Ekspert: “Əhalinin kəndlərdən köçünü dayandırmaq üçün kompleks tədbirlər həyata keçirilməlidir”
Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, 2004-cü ildən bəri bölgələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə yaradılıb: “Regionlarda 8 hava limanı tikilib və ya yenidən qurulub, Laçın hava limanının tikintisi davam edir. 17 min km-dən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər, 3 300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 Olimpiya İdman Kompleksi tikilib və ya təmir olunub”.
İqtisadiyyat nazirinin səsləndirdiyi rəqəmlər regionların inkişafına külli miqdarda vəsaitin sərf olunmasından xəbər verir. Lakin bu xərcləmələrə rəğmən region insanı kütləvi şəkildə paytaxta, ən pis halda Abşeron yarımadasına köçür. Son 30 ildə Bakı ətrafında regionlardan gələn insanlar tərəfindən yüz minlərlə evdən ibarət onlarla böyük yaşayış məntəqələri salınıb, bu proses hələ də davam edir. Rəsmi statistika 2023-cü ilin 1 yanvarına ölkədə olan 10 milyon 127,1 min nəfər əhlainin 2 milyon 336,6 min nəfərinin Bakıda, 857,5 min nəfərinin Sumqayıt və Abşeronda yaşadığını göstərir. Lakin reallıqda yalnız Bakıda 3 milyondan yuxarı insanın yaşadığı heç kimə sirr deyil. Ölkə üzrə yaşayış sahəsi tikintisinə dair məlumat bu mənzərəni daha dolğun ifadə edir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə ölkə üzrə 2 milyon 816 min kvadratmetr yaşayış sahəsi tikilib, bunun 1 milyon 197 min 476,5 kvadratmetri - 42,5 faizi Bakının payına düşüb.
Əhalinin regionlardan Bakıya, eləcə də ölkədən xaricə kütləvi axınının əsas səbəbi qazanmaq imkanının - iş yerlərinin olmamasıdır. Rəsmi statistika adına 3 sot torpaq payı olan hər kəsi məşğul kimi qeydə alsa da, reallıqda hətta 50 sot torpaqla belə bir nəfərin özünə layiqli həyat səviyyəsi təmin etməsi mümkün olmur. Hazırda regionlarda insanların çalışıb davamlı maaş ala biləcəyi özəl müəssisələr barmaqla sayılacaq qədərdir. Rayonlarımızda məşğulluğun təminatında başlıca rol dövlət qurumlarına məxsusdur. Ölkə üzrə əsas sənaye müəssisələri də Bakı və Abşeronda cəmləşib. Belə ki, 2022-ci ildə Azərbaycanda 4095 sənaye müəssisəsi fəaliyyət göstərib. Bunun 2258-i, və ya 55,1 faizi Bakı şəhərində, 435-i isə Abşeron və Sumqayıtda yerləşib. Həmin il Bakıda istehsal olunan sənaye məhsulunun dəyəri 75 milyard 384 milyon 524 min manat, ondan sonra gələn Abşeron-Xızı iqtisadi regionunda istehsal olunan sənaye məhsulunun dəyəri isə cəmi 4 milyard 762 milyon 166,3 min manat təşkil edib.
Ötən il Bakıda məhsul istehsalı sahələrinə 7 milyard 653 milyon 197,9 min manat, ona ən yaxın olan Naxçıvan iqtisadi rayonunda 545 milyon 80,9 min manat, Abşeron-Xızı iqtisadi rayonunda isə 408 milyon 837,5 min manat investisiya yatırılıb. Yalnız xidmət sahələrinə yatırılan investisiyalara görə Şərqi Zəngəzur iqtisadi rayonu Bakıdan önə keçib. Belə ki, ötən il Bakıda xidmət sahələrinə 1 milyard 614 milyon 293,4 min manat investisiya yatırıldığı halda Şərqi Zəngəzurda bu göstərici 1 milyard 927 milyon 488,1 min manat təşkil edib. Bunun səbəbi də aydındır: işğaldan azad olunan ərazilərdə böyük nəqliyyat-infrastruktur layihələri icra olunur.
Ölkə üzrə 1 milyon 738,7 min muzdlu işçinin 899,9 min nəfəri - 51,7 faizi Bakı şəhərində, 100,5 min nəfəri Abşeron-Xızı iqtisadi rayonunda çalışıb. Sumqayıt kimi böyük şəhərdə cəmi 57,6 min nəfər əmək müqaviləsi ilə işləyən şəxs var. Ölkənin üçüncü böyük şəhəri olan Gəncədə bu göstərici 46,2 min nəfər, sənaye şəhəri sayılan Mingəçevirdə 17 min nəfərdir. Bakı şəhərində muzdlu işçinin orta aylıq nominal əmək haqqı 1080,6 manat, ölkə üzrə 840 manat, Abşeron-Xızıda 689,2 manat, Şəki-Zaqatala iqtisadi rayonunda 514,6 manat təşkil edir. Ölkənin turizm baxımından ən çox tanınan, inkişaf etmiş sayılan bu bölgəsi orta aylıq nominal əmək haqqının ən aşağı səviyyəsinə malikdir - Qax rayonunda bu göstərici 451,3 manat, Balakəndə 479,7 manat, Zaqatalada 480,4 manat təşkil edir.
