Şəkidən gəlib Bakıda anası ilə yaşayan kişini öldürdü -Qətlin təfərrüatı

Qətl hadisəsi törətməkdə təqsirli bilinən Şəki şəhər sakinləri Ramin Şamilov və Allahverdi İsmayılov Ali Məhkəməyə mraciət ediblər.

"Ölkə.Az" xəbər verir ki, onların şikayətinə hakim Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası noyabrın 22-nə təyin olunub.

Qeyd edək ki, hadisə Binəqədi rayonunda baş verib. Rayonun Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Abbasovun meyiti tapılıb.

Araşdırma zamanı həmin şəxsin bədənində müxtəlif xəsarətlər aşkar olunub. Həmçinin kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, Elşən Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb.

Aparılan araşdırmalar zamanı noyabrın 10-da 40-cı polis bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar.

İş üzrə dindirilən Allahverdi İsmayılov Şəki rayonunun Kiçik Dəhnə kəndində atası ilə yaşadığını, valideynlərinin 2009-cu ildə ayrıldıqlarını və anasının Bakıda Sulutəpə qəsəbəsində fərdi yaşayış evində tək yaşadığını bildirib. Təxminən 1 il olar ki, anası Elşən adlı şəxslə qeyri-rəsmi yaşamağa başlayıb. 2-3 aydan bir gəlib anasına baş çəkib. Bacısı Xəyalə Ramin Şamilovla ailə həyatı qurub və onlar Bakıda Türkan qəsəbəsində yaşayıblar. Noyabrın 7-də Şəkidə olan vaxtı Elşən zəng edib deyib ki, Sulutəpədə onu biabır edəcək. Elşən hər dəfə spirtli içki içəndə ona zəng edib ünvanına təhqiramiz sözlər işlədib. Axırıncı dəfə bacısının uşağına qarşı pis hərəkət edəcəyini söylədiyi üçün Elşənə gəlib onunla görüşəcəyini bildirib. Ayın 8-də bacısının yaşadığı Türkan qəsəbəsinə gəlib. Orada olanda anası bacısına zəng edib və Elşənin yenidən gəlib onu söydüyünü deyib. Özü anası ilə danışanda qadın Elşənin onu dəfələrlə döydüyünü deyib. Buna görə ona Raminlə gəlib Elşəni qorxudacaqlarını bildirib.

Allahverdi İsmayılov ifadəsinin davamında bildirib ki, ayın 9-u gecə saat 3 radələrində Raminlə Abbasovla söhbət etmək üçün anasının evinə yolanıb. Məqsədləri söhbət edib onu başa salmaq olub, qətiyyən öldürmək olmayıb. Allahverdi evə girib yataqda yatan Elşənin ayağına təpik vurub qalxmasını tələb edib.

“Girdim içəri, anam oturmuşdu, çay içirdi, Elşən də divanda uzanıb yatmışdı. Ayağına təpik vurub dedim, dur ayağa. Dedim, sən idin mənim bacımın adına ləkə gətirən? Sən idin, mənim bacımın uşağını oğurlatdıran? Məni görən kimi əl-ayaqa düşdü. Bir dənə vurdum yumruqla sifətinə. Başladıq əlbəyaxa olmağa. Məni itələdi, dəydim stola. Bu vaxtı yeznəm girdi içəri. Elşən mənim üstümə gələn kimi Ramin tutdu onu, dedi, səni öldürməyə gəlməmişik patlarını geyin çıxaq çölə sənə sözümüz var”.

Elşən evdən çıxıb çölə qaçıb. Evin girişindən təxminən 5-6 metr kənarda Allahverdi Elşəni tutub saxlayıb. Ramin onları aralamağa çalışıb. Əlindən çıxıb yenidən qaçdıqda Abbasov küçənin tinində yerə yıxılıb. Allahverdi çatıb üzünə və sinəsinə yumruqla vuranda anası qışqıraraq onu öldürməməsini deyib. Oradan Elşən bir az da irəli qaçıb. Bu dəfə ayağı qaz borusuna ilişib. Yerdən daş parçalarını götürüb Elşənin başına endirib. Ramin yanına çatıb artıq öldüyünü və daha vurmamasını deyib. Mişar daşını götürüb Elşənin ayaqlarının üstünə ataraq hər ikisini sındırıb. Yerdən tapdığı qara rəngli kəməri boğazına keçirib və ayağı ilə boyun hissəsindən basıb xırıltısı kəsilənə kimi onu boğub.

Hadisədən sonra Allahverdi Raminlə evə qayıdaraq anasına Elşəni öldürdüyünü deyib, sonra birlikdə evdən çıxıb bir az piyada gediblər. Məktəbin yanında polis əməkdaşları yaxınlaşıb hara getdiklərini soruşublar. Şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra onları buraxıblar. Sulutəpə qəsəbəsinin girişində taksiyə minib Türkan qəsəbəsinə gəliblər. Raminin köynəyi qana batdığına görə bacısı qorxub. O, bacısına Elşəni öldürdüyünü, narahat olmamasını və hər şeyi öz boynuna götürəcəyini deyib. Saat 6 radələrində dənizkənarı parka gedib. Təxminən 2 saatdan sonra bacısı zəng edərək polislərin onu axtardığını deyib. Allahverdi oradan 40-cı polis bölməsinə gələrək təslim olub.

Məhkəmə iclasında Allahverdi İsmayılov ittiham üzrə özünü qismən təqsirli bilib. Ramin Şamilov özünü təqsirli hesab etməyib.

Sonda məhkəmənin hökmü ilə CM-nin 120.1(qəsdən adam öldürmə) və 120.2.4(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinərək Allahverdi İsmayılov 18, Ramin Şamilov isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

18.09.2023 19:57
1347