Qarabağdan Ermənistana qaçan separatçılar Azərbaycana qarşı “beynəlxalq komissiya” yaratmağa hazırlaşır.
Separatçıların özünü buraxmış qondarma “parlamentin deputatları” bu gün toplaşacaq.
“Hraparak” nəşri yazır ki, Ermənistan hökumətinin müdaxiləsi olmasa, toplantı bu gün keçiriləcək.
“Qapalı keçiriləcək toplantıdan sonra bəyanat verəcəklər. Onlar razılaşmırlar ki, fəaliyyətlərinin davam etdirilməsi Ermənistanın təhlükəsizliyinə təhdiddir. İndiyə qədər həm Ermənistan hökumətinin mövqeyinə, həm də müzakirə ediləcək gündəmi dəqiqləşdirmək üçün “parlamentin” iclası təxirə salınırdı. Artıq hərəkətə keçməyin vaxtı olduğunu düşünürlər”, - nəşr yazır.
Məlumata görə, özlərini hələ də “deputat” kimi görən separatçılar iki məsələni müzakirə edəcək.
Birincisi, qondarma “parlamentdə” boş qalan iki “mandat” yerini müəyyən etməkdir.
İkincisi, Qarabağ üzrə “beynəlxalq komissiya”nın yaradılmasıdır.
“Beynəlxalq komissiya”nın yaradılması ideyası Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan tərəfindən irəli sürülüb. Oskanyan Qarabağda erməni separatizmin ləğv edilməsini qəbul etmir və məsələni beynəlxalq müstəviyə çıxarmaq üçün müxtəlif təkliflər irəli sürür. Onun təklif etdiyi “beynəlxalq komissiya” separatçıların Qarabağ iddialarını beynəlxalq müstəvidə gündəmə gətirəcək, bu işdə beynəlxalq ekspertlərdən də istifadə edəcəklər. Ermənistan hökumətinin prosesə müdaxilə edəcəyi və toplantının qarsşını alacağı gözləntisi var. (Publika.az)