Səfir: Rusiya şirkətləri Azərbaycanın Qarabağ bölgəsinə maraq göstərir

Rusiya şirkətləri Qarabağ bölgəsinin bərpası prosesində Azərbaycanla əməkdaşlığa maraq göstərir.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Kəlbəcər rayonuna səfəri zamanı deyib.

Səfir qeyd edib ki, Rusiyanın “Abrau-Durso” şirkətlər qrupu Qarabağa maraq göstərir: “Məlumdur ki, şirkətin prezidenti Pavel Titov bu ərazilərə bir neçə dəfə səfər edib və ölkəmizdə tanınmış “Ağdam” brendinin istehsalını genişləndirmək üçün istifadəsi mümkün olan üzüm bağlarına baxış keçirib. Bundan başqa, tikinti materiallarının istehsalı ilə məşğul olan bir çox Rusiya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməkdə maraqlıdır”.

Qarabağda aparılan quruculuq və bərpa işlərinin miqyasından heyranlığını ifadə edən diplomat vurğulayıb ki, Azərbaycanda diplomatik fəaliyyətə başlayandan bəri bu, onun regiona dördüncü səfəridir.

“Diplomatik missiyama ötən ilin iyulunda başlamışam, Füzuli, Laçın və Şuşada olmaq mənə nəsib olub və indi biz bu gözəl yerdəyik (Sərsəng su anbarı). Dəyişikliklər heyranedicidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin bərpası üçün göstərdiyi bütün səylər göz qabağındadır. Azərbaycan vətəndaşlarına, xüsusən də tarixi vətənlərinə qayıdanlara uğurlar arzulayıram”, - səfir vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti bu gün Kəlbəcər rayonuna gəlib.
Xarici qonaqlar səfər zamanı Suqovuşan və Sərsəng su anbarlarında olublar. Onlar, həmçinin “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və “İstisu” mineral su zavodunu, eləcə də digər əraziləri ziyarət edəcəklər.

18.09.2024 11:57
360