2024-cü ildə dünya ölkələri arasında milyonçu axınına görə liderlər Çin və Böyük Britaniya olacaq. Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” dünyanın ən zəngin insanlarının miqrasiya niyyətləri haqqında hesabata (Henley Private Wealth Migration Report) istinadən məlumat yayıb.
Araşdırmaya görə, bu il Çini 15,2 min milyonçu tərk edəcək. Eyni zamanda Böyük Britaniya 9,5 min - keçən illə müqayisədə iki dəfə çox milyonçu itirəcək. Henley-nin şəxsi müştərilər qrupunun rəhbəri Dominic Volek bildirir ki, geosiyasi və iqtisadi qeyri-müəyyənlik dövründə varlı insanlar “ayaqları ilə səs verirlər”.
Araşdırmada qeyd olunur ki, 2024-cü ildə Rusiyanı yalnız 1000 milyonçu tərk edəcək. Bu rəqəm ötən ilkindən iki dəfə, 2022-ci ilin nəticələrindən isə 8,5 dəfə azdır.
Milyonerlərin Böyük Britaniyadan getməsi qarşıdan gələn seçkilərlə əlaqələndirilir və burada varlılara daha yüksək vergi tətbiq edilməsini müdafiə edən Leyboristlər Partiyasının qalib gələcəyi gözlənilir. Ümumilikdə 2017-ci ildən 2023-cü ilə qədər krallıqda miqrasiya səbəbindən 16,5 min nəfər az milyonçu olub.
Zəngin insanlar daha çox Birləşmiş Ərəb Əmirliklərinə köçməyə üstünlük verirlər - 6,7 min insan ora getməyi planlaşdırır. İkinci ən populyar istiqamət ABŞ (3,8 min) olub, 3,5 min milyonçu Sinqapura gedəcək.
Əvvəllər məlum olmuşdu ki, 2023-cü ildə bütün dünyada dollar milyonçuları daha da varlanıblar. Capgemini-nin illik Dünya Sərvət Hesabatına görə, onların ümumi sərvəti 4,7 faiz artıb. Beləliklə, onların məcmu kapitalı 2022-ci ilin sonunda 3,6 faiz azalmanı bərpa edərək, rekord həddə - 86,79 trilyon dollara çatıb.
Musavat.com