“Fikrimcə, erkən nikahla bağlı məsələlər daim gündəmdə qalmalıdır. Çünki aparılan bütün hüquqi, maarifləndirici tədbirlərə baxmayaraq, çox təəssüf ki, günümüzdə yenə bu hallarla qarşılaşırıq. Bu baxımdan məsələnin köklü surətdə həlli üçün daha ciddi addımların atılmasına ehtiyac var”.
Bunu Musavat.com-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.
Qeyd edək ki, deputat bu barədə Milli Məclisin son iclasındakı çıxışı zamanı da bildirmişdi.
V.İskəndərov qeyd edib ki, il ərzində dünyada 10 milyondan çox erkən nikah qeydə alınır.
Deputat deyib ki, Azərbaycanda nikahla bağlı 18 yaşla əlaqədar istisna məsələsi gələcəkdə aradan qaldırılmalıdır:
“18 yaşdan erkən nişanlanmanın qarşısının alınmasının da qanunda nəzərdə tutulmasını təklif edirəm. Biz bununla erkən nikahların qarşısını da almış olacağıq”.
Vüqar İskəndərov bu mövzuya önəm verməsinin səbəbini belə izah edib:
“Təsəvvür edin ki, il ərzində dünyada 10 milyondan çox erkən nikah qeydə alınır. Bu problem Azərbaycandan da yan keçmir. Hətta bir neçə il əvvəl seçildiyim Şəki şəhəri erkən nikah sayında ilk sıralarda dururdu. Bu baxımdan Azərbaycanda nikahla əlaqədar 18 yaşla bağlı istisna məsələsi gələcəkdə aradan qaldırılmalıdır. 18 yaşdan erkən nişanlanmanın qarşısının alınmasının da qanunda nəzərdə tutulmasını təklif edirəm. Biz bununla erkən nikahların qarşısını da almış olacağıq. Çox müsbət bir haldır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın bildirdiyinə görə, hazırda bu məsələ ilə bağlı işlər gedir. Ümid edirəm ki, el arasında nişanlanma dediyimiz məfhumun da 18 yaşdan aşağı vətəndaşlar üçün tətbiq olunmasının qadağan edilməsi qanunda öz əksini tapar”.
E.Paşasoy,
Musavat.com