2-3 il ərzində Bakı ətrafında olan sənədsiz evlərin əksəriyyətinə çıxarış vermək olar, amma...
Azərbaycanda yenidən sənədsiz evlərin sənədləşməsi məsələsi gündəmə gətirilib. Buna səbəb Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədovun bir neçə gün əvvəl verdiyi açıqlamalardır. Reyestr rəsmisi bildirib ki, Azərbaycanda mövcud olan, xüsusilə sovet ittifaqı dövründə və müstəqilliyin ilk illərində özbaşına inşa edilmiş sənədləşdirilməsi mümkün olmayan evlərin təsnifatlaşdırma və qeydiyyata cəlb olunması istiqamətində normativ hüquqi sənədlər hazırlanır.
E.Məmmədovun sözlərinə görə, Prezidentin ötən il daşınmaz əmlakın elektron reyestr və kadastr informasiya sisteminin yaradılması ilə bağlı fərmanı olub: “Həmin fərmanla yaradılmaqda olan Daşınmaz Əmlakın Elektron Reyestr və Kadastr İnformasiya Sistemi daşınmaz əmlakın reyestri və kadastrı sahəsində bütün növ əməliyyatları elektronlaşdırılmasını nəzərdə tutur. Bundan sonra kağız tələbləri və vətəndaşların qeydiyyat orqanına gəlmə məcburiyyəti ortadan qalxacaq. Dövlət orqanları elektron inteqrasiya qaydasında bir-birindən sənədləri əldə edərək elektron arxivlər vasitəsilə qeydiyyat üçün lazımi sənədləri təmin edəcəklər. Bu istiqamətdə normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı fərmanda tapşırıq qoyulub. Hazırda həmin normativ sənədlərin hazırlanması davam etdirilir. Portal yaradıldıqdan sonra bütün növ sənədlərin elektron qeydiyyatı başlanılacaq”.
Elşad Məmmədov
O qeyd edib ki, burada önəmli yeniliklərdən biri xüsusilə çoxmənzilli yaşayış binalarında mənzil əldə edilməsi ilə bağlıdır: “Bəzi vətəndaşların şikayəti ilə qarşılaşırıq. Bir mənzilin bir neçə şəxsə satılması, ümumi sahənin düzgün hesablanmaması ilə bağlı şikayətlər olur. Vətəndaşların maliyyə borcunu tam ödəməklərinə baxmayaraq müvafiq arayışın əldə edilməsi ilə bağlı çətinliklərlə qarşılaşılmasından narazılıq edilir. Yaradılacaq modulla çoxmənzilli yaşayış binasının tikintisinə icazə alındığı andan etibarən həmin binanın portalda xüsusi bir imitasiyası yaradılacaq, hər bir mənzil ancaq portal vasitəsilə elektron qaydada alqı-satqı oluna biləcək və bir şəxsə satıldıqdan sonra həmin mənzil bloklanaraq onun ikinci, üçüncü şəxslərə satılmasına yol verilməyəcək. Eləcə də mənzilin ümumi sahəsinin qanunvericiliyə uyğun hesablanması, ödənişlərin elektron hökumət portalı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Prezidentin fərmanı ilə bəzi qeyri-yaşayış obyektlərinin istismara icazəsinin sadələşdirilməsi nəzərdə tutulub. Bu istiqamətdə Azərbaycanda yeddi mindən artıq sahibkarın qeyri-yaşayış obyektinin sənədləşdirmə işləri artıq başlanılıb və burada çox ciddi, uğurlu bir təcrübə əldə olunub. Dövlət Xidmətində buradakı təcrübənin yaşayış fonduna tətbiqi istiqamətində işlər aparılır”.
