Azərbaycan xalqı Qarabağda uzun illər dövlətimizə meydan oxumuş separatçı-xunta rejiminin əsas fiqurlarının layiqli cəzalarına çatdırılmasını səbirsizliklə gözləyir. Ancaq onların xaricdəki havadarları da sakit oturtmayıb. Heç şübhəsiz, bu cinayətkarların heç olmasa, bir neçəsinin buraxılması üçün Bakıya müxtəlif kanallarla təzyiqlər edilir və ediləcək.
Bəs məhkəmə nə vaxt başlayacaq? Novruzdan sonramı? Bakı beynəlxalq şərait baxımından ən uğurlu zamanı gözləyir? Adətən belə cinayət işlərində istintaq nə qədər çəkir? Xarici səfirliklərin prosesi izləməsinə izn veriləcəkmi?
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə dedi ki, separatçı rejimin əsas fiqurlarının böyük bir hissəsi həbs olunub və Bakıda istintaq altındadırlar: “Bu personajlar uzun illər separatçı rejimə başçılıq etməklə Azərbaycan dövlətinə, vətəndaşlarına qarşı cinayətlər törədiblər. Həmin cinayətlərə görə məhkəmə qarşısına çıxarılıb cəzalarını alacaqlar. Hazırda istintaq gedir və nə vaxt yekunlaşacağını indidən söyləmək çətindir. Bu adamların rəhbərlərindən olduqları xunta rejimi 1991-ci ildən başlamaqla Azərbaycan torpaqlarını işğal edib. Silahlı ermənilər bu dövrdə Azərbaycan vətəndaşlarına qarşı kütləvi qırğınlar törədiblər. Vətəndaşlarımızın evləri, tarixi abidələr, sosial təyinatlı obyektlər talan olunub, ardından dağıdılıb. Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyona yaxın azərbaycanlı yaşadıqları əraziləri tərk etmək məcburiyyətində qalıb. 30 il ərzində Azərbaycanın sərvətlərini qanunsuz olaraq istismar ediblər, talan etməklə Ermənistana daşıyıb satıblar. İndi isə törətdikləri cinayətlərə görə cavab verməlidirlər”.
Çingiz Qənizadə deyib ki, həbsdə olan erməni separatçı rejimin başçılarının cinayətləri çoxşaxəli olduğu üçün bir maddə ilə tövsif oluna bilməz: “Ona görə də onlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Çoxşaxəli cinayətlərin araşdırılması üçün təbii ki, istintaq müddətinin uzadılması zərurəti yaranır və buna görə də istintaq müddəti uzanacaq. Ehtimal edirəm ki, proses yay aylarına qədər uzanacaq”.
Ç.Qənizadə bildirib ki, separatçı rejimin bəzi üzvlərinin azad edilməsi üçün Qərbdən xahişlər, təkliflər və təzyiqlər var: “Hesab edirəm ki, bu hərəkətlər erməni lobbisinin təsiri altında həbsdəki şəxslərin pulları hesabına baş verir. Onların obyektlərini, bizneslərini ələ keçirmək üçün azadlığa çıxarılmalarına nail olmağa çalışırlar. Yəni separatçı rejim rəhbərlərinin azad edilməsi tələbləri səmimi deyil, daha çox şəxsi mənafe baxımından dilə gətirilir. Xunta rejiminin rəhbərləri Azərbaycana, Azərbaycan vətəndaşlarına qarşı elə cinayətlərə göstərişlər veriblər ki, burada hər hansı bir xahiş, təklif, təzyiq də yersizdir. Azərbaycan ərazilərini işğal etməklə terrorizmin maliyyələşdirilməsi ilə məşğul olublar. Azərbaycanda dinc əhaliyə qarşı terror törədən qrupların yaradılmasını maliyyələşdiriblər. Bu gün istintaq təcridxanasında xunta rəhbərləri Qarabağdakı ən böyük qırğınlarına görə məsuliyyət daşıyır. Bir gecədə 613 dinc azərbaycanlı, o cümlədən uşaqlar, hamilə qadınlar, qocalar azərbaycanlı olduqları üçün qətlə yetirilib. Bu, soyqırımı aktıdır. Ona görə də bu tarixə göz yuma bilmərik. Bunlar 30 il bundan əvvəl törədilmiş dözülməz, qəbuledilməz cinayətlərdir və o cinayətlərə rəhbərlik edənlər mütləq şəkildə məhkəmə qarşısına çıxarılmalı və cinayətlərinə hüquqi qiymət verilməlidir. Əgər xarici ölkə səfirliklərinin nümayəndələri prosesdə iştirak etmək istəsələr, yəqin ki, problem olmayacaq. Azərbaycan hüquqi dövlətdir və məhkəmədə hər hansı bir dövlət sirri, ailə sirri olmayacaqsa, əlbəttə ki, səfirliklərin nümayəndələrinə xunta rəhbərlərinin prosesində iştirak üçün şərait yaradıla bilər”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”