Səfirliyimizə hücumdan sonrakı 10 gün - nə dəyişib?

Britaniyadakı səfirliyimizə terror hücumundan (4 avqust) 10 gün ötür. Lakin hələ də Azərbaycan tərəfində bu cinayət aktının ədalətli istintaqının getməsi barədə əminlik yoxdur. Hətta bəzi iddialara görə, saxlanılanlar buraxılıb.

10 gündən sonra durum nə yerdədir? Britaniya hökuməti hansı tədbirləri görür ki, belə bir insident bir daha təkrarlanmasın?

10 gün yetərincə böyük müddətdir ki, istintaq konkret nəticəyə gəlsin.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Yeni Müsavat”a qısaca olaraq bunları dedi: “Hazırda istintaq davam edir, nəticələrlə bağlı əlavə olaraq məlumat verəcəyik”.

Bu arada Böyük Britaniyanın Azərbaycan icması “Mehdinin xidmətçiləri ittifaqı”nın terror təşkilatı kimi tanınmasını tələb edən müraciət yayıb. İcma radikal dini qruplaşmanın Azərbaycanın Londondakı səfirliyinə hücumu ilə bağlı İngiltərənin parlament üzvlərinə və Xarici İşlər Nazirliyinə, habelə Avropa Parlamentinə müraciət edib.

Britaniyadakı Azərbaycanlı İcmasının sədri Fəridə Pənahovanın adından xarici işlər naziri Liz Trussa, daxili işlər naziri Priti Patelə, Böyük Britaniya parlamentinin üzvləri Qrem Stüart, Dominik Raab, Bob Blekman, lord Conatana və Avropa Parlamentinə ünvanlanmış müraciətdə ölkəmizin dünya, multikultural və tolerant dövlət olduğu, hər hansı dini ekstremizmdən uzaq olduğu, bu vandalizm aktının beynəlxalq hüququn, Vyana Konvensiyasının kobud şəkildə pozulması olduğu vurğulanıb. Bildirilir ki, bu hücum həm də Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə xələl gətirmək, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində baş verən mühüm prosesləri pozmaq məqsədilə hazırlanıb və həyata keçirilib.

Sənəddə Böyük Britaniyanın müvafiq orqanlarına ölkəmizin Londondakı səfirliyinə qarşı bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi, “Mehdinin xidmətçiləri ittifaqı”nın terror təşkilatı kimi tanınması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə bu təşkilatı ləğv etmək, onun üzvlərini isə dərhal ölkədən deportasiya etmək tələb olunur.

Bu çağırışı necə, rəsmi London eşidəcəkmi?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov: “Hələ ki yeni bir məlumat yoxdur. Amma hesab edirəm ki, Azərbaycan XİN tərəfindən Britaniya hökumətindən bu işin açıqlaması istənilməlidir. Azərbaycana mənəvi və fiziki zərər vuranlar məsuliyyətə cəlb olunmalıdır. Bu, hökumət tərəfindən tələb olunmalıdır. İşin üzərində sona qədər dayanmalıyıq. İndiki mərhələdə nəsə bir şey demək çətindir. Baxıram ki, sosial şəbəkələrdə diplomatlarımıza aid hansısa ittihamlar səsləndirilir. Bir səfir ölkədən çıxanda mərkəzin təlimatı əsasında çıxır. Biz bilirik ki, burada səfirlərin iclası var idi. Şuşaya da getdilər. İldə bir dəfə səfir məzuniyyətə getməli, dincəlməlidir. Bu da beynəlxalq qanunlar çərçivəsində nizamlanmalıdır. Səfir qanunla ildə bir dəfə istirahətə gedə bilməz? Adətən bizdə iclasla məzuniyyət eyni vaxta salınır ki, səfirlərin gəlişi məzuniyyətlə uzlaşsın. Burada bir problem görmürəm. Əslində səfirlərin əsas işlərindən biri də özlərini qorumalarıdır. Təəssüflər olsun ki, siyasi motivli aksiyada kimsə bilmirdi ki, onların əllərində silahlar var ya yox. Məqsədlərinin nə olduğu da məlum deyildi. Daha çox terror aktına bənzəyirdi. Hər halda, ilkin məqamlarda belə bir təəssürat yaranmışdı. Səfirlikdə olanlar mövcud duruma uyğun şəkildə özlərini aparıblar. Təbii ki, xidməti araşdırma mütləq olacaq və müvafiq qərarlar veriləcək. Araşdırma nəticəsində üzə çıxan bəzi məlumatlar gərək ictimaiyyətə açıqlanmasın. Çünki birbaşa təhlükəsizliklə bağlı məsələdir”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov: “Britaniya hökumətindən bu işin açıqlaması istənilməlidir”

Sabiq XİN rəhbəri Londondakı səfirliyimizə olan hücumda daha çox İran izi axtarır: “Bu, İranın dini elitasında olan bəzi qanadlar arasında olan rəqabətin göstəricisidir. Bu və ya digər ölkələrin nümayəndəliklərinə təhlükə yaradan müxtəlif siyasi qurumlar var, bu, Britaniya vətəndaşlarından, həm də xaricdəkilərindən ola bilər. Təhlükəsizlik baxımından çox mürəkkəb bir pəncərə mövcuddur. Bu qruplaşma bir müddət öncə İran səfirliyini də zəbt edib. Britaniya hökuməti buradan hansısa nəticələr çıxarmalıdır. Hər şey qarşılıqlı olmalıdır. Səfirlik həm Britaniya hökuməti, həm də Azərbaycan tərəfindən verilən təhlükəsizlik xidməti tərəfindən qorunur. Biz xahiş edə bilərik ki, qarşı tərəf təhlükəsizlik tədbirlərini daha da gücləndirsin. Polisin davranış ilə bağlı daxili araşdırma aparılmalıdır. Çünki təhlükə siqnalı alandan bir neçə dəqiqə sonra onlar gəliblər. Onların oradakı davranışları nə qədər vəziyyətə uyğun idi?  Əgər özlərini nümayişçi adlandıran ünsürlər güclə Azərbaycan səfirliyi binasına daxil olublarsa, bəllidir ki, polislər bu məsələyə mütləq qarışmalı idilər. Bu baxımdan hesab edirəm ki, burada səhvlər çoxdur, həm Britaniya polisində, həm də səfirliyimizdə təhlükəsizliyə məsul olan şəxslərdə”.

Sonda sabiq nazir F.Pənahovanın müraciətinin nəticə verib-verməyəcəyinə də toxundu: “Hesab edirəm ki, bu iradlar dövlət tərəfindən də irəli sürülməlidir. Bu cinayətkarlar adlarını dəyişib, səhəri gün fəaliyyətlərinə yenə davam edə bilərlər. Onları cəzalandırmaq bir vəzifədir, baş verənləri araşdırıb daha üst pilləyə çıxarmaq isə daha bir vacib vəzifədir. Bir çox səfirliklərdə bu durum var. Çünki dövlətlər var ki, bu təhlükəni gözləmirlər. Diplomatları birləşdirən qurum və ona səfirlər növbəlilik əsasında rəhbərlik edirlər. Onların müraciəti olmalıdır ki, onların təhlükəsizliyi daha yüksək səviyyədə təmin olunsun. Bir diplomatik korpus var. Bəzən korpuslar kimi deyilir, amma bu səhvdir. Dediyim kimi, bir diplomatik korpus var və onun vasitəsilə öz məsələlərimizi həll edə bilərik. Burada Azərbaycan İcması da kömək edə bilər. Bunu istisna da etmirəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

16.08.2022 09:40
521