E.Məmmədov MTK-ların bir mənzili bir neçə hissəyə bölüb satmaları məsələsinə də münasibət bildirib: “MTK-lar fiziki olaraq mənzili bölüb, yeni qapı qoyub və ya başq bilər, dəyişikliklər edərək sata bilirdilər. Vətəndalar sənədləşməyə gələndə məlum olurdu ki, əslində layihədə belə bölgü nəzərdə tutulmayıb. Alqı-satqı əməliyyatları tam elektronlaşdıqdan sonra layihədə olmayan hissə artıq portalda mövcud olmayacaq. Yəni əgər rəsmi qaydada layihəyə dəyişiklik edilməyibsə, şəhərsalma qaydalarına uyğun olaraq layihə təsdiqlənməyibsə, MTK özü fiziki vəziyyət yaradaraq alqı-satqı edə bilməyəcək. Bunun üçün portalda mənzilin hər bir imitasiyası olacaq, hər bir otağın, hər bir yaşayış və köməkçi sahənin yerləşmə mövqeyi öz əksini tapacaq və vətəndaş aldığı mənzilin bütün məlumatlarını görə biləcək”.
E.Məmmədov bildirib ki, yeni yaradılan portalda elektron arxiv modulu olacaq: “Hər bir vətəndaş öz şəxsiyyət vəsiqəsinin pin kodunu orada yazdığı zaman ona digər dövlət orqanlarının bu günə qədər verdiyi sənədlərin elektron təsdiqlənmiş surətlərini görəcək. Məsələn, sizə hansısa icra hakimiyyəti tərəfindən bir torpağa aid sərəncam verilibsə, qeydiyyat üçün həmin kağızı fiziki olaraq gətirməyə ehtiyac olmayacaq. Həmin dövlət orqanı ilə elektron inteqrasiya qaydasında vətəndaş sənədi portalda görəcək”(APA).
Qeyd edək ki, bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən qanunsuz evlərin sayının 700 mindən artıq olduğunu bildirmişdi. Onların çoxunun avtomobil, dəmiryol, su, qaz, işıq xətlərinin mühafizə zolaqlarında inşa olunduğu deyilirdi. Bundan əlavə, bir sıra evlər bələdiyyələr tərəfindən dövlət mülkiyyətindəki torpaq sahələrinin qanunsuz satdığı ərazilərdə inşa olunub. Başqa bir qrup evlər sovet dövründən Bakıətrafı kəndlərdə vətəndaşlara ayrılan, lakin müvafiq sənədləşmə aparılmayan ərazilərdə tikilib. Ümumilikdə, ekspertlərin qənaətinə görə, hazırda təkcə Bakı şəhəri və Abşeronda təxminən 600 minə yaxın, regionlarda isə 200 min mənzilin sənədləşdirilməsinə ehtiyac var. Bu hesablamalar əsasən kommunal xidmətlərdə qeydiyyatda olan abunəçi sayı əsasında müəyyənləşdirilir. Belə ki, məsələn, ölkədə elektrik enerjisi ilə təmin olunan əhali abonentlərinin sayının 3 milyona yaxın olduğu bildirilir. Bu, respublikada qanuni sənədlər əsasında tikilməsinə baxmayaraq, mülkiyyət sənədi verilməyən mənzilləri, habelə qanunsuz tikililəri əhatə edir. Qanuni qeydiyyatı olan evlərin sayını bu göstəricidən çıxmaqla, rəsmiləşməsi hələ də aparılmayan ev sayını müəyyən etmək olur.
Təxminən 2019-cu ildən hökumət bu istiqamətdə müəyyən addımlar atır. 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla çoxmənzilli yaşayış binalarının istismara qəbulu prosesi asanlaşdırılıb və onlarda olan bir neçə min mənzil qeydiyyata alınıb. Ondan sonra açıqlanan rəsmi məlumatlarda fərdi evlərin də sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacağı, Əmlak Məsələləri Dövlət Xidmətinin isə qeydiyyatsız evlərin siyahıya salınması haqda təkliflərini ölkə Prezidentinə təqdim edəcəyi, problemin vahid yanaşma əsasında həll olunacağı bildirilsə də, indiyədək konkret addımlar atılmayıb.
2023-cü ildə Azərbaycan hökumətinin qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı amnistiyanı nəzərdə tutan qanun layihəsi hazırladığına dair məlumat yayılıb. “Maliyyə və əmlak amnistiyası haqqında” qanun çərçivəsində digər məsələlərlə yanaşı, vaxtilə qanunsuz tikilən və indiyədək sənədləşdirilməmiş tikililərin taleyinin də həll olunacağı qeyd olunub. Bildirilib ki, qanun çərçivəsində qanunsuz obyektlərin sənədləşdirilməsi ilə bağlı nəzərdən keçirilən üsullardan biri də həmin obyektlərin kiçik məbləğ - tikilinin qiymətini cüzi hissəsini ödəməklə sənədləşdirilməsidir.
