya başqa bir ölkədə yığışıb özlərinə hansısa ad qoyacaqlarsa, “parlament” yaradacaqlarsa bu, onların özlərinin qeyri-ciddiliyini və gülünc vəziyyətə düşdüyünü göstərən vəziyyət olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

20.11.2023 20:41
896