Şəhid Tapdıq Xələfov haqqında sənədli film çəkilir

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirlərində qəhrəmancasına şəhid olan Tapdıq Xələfovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkilir.

Musavat.com xəbər verir ki, filmin çəkilişləri şəhidin boya-başa çatdığı Xaçmazın Qıraqlı kəndində həyata keçirilir.

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin “Şəhid Tapdıq Xələfovun döyüş yolu” layihəsi çərçivəsində ərsəyə gələcək “Qələbəyə gedən yol” adlı 30 dəqiqəlik ekran işi sentyabrda tamaşaçılara təqdim olunacaq. Filmin “ARB”, “ARB Günəş” və “Kanal S” televiziyalarında yayımı da nəzərdə tutulub.

Filmin quruluşçu rejissoru Məhsim Məhsimov, prodüseri Vəli Turan, quruluşçu operatoru Azər Sultanovdur.

Qeyd edək ki, Xələfov Tapdıq Vidadi oğlu 1996-cı il, mart ayının 29-da Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. 2012-ci ildə kənddəki tam orta məktəbi bitirib. Hələ kiçik yaşlarından vətənə sevgisi ilə fərqlənən Tapdıq hərbi xidmətini başa vurduqdan bir neçə il sonra “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının komando hazırlığı kursu”nu uğurla başa vuraraq taleyini yenidən orduya bağlayıb. O, 2023-cü ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla, həmçinin fəxri fərmanlarla təltif edilib.

Tapdıq Xələfov sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

20.08.2024 14:25
224