Şəmkir rayonunda 1960-cı il təvəllüdlü İlqar yetkinlik yaşına çatmayan həmyerlisi Ləmana (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.
Hadisə ötən il noyabrın 30-da saat 14 radələrində Şəmkir rayonunun kəndində baş verib.
İlqar kənddə yerləşən orta məktəbdə cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə həmin məktəbin 4-cü sinif şagirdi, 2014-cü il təvəllüdlü Ləmanla təmasda olub, ona sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirib. Sonra qıza qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törədib.
İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.
“Azyaşlını tanıyıram”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, azyaşlı Ləmanı tanıyır, onun valideyinləri ilə münasibətləri yaxşı olub, aralarında heç bir narazılıqları və ədavət yoxdur: “Ləmanın ailəsinin evində pəncərə şüşələrini dəyişirdim.
Həmin gün saat 10 radələrində Şəmkir rayonunun kəndində həmkəndlim Elşənə məxsus çay evində Elçin müəllimlə görüşdüm. Elçin müəllim mənə orta məktəbin idman zalının pəncərə şüşəsinin sındığını dedi, gəlib pəncərəni təmir etməyimi xahiş etdi. Mən də razılaşdım və Elçin müəllim getdi”.
“Nəvəm kimi öpdüm”
İlqarın sözlərinə görə, həmin gün səhəri saat 13 radələrində evdən şüşələri götürüb və orta məktəbə getmək üçün evdən çıxıb: “Kənddən keçən dəmiryoluna çatdım və bu zaman Lətifənin azyaşlı qızı Ləmanı gördüm. Ondan məktəbəmi getdiyini soruşdum. Təsdiq cavabı verəndə mən də məktəbə getdiyimi söylədim, birlikdə məktəbə yollandıq.
Məktəbdə Ləman sinif otağına tərəf getdi, mən isə bir qədər foyedə dayanaraq gözlədim. İdman zalına gedəndə qapını bağlı gördüm və yenidən foyeyə qayıtdım. Bu vaxt Ləman sinif otaqlarının qarşısında idi. Onu idman zalına gedilən yola, yanıma çağırdım. Məktəbin idman zalına gedən koridorunda Ləmanı nəvəm kimi zənn edərək öpdüm.
Birlikdə koridordan çıxdıq və məktəbin foyesinə gəldik. Ləman sinif otağına getdi. Mən qoltuğumda gətirdiyim pəncərə şüşələrini pilləkənin alt hissəsinə qoyaraq məktəbdən çıxdım”.
“Məni tanıdıqlarını dedilər”
Təqsirləndirilən şəxs deyib ki, məktəbdən İslama məxsus çay evinə gedib: “Çay evində bir neçə dəqiqə gözlədim, oradan da çıxaraq kənddə yaşayan qızım Nüşabəgilə getdim.
Nüşabəgildə olan zaman tanımadığım nömrədən mənə zəng gəldi və şüşə salınması üçün kömək lazm olduğunu bildirdi. Məndən harada olduğumu soruşanda ona dəmiryolu yaxınlığına gəlməsini dedim. Qızımgildən çıxdım və onun dediyi yerə getdim.
Zəng vuranı gözləyən zaman göy rəngli avtomobil yanımda saxladı. Həmkəndlim Telman və bacısı Lətifə avtomobildən düşərək məni maşına əyləşdirdilər. Birlikdə İslamınçay evinə getdik. Telman məni özü ilə çay evinin içərisinə apardı. Qolumdan tutaraq çay evində əyləşmiş şəxslərdən məni tanıyıb-tanımaqlarını soruşdu. Orda olanlar məni tanıdıqlarını dedilər”.
“Əxlaqsız niyyətim olmayıb”
İlqar qeyd edib ki, Telman onu çiyin nahiyəsindən vurub, əlləri ilə yaxasaından tutaraq təhqir edib: “Azyaşlı uşağa tamah saldığımı bildirdi və məni vuraraq yerə yıxdı. Oradakılar bizi aralaşdırdılar.
Mən Ləmanı nəvəm kimi opmüşəm. Uşaq məni səhv başa düşüb. Onu öpməkdə hər hansı əxlaqsız niyyətim olmayıb. Həmçinin qızın sinə nahiyəsindən çimdikləməmişdir. Bununla belə, onu öpdüyümə görə əməlimdən peşmanam.
