Hər ölkədə elə güc, fikir, rəy mərkəzləri var ki, dünyada, regionda nə baş verir, versin, qafaya qoyduqları, prioritet elan etdikləri düşüncədən geri durmur. Öz leytmotiv xətlərindən sapmırlar.
Belə mərkəzlər qeyri-hökumət sektorunda olanda, bəlkə də qonşu ölkələr və ətraf dünya üçün o qədər zərərli ola bilmirlər, amma hakimiyyət qollarının birində təmsil olunduqları zaman təhlükəli olur, öz dövləti üçün də tünd sirkəyə çevrilirlər.
İranda fəaliyyət göstərən İslam İnqilabının Keşikçiləri Korpusu, farsca abbreviaturası ilə desək, SEPAH belə bir mərkəzdir.
Adından da göründüyü kimi bu hərbi-kəşfiyyat təşkilatı özünü islam inqilabını qorumağa mükəlləf hesab edir və yerdə qalan dövlət orqanlarının fövqündə durmağa, hamıya nəzarət etməyə çalışır. Sırf bu fəaliyyəti üzündən SEPAH-ın xarici ölkələrdə reputasiyası bədnamdır.
Biz isə onu Stalin dövrünün NKVD-si (həm daxili işlər orqanı, həm də dövlət təhlükəsizliyi idarəsi, həm də xarici kəşfiyyat xidməti – üçü birində) ilə müqayisə edə bilərik.
İndi bu qüdrətli təşkilatın rus dilində fəaliyyət göstərən səhifəsində kollaj edilmiş bir şəkil paylaşılıb və bu quraşdırılma rəsm təhdidkar sözlərlə müşayiət olunur: “Əgər bu, isbat olunsa, sizin üçün çox ağır cavabı olacaq”.
Kombinə edilmiş şəkildə dağ başında partlayan helikopter və bir təpə başında yanaşı dayanıb binoklla baxan İsrail və Azərbaycan əsgəri görünür. İsrail hərbçisinin böyründə radiosiqnallar ötürən cihazlar da görünür.
Yalın baxışlarla baxanda belə şəkildən çıxan anlam odur ki, may ayının 19-da Şərqi Azərbaycan vilayətində dağa çırpılaraq qəzaya uğrayan və İran prezidentinin, eləcə də onu müşayiət edənlərin həlak olmasına səbəb verən qəza təbii qəza deyil, süni şəkildə, qəsdlə törədilib və günahkar da şəkildə görünənlərdir.
Belə bir iddia qəzadan az sonra yayılmışdı, amma həm İranın özü, həm də kosmosdan regionu “görən” superdövlətlər tərəfindən təkzib olundu. Qəzaya uğrayan helikopterin qalıqlarının üzərində hər hansı bir güllə izi, partladıcı maddə qalıntısı aşkarlanmadı və İran hökuməti helikopterin əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğradığını bildirdi.
Gerçəkdən də qəza baş verən zaman həmin bölgədə hava o qədər yağmurlu və dumanlı olmuşdu ki, hətta qəza yerini də asanlıqla tapmaq mümkün olmamışdı, bu, 20 saata yaxın vaxt aparmışdı.
Üstəlik, prezidentin, xarici işlər nazirinin, vilayət qubernatorunun və Təbrizin baş ruhanisinin mindiyi helikopterin islam inqilabıdan əvvəl, şah dövründə alındığı məlum olmuşdu.
Bu da o demək idi ki, həmin helikopter artıq istismara yararlılıq müddətnin son dönəmlərində olub və bu işlədilməyə davam edəcəyi halda yaxın 1-2 ildə, hətta yaxşı hava şəraitində də qəzaya uğrayacaqmış. İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif, əslində, qəzaya səbəb olan durumla bağlı hədəfi düzgün göstərmişdi, demişdi, ABŞ İranın hava nəqliyyatı parkının yenilənməsinə, ehtiyat hissələr alınmasına mane olmasa, bu qəza baş verməzdi.
Ancaq bütün bunlar SEPAH üçün tutarlı arqument deyil, təşkilat qafaya qoyub ki, İsrail və Azərbaycan müttəfiqdirlər və hadisə Azərbaycanla sərhəddən 100 kilometr aralıda baş verib.
Hiss olunur ki, SEPAH-ın ağlı ötən illərə gedir, Qəzza sektorunda müharibə başlayandan sonra İsrail və Azərbaycan arasında müəyyən məsafə əmələ gəlib, çünki Azərbaycan Qəzzaya hücumun dayandırlmasını istəyən ölkələrin sırasındadır, bu isə İsrailin xoşuna gəlmir.
Görünür, İranın ən qüdrətli güc və fikir mərkəzi baş vermiş qəzaya görə “hərbi baxımdan qüdrətli İran” obrazının dünya birliyinin gözündə sarsılacağından ehtiyat edir və suçu başqalarının üstünə ataraq vəziyyətdən çıxmağa çalışır. Belə bir iddia həm İranı “zərərçəkən” edir, həm “terrora məruz qalan tərəf” durumuna salır, həm də sonrakı aqressiv hərəkətlərinə kart-blanş verir.
Kollajı müşayiət edən təhdidkar cümlədə yer alan “isbat olunsa” ifadəsi isə göstərir ki, SEPAH irəli sürdüyü iddiadan əmin deyil.
Doğrudan da ortada heç bir dəlil-sübut olmayandan sonra bu hadisənin qəza yox, qəsd nəticəsi olması necə sübut olunacaq?
Çin filosofu Konfutsiyə aid olan məşhur bir ifadə var, deyir: “Qaranlıq otaqda qara pişiyi tutmaq çox çətindir, xüsusilə də pişik otaqda olmayanda”.
Onun sözü olmasın, helikopterin dağda qəzaya uğramasının sui-qəsd nəticəsi olmasını sübut etmək də çox çətindir, xüsusilə də helikopter dumanlı havada dağa özü çırpılıbsa.
Araz Altaylı, Musavat.com