Elxan Şahinoğlunun işğaldan azad Qarabağ haqda təəssüratları...
Qarabağa “Böyük Qayıdış” çərçivəsində artıq məcburi köçkünlərlə yanaşı, Azərbaycan tələbəsinin də ayaq səsləri işğaldan azad ərazilərdə eşidiləcək. Belə ki, abituryentlər bu ildən Qarabağ Universitetinə qəbul olmaq üçün seçimlərini edəcəklər.
Qarabağ Universitetinin ilk tələbəsi də məlumdur. Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunu olan Atilla Muradlı qəbul imtahanlarında yüksək nəticə (519,2 bal) göstərərək, Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir.
A.Muradlı təəssüratlarını “Yeni Müsavat”la bölüşüb: “Özümlə qürur duydum. Adam zəhmətkeş olmasa, istedad dadına çatmır. İstedadı yalnız çox çalışmaqla üzə çıxarmaq olar. Qarabağın gözəlliyini, ab-havasını çox xoşlayıram. 30 ildən sonra bu torpaqda ilk universitetin tələbəsi olacağam. Bunu Ali Baş Komandana, qazilərimizə, şəhidlərimizə borcluyuq. Qarabağ Universitetini hələ gedib görməmişəm. Səbirsizliklə, həyəcanla gözləyirəm. Qarabağın heç bir yerində olmamışam”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu yay istirahətini ailəsi ilə birlikdə azad edilmiş Qarabağ torpaqlarında keçirib: “53 yaşımın təxminən 33 ilini Qarabağ mövzusuna həsr etdim, kitablar yazdım, beynəlxalq konfrans və seminarlarda ermənilərlə mübahisə etdim. Azad olunan torpaqları ziyarət etmək üçün münasib vaxt gözləyirdim. Ailəmlə ”məmləkətimizi daha yaxşı tanıyaq" devizi altında maşınla səfərə çıxdıq. Füzuli-Şuşa-Laçın-Xankəndi-Malıbəyli-Xocalı-Əsgəran-Ağdam boyu həm tarixi yerləri ziyarət etdik, həm də qəhrəman ordumuzun döyüş yolunu canlandırdıq. Səhəri Şuşada, naharı Xankəndidə, şamı Ağdamda yeməyin ləzzəti başqadır. Bu günləri bizə qismət etdiyinə görə Allah şəhidlərimizə rəhmət eləsin!"
Politoloq deyib ki, Füzuli şəhəri və yeni hava limanıyla tanışlıqdan sonra Zəfər yolu ilə Şuşaya gediblər: “Şuşa əsl tikinti meydançasıdır, hər yerdə qızğın iş gedir, şəhər şuşalılarla yanaşı turistlərlə doludur. Gələcəkdə turistlərin hesabına şuşalıların xidmət sahəsində çalışma imkanları artacaq. Şuşada qiymətlər o biri şəhərlərimizlə müqayisədə bahadır, meyvə və tərəvəz ətraf rayonlardan gətirilir. İsa bulağında nahar etdik, qiymətlərin fantastik dərəcədə baha olduğunu deyə bilmərəm, sadəcə, internetdə haqqında çox danışılan "32 manatlıq çayı" içmədik. Şuşada muzey və sərgi salonlarının sayı artıb. Xalça muzeyinin eksponatlarla zənginləşdirilməsinə ehtiyac var". E.Şahinoğlu deyib ki, Laçın da başqa aləmdir: “Laçında ailə üzvlərimdən birinin səhhətində kiçik problem yarandı, bizə şəhərdəki modul tipli xəstəxanaya müraciət etməyi məsləhət bildilər. Sağ olsun, yerli həkim dərdimizə çarə tapdı. Modul tipli xətəxanaya müraciət edənlərin sayının çox olmadığını müşahidə etsəm də, gələcəkdə Laçında daha böyük xəstəxananın tikiləcəyi aşkardır”.
Müsahibimiz bir sıra problemləri də qabartı: “Şuşada iki gün qaldıqdan sonra Xankəndinə endik. Xankəndinin Şuşadan fərqini hiss etmədim. Doğrudur, evlər boşdur, ancaq şəhərin küçələrində Şuşada olduğu kimi, həyat qaynayır, tikinti işləri genişlənib, restoran və kafelər müştərilərlə boldur. İnşallah, bir neçə ildən sonra Xankəndinin digər şəhərlərimizdən fərqi olmayacaq.
Xankəndidən Xocalıya gedərkən qarşımızdakı maşında biri yüksək səslə muğam oxuyurdu. Fərəhləndim, ancaq sevincim çox çəkmədi, muğam oxuyan və torpaqlarımızın azad olunmasına sevinən soydaşım bir neçə dəqiqədən sonra içdiyi suyun şüşəsini maşının açıq pəncərəsindən azad olunan torpağımıza atdı. Bu cür halları paytaxt Bakıda da müşahidə edirik. Torpağımızın azad olunmasına sevindiyimiz halda bu torpaqları təmiz saxlamayan, ətrafı zibilləyən soydaşlarım bu əməllərindən əl çəkməlidir. Deyirik, yazırıq, hələ ki nəticə yoxdur".
E.Şahinoğlunun Ağdam təəssüratları da maraqlıdır: “Dağılmış Ağdam şəhərinin içindən keçdik, bura da tikinti meydançasıdır. Ağdam rayonunda dost və tanışlarımla görüşə tələsirdim. Seyid Lazım Ağanın qəbrini ziyarət etdikdən sonra yola çıxdıq. Sarıcalı kəndindən çıxarkən maşını saxladım, mərhum dövlət başçımız Heydər Əliyevin su içdiyi bulaqdan mən də içmək istədim. Nə yazıq ki, bulaqdan su gəlmirdi, kranlar da dağılıb. Görünür, Ağdam icra hakimiyyətinin başçısının başı o qədər qarışıqdır ki, həmin bulaqdan suyun gəlib-gəlməməsi ilə maraqlanmağa vaxtı yoxdur.
İşğal dövründə cəbhə xətti Sarıcalı kəndinin yaxınlığından keçib. Bu kəndin sakinləri 30 il səksəkə içində yaşayıblar, işğal dövründə bu istiqamətdə atəşkəsin pozulması adi hal idi. Buna baxmayaraq, kəndin heç bir sakini işğal dövründə evini tərk etməyib, orduya dayaq olub. Öz arxasında kənd və qəsəbələrdə yaşayan sakinlərin nəfəsini hiss edən ordu müharibədə qələbə qazanar. Sarıcalı məhz belə kəndlərdən olub. Buna baxmayaraq, Sarıcalı kəndinin bugünə qədər torpaq bölgüsü problemi mövcuddur, bu məsələnin həllinə ehtiyac var. Kənd sakinlərinə bu mövzunu diqqətdə saxlayacağıma söz verdim. Beləcə səfərimizi tamamladıq. Xoş təəssüratlarla ayrıldıq, yazıda qaldırdığım problemlərin isə müvafiq strukturların diqqət yetirəcəyinə ümid edirəm".
Yazını hazırladı: Cavanşir ABBASLI