Sentyabr “Qalstanyan ayı” olacaqmı?..

Buna “yox” deyənlər də var, “hə” deyənlər də. Lap əvvəlcə başlayaq erməni keşişinin növbəti siyasi həmləsinə inamsız yanaşan siyasi təhlilçilərin mülahizələrindən.

Onların əsas arqumenti budur ki, bir-iki ay bundan əvvəl Qalstanyan tamam fiaskoya uğradı, o, Paşinyan hakimiyyətinə qarşı nəinki təhlükə törədə bilmədi, hətta ciddi həyəcan yaşatmağı belə bacarmadı - Ermənistan hakimiyyəti onun etirazlarına heç cür maneçilik törətmədi, hər şey tamam əlverişli şəraitdə keçdi keşiş üçün, amma bir daha deyirik ki, Baqrat min cür hoqqadan çıxsa da, gündə bir tələb, bir şüar irəli sürsə də, az qala, ölkəni qarış-qarış gəzsə də, ətrafına kifayət qədər adam toplaya bilmədi və axırda da payıza qədər siyasi “taym-aut” götürmək məcburiyyətində qaldı.

Daha bir arqument budur ki, Qalstanyan amerikalıların bu yaxınlarda keçirdiyi sorğularda cəmi 1.5 faiz dəstək almışdı. Bu, ciddi bir siyasi etiraz yaratmaq üçün olduqca az göstəricidir. Amma burada bir məqam da var.

Dörd-beş ay bundan əvvəl Baqratı Ermənistanda heç on adam tanımırdı. İndi isə o, siyasət adamı üçün zəruri mərhələni adlayıb - özünü ictimailəşdirə bilib, artıq Ermənistanda hamı onu tanıyır, hətta kiçik bir qism ona dəstək də verir.

Elə bu səbəbdən Qalstanyan növbəti seçkilərdə deputatlığa iddia edə bilər. Amma öz tərəfimizdən də qeyd edirik ki, çətin o, bundan uzağa gedə bilsin...

O ki qaldı Baqratın nəsə edə biləcəyini hələ də istisna etməyənlərin arqumentlərinə, onlar belə hesab edir ki, Paşinyan özü də maraqlıdır ki, bu etirazlar davam etsin, çünki bu halda o, Azərbaycan, hətta Qərb qarşısında arqument qazanır: yəni deyir ki, baxın, mənə qarşı ölkədə çox ciddi müqavimət var...

Prinsipcə, biz bunu inkar etmirik, ola bilər. Amma bu, o halda mümkün ola bilər ki, Paşinyan Baqratın onun ciddi bir təhlükə olmadığına əmin olsun, əks təqdirdə, çox gülməli olardı: Nikol öz əli ilə özünə qəbir qazası deyil ki...

Qərəz, mübahisəli mülahizələr bunlardır. Belədə isə böyük əksəriyyət düşünür ki, Baqrat payızda nəsə etməyə çalışacaq, amma heç nəyə nail ola bilməyəcəkdir.

Bəs belə olan təqdirdə, Paşinyanın hər vəchlə vaxt uzatmaqda məqsədi nədir? Axı o, indi də sülh sazişinin 2027-ci ildən tez imzalanmayacağını deyir!

Düzdür, ötən həftənin sonlarında o bildirdi ki, Azərbaycan prezidenti ilə sərhəddə ikitərəfli görüş keçirməyə hazırdır. Üstəlik, belə məlum oldu ki, tərəflərin sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı komissiyaları birgə əsasnamə qəbul ediblər. Ən əsası isə Paşinyan bəyan etdi ki, sülh sazişinin əksər maddələri razılaşdırılıb. Ona görə də bir daha sual olunur: Bəs onda problem nədədir? Niyə sülh prosesi belə ləng gedir? Niyə saziş imzalanmır?

Bunun birinci izahı budur ki, Ermənistanda sülh sazişinə qarşı ciddi və fəal etirazlar olmasa da, hiss olunacaq dəstək də yoxdur.

Burada yenə də amerikalıların keçirdiyi sorğulara qayıtmaq istərdik: cəmi 3 faiz konstitusiyanın dəyişməsinə dəstək vermişdi! Bəli, insanlar küçələrə çıxmasalar da öz etirazlarını 2026-cı ildə keçiriləcək parlament seçkilərində bildirə bilərlər. Güman ki, Paşinyan da ən çox bundan ehtiyat edir. Həm də bu adam birmənalı şəkildə sülh tərəfdarı deyil və biz bunu dəfələrlə yazmışıq - bu, həmin Paşinyandır ki, bir neçə il bundan əvvəl “Qarabağ Ermənistandır. Nöqtə!” deyirdi. İndi də Qərbin Ermənistana dəstəyi fonunda bunun ayaqları bir az da yer alıb...

Bəs Qərbin dəstəyi necə, ciddidirmi, ən əsası da hər şeyi geriyə qaytara bilərmi? Düşünmürük. Bəli, bugünlərdə NATO Baş katibinin adından da Ermənistana dəstək yazısı yayıldı. Amma Y.Stoltenberq öz postunu bu yaxınlarda tərk etməlidir və odur ki, onun çağırışlarının elə bir ciddi siyasi yükü yoxdur.

Əlbəttə, Qərb Ermənistanda nəsə etməyə çalışır. Amma ola bilməz ki, onlar başa düşməsinlər ki, Ermənistan Rusiyadan qopmaq üçün digər region dövlətləri ilə münasibətlərini normallaşdırmalıdır. Ona görə də N.Paşinyanın revanşist xəyallarının (əgər onun beynindən belə fikirlər keçirsə!) heç bir əsası yoxdur - köhnə səhifə çevrilib, yeni siyasəti yeni səhifədən başlamaq lazımdır..

 

 

 

03.09.2024 09:53
415