2024-cü ilin avqustunda ABŞ-ın xarici ticarət kəsiri iyul ayı ilə müqayisədə 10,8 faiz azalaraq 70,4 milyard dollar təşkil edib.
Musavat.com ölkənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, yenilənmiş məlumatlara əsasən, iyulda mənfi ticarət saldosu əvvəllər elan olunduğu kimi 78,8 milyard dollar deyil, 78,9 milyard dollar təşkil edib.
Trading Economics analitikləri orta hesabla əvvəl elan edilmiş iyul səviyyəsindən 70,6 milyard dollara qədər azalma gözləyirdilər.
Avqustda ixracın həcmi 5,3 milyard dollar (2 faiz) artaraq, xaricə telekommunikasiya avadanlığı, mülki təyyarə və minik avtomobillərinin tədarükü də daxil olmaqla rekord həddə çatıb. Malların ixracı 4,4 milyard dollar (179,4 milyard dollar), xidmətlərin ixracı 0,9 milyard dollar (92,3 milyard dollar) artıb.
İdxal 3,2 milyard dollar (0,9 faiz) azalaraq 342,2 milyard dollar təşkil edib ki, bu da neft və avtomobil alışlarının azalması ilə əlaqədar olub.
Ötən ay mal ticarətində kəsir 8,4 milyard dollar azalaraq 94,9 milyard dollar, xidmətlər sektorunda isə 0,1 milyard dollar artaraq 24,4 milyard dollar olub.
Çinlə ticarət kəsiri 2,6 milyard dollar azalaraq 24,7 milyard dollara, Kanada ilə isə 3,8 milyard dollar azalaraq 3,9 milyard dollara düşüb.
Yanvar-avqust aylarında ABŞ-ın xarici ticarət kəsirinin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz (47,1 milyard dollar) artıb. Eyni zamanda, ixrac 3,9 faiz, idxal 4,9 faiz artıb.
Musavat.com