2020-ci ildə 44 günlük Vətən müharibəsində xalqımızın şəhid olan qəhrəman övladlarından biri də Abbas Rza oğlu Qasımovdur.
A.Qasımov 1986-cı il martın 17-də Qərbi Azərbaycanda anadan olub. O, 2 yaşında olanda ermənilərin azərbaycanlılara verdiyi zülmlər nəticəsində ailəsi ilə öz doğma torpaqlarını tərk etməyə məcbur qalıb, Bakıya köçüb burada yaşamağa başlayıblar. Abbasgilin qara günləri bununla bitməyib. O, 6 yaşında olanda atasını da itirib.
Orta məktəbi bitirəndən sonra 2003-2007-ci illərdə ovaxtkı Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında daxil olub və hərbi həyatı başlayıb. 2007-ci ildə akademiyanı bitirən Abbas zastavaya göndərilib.
4 il Azərbaycanın bir neçə rayonlarının zastavalarında xidmət edib. A.Qasımov xidmət dövründə rəhbərlik tərəfindən dəfələrlə medal və fəxri fərmanlarla mükafatlandırılıb.
2009-cu ildə Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiyası üçün könüllü zabitlər seçimlərində A.Qasımov 2010-cu ildə Mülki Aviasiya Akademiyasında kurslara qatılıb və uçuşlara buraxılış əldə edib. Növbəti illərdə DSX Aviasiyasında müxtəlif vəzifələrdə çalışıb.
2010-cu ildən DSX-nin aviadəstəsində xidmətini davam etdirib. Daha sonra Bakıya gələrək DSX-nin "N"saylı hərbi hissədə işləyib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı baş leytenant Xalid Gözəlov ilə birgə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
A.Qasımov ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Musavat.com Ölkə.Az-a istinadən şəhidlik zirvəsinə ucalmasının 3-cü ildönümündə mayor R.Qasımovun həyat yoldaşı Siddiqə xanımla söhbətləşib.
- Tanışlığınız necə olub?
- 2012-ci ildə hazırda çalışdığım məktəbə yenicə işə düzəlmişdim. Qayınanam və bacısı da bizim məktəbdə işləyirdilər. Onlar məni görüb Abbasa demişdilər. 6 ay telefonla danışdıq. Sonrası da tale, qismət. Hər şey öz-özünə axıb getdi. Ailələr tanış oldu, elçilik, nişan oldu. Yollarımız orda kəsişmişdi. 2013-cü ildə də ailə həyatı qurduq.
Hazırda da qayınanamla eyni məktəbdə işləyirik.
- Adətən, hərbçilər evdə çox şeyi demirlər...
- Elədir. Yoldaşım da çox şeyi demirdi. Nə vaxt soruşsan, deyirdi, normaldır. Onsuz da biz müharibə şəraitində yaşayırdıq. Nələr-nələr ediblər. Müəyyən şeyləri deyirdi, amma mənə o qədər də çatmırdı. Müharibənin başlayacağını bir gün qalmış dedi. Bilirdilər. Yoldaşım müharibəyə ilk gedən pilotlardan idi. Ən birinci şəhid olan pilotlar Abbas və manqa yoldaşı olan zabit idi.
Müharibədən bir gün əvvəl getməyə hazırlaşırdı. Axşam evə gec gəldi. Saat təxminən 7-8 olardı. Son vaxtlar onun həyatı çox qarmaqarışıq idi, amma heç nə demirdi. Dedi ki, sabahdan Yevlaxa gedirik, ola bilər başlayaq. Əslində, hansı rayona gedəcəyini deməmişdi. Abbas elə deyəndə, dedim ki, inanmıram başlasın. Belə. Getdi də... Gediş o gediş, sonuncu dəfə Abbası onda gördük.
- Gedəndən sonra heç telefonla danışmaq fürsətiniz olmuşdumu?
