Müharibə dövründə fəaliyyət göstərən Dövlət Müdafiə Komitəsi dörd il ərzində 9971 qərar qəbul edib. Stalinin sədrliyi ilə komitədə keçirilən bütün iclaslarda gərginlik müşahidə olunub.
1943-cü ilin aprelin 9-da isə komitədə cəbhələrdə xidmət edən 6 generalın rütbədən məhrum edilməsi müzakirəyə çıxarılıb. Marşal Georgi Jukovun Ukrayna və Belarusiya cəbhələrindəki əməliyyat şəraiti haqqında məruzəsindən sonra Stalin kəskin şəkildə narazılığını bildirib, həmin istiqamətdə xidmət edən generalların siyahısını tələb edib. Siyahı Stalinə təqdim ediləndən sonra Ali Baş Komandan 6 generalın adını çəkərək onların ünvanına sərt ifadələr işlədib:
- Mən bu generalları yaxşı tanıyıram və belə anlayıram ki, onlar cəbhə bölgələrində komandanlıq etmək iqtidarında deyillər.
Görünür, biz onlara ali hərbi rütbələr verməkdə tələskənliyə yol vermişik. General rütbələri onların çiyninə ağırlıq edir. Biz bu gün onların rütbədən məhrum edilməsi məsələsini də müzakirə etməliyik.
Jukov generalları müdafiə etmək üçün müzakirələri “yumşaltmağa” cəhd etsə də, marşalın bu cəhdi nəticəsiz qalıb. Fasilədən sonra Stalin generalların rütbəsinin aşağı salınması məsələsinə yenidən qayıdıb. Bu dəfə müzakirəyə marşal Aleksandr Vasilevski müdaxilə edib:
- Yoldaş Stalin, icazə versəydiniz fikrimi bildirərdim.
- Buyurun, siz də bu yarıtmazları müdafiə etmək fikrindəsiniz?
Marşal Vasilevski xəritənin qarşısına keçib:
- Yoldaş Stalin, əslində vəziyyət o qədər də kritik deyil. Bütövlükdə götürsək, həmin cəbhələrdə üstünlük sovet qoşunlarındadır. Mövcud nöqsanlar isə qısa müddət ərzində aradan qaldırılacaq. Diqqətinizə onu da çatdırmaq istəyirəm ki, birləşmiş partizan dəstələri adları çəkilən generalların rəhbərlik etdikləri hərbi birləşmələrlə birlikdə “Səhra reydi” adı altında Belarusiya və Ukrayna cəbhələrində düşmənin arxasına keçərək 2379 kilometrlik məsafədə 300-dən artıq əməliyyat keçiriblər. Bu əməliyyatlar nəticəsində almanların qarnizonları, düşərgələri, sursat və əşya anbarları, körpülər dağıdılıb. Bu əməliyyat zamanı partizan dəstəsinin rəhbəri kapitan Mixail Naumov əsl peşəkarlıq nümayiş etdirib.
Vasilevskinin məruzəsindən sonra Stalin bir neçə dəqiqə var-gəl edib:
- Bir kapitan və altı general...
Sonra o, üzünü iclasın katibinə tutub:
- Protokolda qeyd edin ki, birləşmiş partizan dəstəsinin başçısı general-mayor Mixail Naumova Dövlət Müdafiə Komitəsinin təşəkkürü elan edilsin.
Marşal Vasilevski Stalinin diktəsinə düzəliş etmək istəyib:
- Naumovun rütbəsi kapitandır.
- Yoldaş Vasilevski, kimin hansı rütbədə olduğunu mən yaxşı bilirəm. Bu gündən Naumov generaldır. 6 generalın çulunu sudan çıxaran kapitan ola bilməz.
Həmin gün kapitan Naumova general-mayor rütbəsi və Sovet İttifaqı qəhrəmanı adı verilib. Generalların rütbələrinin aşağı salınması isə uğurlu “Səhra reydi”nə görə müzakirədən çıxarılıb.
Qeyd edək ki, 1908-ci ildə Permdə anadan olan Naumov ilk əmək fəaliyyətinə çilingər köməkçisi kimi başlayıb. O, Qomel şəhərində Hərbi Kimya Məktəbində və Moskvada Ali Sərhədçilər Məktəbində təhsil alıb.
Müharibə başlayanda 94-cü sərhəd dəstəsində xidmət edən Mixail Naumov partizan dəstələrinin yaradılması işinə qoşulub. Kurskda, Poltavada, Vinnitsada, Odessada, Jitomirdə, Kiyevdə keçirdiyi uğurlu əməliyyatlarla düşmən qüvvələrinə yetərincə böyük zərbələr endirib.
Müharibədən sonrakı dövrdə Mixail Naumov xidmətini daxili işlər orqanlarında davam etdirib. Bir müddət Çernovtsıda və Leninqradda daxili işlər idarələrinin rəisi vəzifəsində xidmət etdikdən sonra 1953-cü ildə Ukrayna daxili işlər naziri vəzifəsini müvəqqəti icra edib. 1954-cü ildən Ukrayna Daxili İşlər Nazirliyinin daxili qoşunlarının komandanı təyin olunub.
1960-cı ildə xidmətdən tərxis olunan general Naumov Kiyevdə yaşayıb. 4 və 5-ci çağırışlarda Ukrayna Ali Sovetinin deputatı seçilib. Təqaüdə çıxdıqdan sonra Naumovun müharibə xatirələri ilə bağlı bir neçə kitabı işıq üzü görüb. O, Ukrayna Yazıçılar İttifaqının üzvü olub. 1974-cü ildə, 64 yaşında vəfat edən general Kiyevdə hərbi şərəflə dəfn edilib.
İlham Cəmiloğlu,
Musavat.com