Zərərçəkmiş Ləmanın qanuni nümayəndəsi olan anası Lətifə ilə barışıq əldə etmişəm. Özüm sol ağ ciyərin yuxarı payının fibroz-kaveroz vərəmi iltihabı mərhələsində, ağ ciyər qanaxması, tənəffus çatışmazlığı 2-ci dərəcə xroniki diffuz bironxit xəstəliyindən əziyyət çəkirəm”.
“Sinəmdən çimdik qopardı”
İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, noyabrən 30-da günorta evdən çıxaraq məktəbə gedib: "Yolda gördüm ki, “Dovşan” kimi tanıdığım həmkəndlimiz İlqar məni gözləyir. Yanından keçəndə yaxınlaşaraq dayanmağımı istədi, dedi ki, məktəbə birlikdə gedək. O, çiynimdən tutdu, birlikdə məktəbə yollandıq.
Sinifə keçərək çantamı sinifə qoydum. İlqar məni çölə çağırdı, dəhlizə çıxdım. Birlikdə akt zalına getməyi söylədi. Biz akt zalına getdik. Heç kimin olmadığı yerə çatdıq. İlqar dodağımdan öpdü və sinəmdən çimdik qopardı. İlqara etiraz etdim”.
“Ağlayaraq hadisə barədə məlumat verdim”
Zərərçəkmiş qeyd edib ki, İlqar gözətçidən idman zalının açarının yerini soruşub: “O, açarın yerini bilmədiyimi bildirdi. Mən isə məktəbin arxa tərəfindən qaçdım. İlqar arxamca bir az gəldi. Sonra dayanaraq arxamca baxdı.
Mən kənddə yaşayan nənəm Səlimənin evinə getdim. Nənəm evində əvvəlcə dayım arvadı İradəyə, ardınca anam Lətifəyə ağlayaraq hadisə barədə məlumat verdim.
Anamla mərkəzi küçə ilə məktəbə tərəf gedən zaman dayım Telmanı çayxanada gördüm. Anam dayımı yanına çağırdı və hadisə barədə ona danışdı”.
“İlqar dəfələrlə evimizdə olub”
İş üzrə zərərçəkmiş Ləmanın anası Lətifənin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır: “Qızım Ləman 2014-cü il təvəllüdlüdür, 4-cü sinif şagirdidir. Barəsində şikayət etdiyim İlqarı tanıyıram. Dəfələrlə gələrək evimizin pənəcərlərinin şüşələrini dəyişib.
Məlum hadisə günü günorta radələrində qızım Ləmanı evdən məktəbə yola saldım. Təxminən yarım saat sonra evdə olan zaman qardaşım arvadı İradə zəng edərək şüşəkəsən kişinin Ləmana qarşı əxlaqsız hərəkət etdiyini dedi, təcili onlara getməyimi istədi.
Dərhal qardaşım Telamanın evinə getdim. Telmanın evində qızım ağlayaraq “Dovşan” kimi tanıdığı yaşlı kişinin dodağından öpdüyünü, çimdik qopardığını bildirdi”.
“Məktəbdə axtarmağa başladıq”
Lətifə bildirib ki, qızı ilə məktəbə tərəf gedəndə yolda qardaşı Telmana zəng edib: “Telman yanıma gəldi, hadisəni ona danışdım. Birlikdə məktəbə getdik. Məktəbdə İlqarı tapmadıq. Qardaşım mənə məktəbin yanında gözləməyi tapşırdı. Özü isə avtomobili evdən gətirdi. Bizi məktəbin yanından götürüb İlqarın evinə getdik.
İlqarın arvadı onun evdə olmadığını dedi. Ondan İlqarın mobil telefon nömrəsini aldıq. Zəng edəndə İlqar işinin olduğunu, 1 saata gələcəyini bildirdi. Telefonda qardaşımın kim olduğunu soruşdu. Qardaşım özünü kənddə yaşayan Əlinin oğlu kimi təqdim etdi.
İlqar telefonda Telmana dəmir yolunun yaxınlığına gəlməsini, oradan onu götürməsini bildirdi. Telmanla deyilən yerə getdik. İlqar bizə uşağa heç nə etmədiyini, uşağın onu şərlədiyini dedi”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə İlqar 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com