- 25-i axşamı gəldi evə, yemək yedi. 26-sı səhər həmişə kimi yola saldım. Dedim yəqin axşam evə gələr. Həmin gün axşam mesajlaşdıq. Qayınanam evdə idi. Zəng vurub onunla danışıb. Bir-iki kəlmə necəsiniz-filan soruşub. Qayınanama da deyib ki, ola bilsin müharibə başlasın, ehtiyatlı olun. Xeyir-dua verib. Axırıncı danışığı oldu. Sentyabrın 27-si xəbərimiz oldu ki, müharibə başlayıb. Onlar 23-ü tezdən havaya qalxmışdılar. Elə həmin vaxtı da şəhid olmuşdu. Xəbərimiz yox idi. Zəng vurduq, çatmadı. Ondan sonra əlaqə tamamilə kəsildi. Dedilər ki, sağdır, narahat olmayın. Min dənə bəhanə gətirdilər. 28-i səhər xəbəri gəldi... Göydə şəhid olmuşdu.
- Yoldaşınız övladlarına hansısa vəsiyyət etmişdimi?
- Böyük oğlumun 9 yaşı, balacanın isə 7 yaşı var. Ataları şəhid olanda böyük oğlumun 6 yaşı vardı. Abbas son günlərini yaşadığını hiss edirmiş kimi həmin vaxt daim övladlarını görmək, onlarla vaxt keçirmək istəyirdi. Hətta axşam evə gələcəyini bildiyi halda gündüz işdə boş vaxt tapan kimi zəng edib övladları ilə görüntülü danışır, sanki onları görməkdən, onlarla danışmaqdan doymurdu. İşdən evə gələndə çalışırdı ki, həmişə əli dolu gəlib övladlarını sevindirsin. Onların sevinci ilə ürəyi fərəhlə dolurdu. Çünki özü atasız böyümüş, bu cür sevinc hisslərinə doymamışdı.
Vəsiyyət kimi yox, sadəcə, xeyir-dua kimi həmişə deyirdi ki, dərslərinizi yaxşı oxuyun, şuluqluq etməyin, böyüyəndə yaxşı işlərdə işləyin. Həmişə istəyirdi ki, uşaqlar tərbiyəli, böyüklərinə qarşı hörmətli, adət-ənənəyə sadiq olsunlar. Yalnız bunları deyirdi.
- Bəs istəyirdimi oğulları da hərbçi olsun?
- Yalan deməyim, deyirdi ki, çox çətindir, istəmərəm hərbiyə gəlsinlər. Bunun da səbəbi o idi ki, özü atasız böyümüşdü deyə, həyatında çətinlikləri çox olmuşdu. Amma böyük oğlum həmişə deyirdi ki, mən də atam kimi pilot olacağam. Amma atası şəhid olandan sonra uşaq qorxdumu, ya nədəndir bilmirəm, təsirləndi. Dedi, yox, olmayacağam. Abbasın bir sözü vardı – deyirdi: nə olursa olsun, başmaqçı da olsan, yüksək vəzifələrdə də çalışsan, bərbər də işləsən, işinin yaxşı biləni ol ki, hamının sənə ehtiyacı olsun. İşini yaxşı görən adamı hamı sevir.
- Vətən sevgisini necə ifadə edirdi?
- Özü Qərbi Azərbaycanın Masis rayonundan idi. Vaxtilə ermənilər onları doğma yurdlarından çıxaranda köçkün həyatı yaşamışdı. Qayıtmaq istəyirdi. O daha çox vətən sevgisini əməlində göstərirdi. Kənardan necə görünür bilmirəm, hərbi həyatı çox çətindir. Məncə, bu çətinliyə dözməsi elə bu sevginin göstəricisidir. Biz ailə həyatı qurandan ancaq ezamiyyətlərdə olurdu. Hər zaman işini layiqincə yerinə yetirməyə çalışırdı. Qarabağ haqqında danışanda da həmişə deyirdi ki, müharibə olsaydı, torpaqlarımızı qaytarardıq.
- Bəs nə vaxtsa şəhidlik barədə nəsə demişdi?
- Şəhid olanlara həsədlə baxırdı. İstəyinə çatdı, bir pilot kimi göylərdə şəhid oldu.
- Abbas Qasımov xasiyyətcə necə biri idi?
