Səhiyyə xidmətlərindən uzaq qalan kəndlər: Tibb məntəqələrinin olmasına nə mane olur?

Azərbaycanın bir neçə kəndində tibb məntəqəsi yoxdur. Səhhətində qəfil problem yaranan, qan təzyiqi yüksələn, həşərat sancısından əziyyət çəkən və ya üstünə qaynar su dağılan kənd sakinləri ilkin tibbi yardım almaq üçün ya rayon mərkəzinə, ya da tibb məntəqəsi olan kəndə getməli olurlar. Bu isə həmişə mümkün olmur. Bəzən rayon mərkəzindən 30-50 kilometr uzaqda yaşayan xəstəni başqa yerə aparmaq üçün artıq çox gec olur.

Bəs kəndlərdə tibb məntəqələrinin olmamasının səbəbi nədir?

Ümumiyyətlə, bir kənddə tibb məntəqəsinin yaradılması üçün hansı şərtlər tələb olunur? Məntəqələrin olmaması nədən qaynaqlanır? Neçə kənddə tibb məntəqəsi yoxdur və yeni məntəqələrin açılması nəzərdə tutulurmu?

Bizim.Media bu suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Qurum bildirib ki, tibb məntəqələri müraciətlər əsasında aparılan monitorinqlərin nəticəsinə əsasən yaradılır:

"Səhiyyə Nazirliyinə respublika ərazisində hər hansı bir tibb məntəqəsinin tikintisi və ya əsaslı təmiri ilə bağlı müraciət daxil olduqda, nazirlik prosedurlara uyğun olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərir. Sonra, həmin qurumun mütəxəssisləri ərazidə monitorinq aparırlar.

Monitorinqin nəticəsinə əsasən, müəssisənin inşası və ya əsaslı təmiri məqsədəuyğun hesab edilərsə, bununla bağlı Səhiyyə Nazirliyinə müvafiq rəy təqdim olunur. Göndərilən rəyə əsasən, Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisəsinin İnvestisiya Planına salınması üçün aidiyyəti üzrə müraciət edilir. Maliyyə vəsaiti ayrıldıqda isə müəssisənin inşası və ya əsaslı təmiri həyata keçirilir".

15.08.2024 23:51
541