Xatırladaq ki, Azərbaycanda maliyyə və əmlak amnistiyasının hazırlanması barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov 2020-ci ildə məlumat açıqlamışdı. Ötən müddət ərzində müvafiq qanun layihəsinin hazırlanmasına dair bir neçə dəfə məlumat verilib.
Azərbaycan hökuməti sənədsiz evlərin sayının artmasının qarşısını almaq üçün Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə əsasən 2023-cü il oktyabrın 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmur. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilən və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin məcəllənin müvafiq maddəsində nəzərdə tutulan əsas olmadan inşa olunan və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərə qoşulması qadağandır. Yəni qeyri-yaşayış təyinatlı torpaqlarda tikilən fərdi evlərin elektrik, istilik, mavi qaz, su xətlərinə qoşulması mümkün deyil.
İndi yalnız yaşayış təyinatlı torpaqlarda, qanuni əsaslarla tikilən fərdi yaşayış evlərinin elektrik, qaz və su təchizatı şəbəkələrinə qoşulması mümkündür.
Qanunsuz tikilən evə qaz, işıq, su çəkilməsinə görə cəzalar da müəyyənləşdirilib. Azərbaycan Prezidentinin fərmanı ilə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə cəza tədbirləri nəzərdə tutulub. Belə ki, oktyabrın 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması - 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu yeniliyin qanunsuz tikintilərin qarşısını tamamilə alacağı gözlənilən olmasa da, artıq həmin evlərdə məskunlaşmanı xeyli çətinləşdirəcəyi məlumdur.
2023-cü il oktyabrın 1-dək kommunal xidmətlərlə təmin olunmuş yüz minlərlə fərdi evin taleyinin isə yeni yaradılan portalla həll olunması qeyri-mümkündür. Çünki onların hər birinin sənədləşməsi üçün fərqli yanaşmalar tətbiq olunmalıdır. Məsələn, yüksək gərginlik elektrik xətlərinin mühafizə zonasında inşa olunan minlərlə evin problemini həll etmək üçün həmin xəttin kabelləşdirilməsi yetərlidir. Çünki hava xəttinin mühafizə zonası 15-25 metrdirsə, kabel xəttində bu, 2 metrə bərabərdir. Bir çox ərazilərdə elektrik xətlərinin yerini dəyişməklə minlərlə evin sənədləşməsi üçün qanuni şərtləri təmin etmək mümkündür. Eyni addımı su, qaz xətləri ilə bağlı da atmaq mümkündür. Hökumət problemin həllində maraqlı olarsa, hansı halda xətlərin, hansı halda evlərin köçürülməsinin optimal həll yolu olduğunu qısa müddətdə müəyyənləşdirmək mümkündür.
Aydın məsələdir ki, işğaldan azad olunmuş ərazilərin bərpası kimi ağır maliyyə yükü olan dövlətin yüz minlərlə evi kompensasiya müqabilində mühafizə zonalarından kənara köçürməsi yaxın 20 ildə belə mümkün olmayacaq. Buna görə də hökumətin diqqəti evlərin köçürülməsindən yüz dəfələrlə aşağı başa gələcək kommunikasiya xətlərinin köçürülməsinə cəmləşdirməsi vacibdir. Bu olarsa, 2-3 il ərzində xüsusilə Bakı ətrafında sənədsiz olan evlərin əksəriyyətinin sənədləşməsinə nail olmaq mümkündür. Hətta hökumət həmin evlərin sənədləşməsi üçün xüsusi rüsum müəyyənləşdirməklə, kommunikasiya xətlərinin yerini dəyişmək üçün zəruri olan vəsaitin mühüm hissəsini də toplaya bilər. Yetər ki, real iş görmək istəyi olsun...
Dünya SAKİT,
“Yeni Müsavat”