- Xasiyyətcə ağır idi. Böyüklərinə qarşı çox hörmətli idi. O hər zaman yaşından böyük idi. Kimin nə dərdi, problemi olurdu hamıya qaçırdı. Hamı üçün hər şeyi edərdi, amma gəlib bir kəlmə deməzdi. O, şəhid olandan sonra gəlib danışırlar ki, bizim üçün bunları edib. Bir dəfə Moskvada olan dostunun atası rəhmətə gedəndə bütün dəfn işlərini özü görmüşdü, xərcini qarşılamışdı. Evdə bir kəlmə də danışmamışdı bu barədə. Qohum-əqrəbaya, hər kəsə köməyə çatırdı. Problemdən qaçmazdı, necə deyərlər, başqaları üçün özünü öldürürdü.
- Yəqin ki, hərbçi yoldaşı olmaq hər zaman çətin olub.
- Əlbəttə. Ailə həyatı quranda heç belə olacağını düşünməmişdim. Birincisi, evdə olmur. Daim ezamiyyətdə olur. Ailə qurandan sonra heç birinci övladımız doğulmamışdı. Hər həftə aviabazaya gedirdi, bazar günü qayıdırdı. Uşaqlar doğulduqdan sonra da 20 gündən, 40 gündən bir gəlirdi.
- Çox vaxt yaxın doğmaların başına nə isə gələndə ən yaxınlar bunu hiss edir...
- Sentyabrda məktəblər açılmışdı. İş başlamışdı. Uşaqları məktəbə aparırdım, özüm işə gəlirdim. Qaçaqaça düşmüşdüm. O vaxtlar başım elə qarışmışdı ki, sanki əlavə nəysə düşünməyə vaxt olmurdu.
Amma bilmirdim ki, Abbas göylərdədir. Elə bilirdim ki, ona heç vaxt heç nə olmaz. Qəti ağlıma gəlmirdi ki, Abbasa nəysə ola bilər.
26-sı axşam sabah “havaya qalxacağıq” mesajını yazmışdı. Həmin gecəni yata bilmədim. Qayınanam namaz qıldı, telefondakı fotosuna ayətül-kürsünü oxuyub üfləyirdim. Gecə səhərə qədər gözüm televizorda idi. 27-si günü nə çəkdim bir Allah bilir, bir də mən. Ehtimalları düşünsə də, insan inanmaq istəmir.
- Bəs övladlarınıza bu xəbəri necə verdiniz?
- Övladlarıma da xəbəri sentyabrın 28-i verdim. Ağlayırdım. Uşaqlar soruşdu ki, ataya nə isə olubmu? Dedim, ata yoxdur. Böyük oğlum Əlirza qayıtdı ki, ata yoxdur, mən varam, ana. Uşaqdır, başa düşmürdü ki, nə mənada yoxdur.
Atalarını dəhşət çox istəyirdilər. Hərdən deyirlər ki, qayıdıb gəlsin. Böyük oğlum deyir, hər şeyi edərəm, həyatımı da verərəm ki, ata qayıtsın. Keçən dəfə sual verdim ki, birdən qapı döyülsə, atan gəlsə, nə hiss edərsən? Dedi ki, oy ana, dəli olaram sevincimdən.
Amma onu deyim ki, uşaqlar bu dönəmi travma alaraq keçirmədilər. Yas dövründə onları evdən uzaqda tutdum. Çalışdım ki, neqativ ab-havanı çox hiss etməsinlər. Evə qonaq gələn kimi özləri otaqlarına keçirdilər.
Baxıram ki, böyüdükcə daha çox başa düşürlər. Qonşunun qapısı döyüləndə, kimsə “ata” deyib qapıya qaçanda oğlum deyir, mən də istəyirəm ata gəlib qapını döysün.
- Son olaraq nə demək istərdiniz?
- Şəhidlər heç vaxt ölmür. Amma mən çox arzu edərdim ki, şəhidlər və şəhid ailələri heç vaxt unudulmasın. İllər keçsə də, şəhidlərimiz hər zaman xatırlansın, lazımi hörmət qoyulsun.
Abbas şəhid olduqdan sonra həyatım qaranlıq tunel kimi görünürdü. Tunelin ucundakı işığı görə bilmirdim. Allah hər birimizi övladlarımızdan yarıtsın. Tək arzum onları böyüdüb yaxşı təhsil verməkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Çox təəssüf ki, bu yaxınlarda yenə də şəhidlərimiz oldu. Onların ailələrinə də səbir və dözüm diləyirəm. Bilirəm çox çətindir, ən azı övladlarına görə möhkəm olsunlar.