Bu rəqəmlər göstərir ki, dövlət regionlara on milyardlarla əsaslı vəsaitlər xərcləsə də, regionlarda ciddi problemlər qalmaqdadır. Halbuki dövlət regionlarda əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayan kənd təsərrüfatının inkişafına ciddi dəstək verir. Çoxsaylı dəstək mexanizmləri ilə kənd təsərrüfatı istehsalı subsidiyalaşdırılır. Lakin bütün bu mexanizmlərə rəğmən kənd təsərrüfatı regionlarda əhalinin dayanıqlı gəlir mənbəyi rolunu oynaya bilmir. Xüsusilə aqroparkların prioritet elan olunduğu son illərdə bütün imkanların onlar üçün səfərbər edilməsi xırda və orta fermer təsərrüfatlarının böyük sürətlə iflas olmasına səbəb olur. Nəticədə minlərlə kiçik və orta fermer təsərrüfatı sıradan çıxır, onların sahibləri isə təsərrüfatlarını dəyər-dəyməzinə sataraq normal həyat şərtlərini təmin etmək üçün Bakıya üz tuturlar.
Aydın məsələdir ki, şəhərləşmə-urbanizasiya sənayenin inkişafı ilə birlikdə bütün dünyanın üzləşdiyi problemdir. Lakin əksər dünya ölkələrindən fərqli olaraq Azərbaycanda urbanizasiya əhalinin kəndlərdən bütün şəhərlərə deyil, yalnız bir şəhərə - Bakıya axını ilə müşayiət olunur. Bu isə onunla bağlıdır ki, prosesin arxasında təbii sənayeləşmə deyil, Bakının neft amilinə görə rolunun artması dayanır. O da məlumdur ki, regionlarda dayanıqlı iş yerləri, gəlir mənbələri olarsa, əhalinin Bakıya köçü bu qədər kütləvi olmaz.
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, regionlardan əhalinin Bakıya köçünü tam urbanizasiya kimi qiymətləndirmək mümkün deyil: “Burada əhalinin nəzarət olunmayan daxili miqrasiyası da var və bu, ciddi bir problem olaraq meydana çıxır. Burada mühüm problemlərdən biri də 100 milyarddan artıq investisiyaya baxmayaraq, bu investisiyanın əlavə dəyərə yaradan, iqtisadi aktivliyə töhfə verən səviyyədə tənzimlənməməsidir. Nəticədə regionlarda yetərincə dayanıqlı iş yerlərinin yaradılması mümkün olmayıb. Bu gün regionların ən böyük problemi məhz məşğulluq, əmək haqqı normasının aşağılığı kimi amillərdir. Regionların iqtisadiyyatının strukturuna baxdıqda görürük ki, məşğulluqda aparıcı rol kənd təsərrüfatına məxsusdur. Hansı ki, kənd təsərrüfatı mənfəət norması aşağı, riskləri yüksək olan sahələrdən biridir. Regionlarda məşğulluğun təminatında bu sahənin payı 60 faizə yaxındır. Buna görə də insanlar artan tələb qarşısında, nisbətən inkişaf edən rifah fonunda daha gəlirli sahələrə axışırlar. Bir müddət belə gəlirli sahə tikinti sektoru idi - o da Bakıda və ətrafında cəmləşmişdi deyə insanlar bura üz tuturdular”.
Ekspert bildirir ki, regionlardan əhalinin uzaqlaşmasının daha bir səbəbi idarəetmə ilə bağlıdır: “Siyasi və idarəetmə mühiti regionlarda çox qeyri-adekvatdır. Yerli icra hakimiyyətləri insanların hətta sahibkarlıq fəaliyyətinə belə müdaxilə edirlər, azad fəaliyyətə imkan vermirlər. Biznes təşəbbüsləri yerli məmurların inhisarçılıq istəkləri ilə boğulur. Nəticədə insanlar öz yerlərini tərk etməli olurlar. Belə vəziyyətə nümunə olaraq Naxçıvanı göstərmək olar. Uzun illər boyu burada hökm sürən boğucu idarəetmə mühiti əhalinin 50 faizdən çoxunun, xüsusilə gənclərin 70-80 faizinin muxtar respublikanı tərk etməsinə gətirib çıxardı. İndi mühit normallaşdıqca, insanların geriyə dönüşünün əlamətləri hiss olunmağa başlayır. Eyni proses digər regionlarda da gedə bilər, əgər normal mühit təmin edilərsə. Bunun üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməli, insanların təşəbbüskarlığını dəstəkləyən idarəetmə yaradılmalı, keyfiyyətli təhsil, səhiyyə, sosial xidmətlər təmin olunmalıdır. Ölkə regionlarının tarazlı inkişaf prinsipi əsas götürülməli, yerli özünüidarəetmənin real tətbiqi təmin edilməlidir. Bununla yanaşı, bütün ölkədə azad sahibkarlıq, sağlam rəqabət mühiti təmin edilməlidir ki, məşğulluğun təminatında mühüm rol oynayan kiçik və orta sahibkarlıq inkişaf etsin. Belə sahibkarlıq olmadan regionlarda gənclərə davamlı gəlir mənbəyi təmin edib onların daxili miqrasiyasının qarşısını almaq mümkün deyil”.
Dünya SAKİT,
“Yeni Müsavat”