“Şəhid və qazi ailələri üçün bina tikdi”, 2 milyon 500 min manatı belə ələ keçirdi - “İmam Mehdi”nin ŞOK ƏMƏLLƏRİ

Özünü “12-ci imam Mehdi” kimi təqdim etməklə 2001-ci ildən 2021-ci ilədək zəkat adı ilə 40-a yaxın vətəndaşdan külli miqdarda pul, mülk və digər qiymətli hədiyyələr alan Aqil Babayevin cinayət işi üzrə məhkəmə davam edir.

Musavat.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə proses qapalı keçirilir. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hazırda zərərçəkmişlərin dindirilməsi mərhələsidir.

Zərərçəkənlərin ifadələri olduqca maraqlı məqamlarla yadda qalıb. Məsələn, zərərçəkmiş Fazil İmanquliyev ifadəsində demişdi ki, hərbi xidmətdən gələndən sonra Aqillə məhlədə görüşüb:

“Həmişə dini mövzularda danışırdıq və sual verib cavablar alırdım. Hər gün 12-ci imam və onun tərəfdarları haqqında oxuyurdum. Aqil Babayev bəzi hədislərdən danışaraq mənə işarə verdi ki, 12-ci imam məhz özüdür. Mən onun imamlığını qəbul edib biyət etdim. Biz Aqil Babayevlə demək olar ki, hər gün görüşürdük. O dedi ki, malınızın 2,5 faizini zəkat verməlisən. Zəkatı təxminən 5-6 ay şəxsən özünə təqdim etmişəm, daha sonra onun təyin etdiyi Polad Mustafayevə verdim. Mən şirkətlərin birində işləyirdim, ayda 1620 dollar maaş alırdım. Aqilin yalanını 2021-ci ildə mömin qardaşlardan biri vasitəsilə bilmişəm. Qeyd etdilər ki, Aqil zəkat pullarını mənimsəyib və din pərdəsi altında saxtakarlıq edərək hamımıza yalandan imam olduğunu söyləyib”.

Aqil Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını bildirib. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş Fazil İmanquliyev onunla qonşuluqda yaşayıb: “Onu tanıyıram, oxuduğum məktəbin arxasındakı binada yaşayırdı. Həmin məktəbin həyətində futbol oynayırdıq. Mən heç vaxt onunla 12-ci imamla bağlı söhbətlər etməmişəm. Zəkat da almamışam. Düzdür, ünsiyyət olub, ancaq dini mövzulardan danışmamışıq. Mən onun evində olmamışam”.

Qeyd edək ki, ittihama görə, Aqil Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub. İttihama görə, Aqil Babayev inanclı insanlar arasında özünü zühur etmiş “12-ci imam Mehdi” kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsilə paylanıldığı görüntüsü yaradıb. Hətta Aqil Babayev zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzəranını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb.

Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib. Aqil Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

19.06.2023 14:14
1027