İsrail son bir neçə ayda İran tərəfindən dəstəklənən Hizbullah və HƏMAS qruplaşmalarının liderlərini öldürməsi, İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitlərini zərərsizləşdirməsi iki ölkəni müharibənin bir addımlığını gətirib.
Bu həftə SEPAH öz simasını xilas etmək üçün İsrailə bir neçə yüz ədəd raket zərbəsi endirib, ancaq hücum zamanı ciddi uğur əldə edilməyib.
Qərb mətbuatında yayılan məlumatlara görə, İsrail İrana cavab vermək niyyətindədir. “Axios” portal yazır ki, İranın neft obyektləri vurula bilər. Bundan sonra SEPAH tərəfindən Azərbaycanı hədəf alan növbəti təhdid mesajı yayılıb.
İran İslam İnqilabi Keşikçiləri Korpusuna bağlı teleqram kanallarında yayılan mesajda bildirilir ki, əgər İsrail neft obyektlərinə hücum edərsə, İran cavab olaraq Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreynin neft infrastrukturlarını vuracaq.
SEPAH-ın yeni “qisas kəşfi” özlüyündə bir sıra suallar doğurur.
Birincisi, İslam dövləti olan İranın İsrailə qarşı cavab tədbiri kimi yalnız müsəlman ölkələrini hədəf göstərməsi SEPAH-ın "İslami dəyərləri" necə şərh etdiyini göstərir.
Müsəlman ölkələrinin neft obyektlərinə zərbə endirilməsi təklifi İslam birliyi və həmrəyliyi prinsiplərinə tamamilə ziddir.
İranın İsraili “müsəlman fələstinlilərə qarşı siyasətinə” görə təhdid etməsi və eyni zamanda müsəlman ölkələrini hədəfə alması bu ölkənin dini ritorikasının əslində şəxsi maraqlara əsaslandığını göstərir. Bu, İranın Yaxın Şərqdə öz mövqeyini qorumaq məqsədilə din kartından istifadə etdiyini bir daha təsdiqləyir.
Qeyd edək ki, İslam İnqilabi Keşikçiləri Korpusu 1979-cu ildə İran İslam İnqilabından sonra qurulub və əsas məqsədi İran rejimini qorumaqdır. Lakin zaman keçdikcə SEPAH-ın təsir sahəsi ölkədaxili məsələlərlə məhdudlaşmayıb, regiondakı dövlətlərə də genişlənib.
SEPAH-ın əsas strategiyalarından biri Yaxın Şərqdə öz təsir dairələrini genişləndirmək, qonşu ölkələrdə müstəqil siyasət yürüdən hökumətlərə təzyiq göstərmək və bu ölkələri öz geosiyasi məqsədləri üçün istifadə etməkdir.
SEPAH-ın Azərbaycanı hədəf seçməsi özlüyündə qərəzli bir yanaşmadır. Görünür, SEPAH Azərbaycanı İsrail-İran münaqişəsinin bir hissəsinə çevirmək istəyir və bunun üçün əsassız və gülünc iddialar səsləndirir.
Lakin bu iddialar SEPAH-ın İran-Azərbaycan münasibətlərinində əsl məqsədini gizlətmək üçündür. SEPAH Azərbaycanın bölgədə müstəqil siyasət yürütməsinə və beynəlxalq aləmdə güclənməsinə qarşıdır.
Azərbaycanın müstəqil siyasət yürütməsi, xüsusilə enerji sektorunda əldə etdiyi uğurlar SEPAH-ın narahatlığını artırır.
Azərbaycanın neft və qaz sektorunda beynəlxalq şirkətlərlə əməkdaşlığı və Avropaya enerji təchizatı məsələsində oynadığı mühüm rol SEPAH-ın bu sahədə öz maraqlarını təhdid altında hiss etməsinə səbəb olur. Buna görə də, SEPAH Azərbaycanın enerji sektoruna və onun beynəlxalq əməkdaşlıqlarına zərbə vurmaq üçün müxtəlif təhdidlər səsləndirir.
Əslində, İranın Azərbaycanla bağlı tutduğu mövqenin kökləri 30 il əvvələ, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi dövrə dayanır.
O zaman İran Ermənistanın işğalçı siyasətini dəstəkləyib və Yaxın Şərqdə özünü “müsəlmanların müdafiəçisi” kimi təqdim edən ölkənin saxtakarlığı üzə çıxıb. İranın Ermənistana dəstəyi onun regional maraqlarının dini dəyərlərdən üstün olduğunu göstərir.
SEPAH-ın Azərbaycana qarşı səsləndirdiyi təhdidlər həm regional sabitliyə, həm də iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir. İranın yeni hökuməti, şübhəsiz ki, SEPAH-ın bu təxribat xarakterli fəaliyyətlərindən xəbərdardır və bu vəziyyəti nəzarətdə saxlamağa çalışmalıdır.
Bu cür məsuliyyətsiz bəyanatlar İran-Azərbaycan əlaqələrinə zərbə vurmağa yönəlib və onsuz da beynəlxalq arenada təcrid olunmuş İranın qonşuları ilə münasibətlərini daha da pozmaq məqsədi daşıyır.
İranın daxili və xarici siyasətində şəxsi maraqlarının dini dəyərlərdən üstün tutulması isə bu ölkənin Yaxın Şərqdə oynadığı rolu bir daha şübhə altına alır.
Tarixən olduğu kimi, bu gün də İranın geosiyasi məqsədləri din adı altında ört-basdır edilir, lakin əsl məqsəd fərqli maraqların həyata keçirilməsidir.
Modern Təhlil və Araşdırma Qrupu