Səmərqəndin gəzməli, görməli o qədər çoxdur ki, danışmqla qurtarmaz, yazası olsan da, gərək kitab yazasan. Yaxşı ki, o tarixi məkanların hamısı barədə vikipediya məlumatları boldur. Ancaq səfər zamanı elə məqamlar, epizodlar olur ki, onlardan bəhs etmək həm vacibdir, həm də maraqlıdır.
“Özbəkistanın mədəni irsi – Yeni intibahın əsası” adlanan beynəlxalq konqresdə ölkəmizi 10-dan çox iştirakçı təmsil edirdi. Onlardan ikisi jurnalist (mən və Media.az-dan Nataliya Quliyeva), ikisi Türk Akademiyası (Şahin Mustafayev) və Türksoydan (Cavid Mövsümlü), o birilər isə AMEA-nın mədəniyyət işləri üzrə mütəxəssisləri, muzey işçiləri idilər. Bir də aramızda ədəbiyyat tarixinin bilicisi, filoloq-professor, yazıçı Vaqif Sultanlı vardı.
Öncə onu deyim ki, biz Türksoyu təmisl edən Cavid Mövsümlünün azərbaycanlı olduğunu yalnız konqresin açılışında çıxış edərkən adının zalın iri monitorlarında yazılmasından bildik. O, əvvəlcə Anadolu türkcəsində, sonra ingiliscə və rusca danışdı. Fasilədə rastlaşdıq və dəqiqləşdirdik ki, o, uzun müddətdir Türkiyədə yaşayır, amma Bakıda doğulub-böyüyüb.
Şahin Mustafayev də konqresdə parlaq çıxışı ilə yadda qaldı. Digər təmsilçilərimiz isə panellərdə öz çıxışlarını təqdim edirdilər və onların hesabatları maraqla qarşılanırdı.
Vaqif Sultanlını çoxdan tanısam da, konqresdə uzun-uzun həmsöhbət olduğumuzdan bu dəyərli ziyalını yenidən kəşf etdim. O, olduqca xeyirxah və milli bir adamdır, sözün əsl mənasında Turan sevdalısıdır. Vaqif müəllim Avrasiya materikində yerləşən dövlətlərin hamısında olub. Onu, demək olar ki, bütün ölkələrdə tanıyırlar və tez-tez elmi konfranslara, simpoziumlara, forumlara dəvət edirlər. Ayrıca, o, Rusiya Federasiyasındakı türk diyarlarının hamısını gəzib – Çuvaşıstandan Xakasiyaya qədər. Müəllimin dediyinə görə, yalnız Yakutiyada olmayıb. Ora da gedəcəkmiş, özünü Novosibirskdə soyuğa verib, səyahətini yarımçıq kəsəsi olub.
"Qlobalizm bir çox dilləri məhv edəcək"
Professor hesab edir ki, müstəqil türk dövlətlərinin, eləcə də Rusiyanın, Əfqanıstanın, Moldovanın, Çinin, Monqolustanın tərkibindəki türk icmalarının mədəni sferada yaxınlaşmaları, zamanla hər kəs üçün anlaşıqlı olan vahid dildə danışmaları, vahid əlifbadan istifadə etmələri mümkündür. Bundan ötrü ortada siyasi iradə və ciddi, hərtərəfli çalışmalar olmalıdır. O əmindir ki, ya zamanla vahid türk dili formalaşmalıdır, ya da bəzi türk dilləri qlobalizmin basqısından salamat çıxmayacaq. Professor yoxa çıxmış, hazırda işlədilməyən dillər haqqında geniş bilgilərə malikdir. Bu dillərdə danışan xalqların sonuncu nümayəndələri artıq rusların, çinlilərin, başqa böyük xalqların içində assimlyasiyaya uğrayıb, onların fərdinə çevriliblər. Başqa sözlə, hansısa xalqın dili yoxdursa, özü də yoxdur.
Yeri gəlmişkən, Vaqif Sultanlı konqresdə hamıyla ana dilimizdə danışırdı və əksər həmsöhbətləri onu anlayırdılar. Hətta bir ziyafət zamanı o, yanımızda oturmuş əfqanıstanlı diplomatla da ana dilimizdə danışmağa başladı. Məlum oldu ki, diplomat özbək əsillidir, türkcəsi də var. Həmin şəxs müəllimə gileyləndi ki, Əfqanıstanda milyonlarla özbək türkü, dilini itirmiş Qarabağ türkləri, assimlyasiyaya uğramış xəzərilər yaşayır, əgər başda Türkiyə olmaqla digər türk dövlətləri bu icmalara kömək etsəydilər, indi Əfqanıstan türk dövlətlərindən biri olardı.
“Azərbaycan deyiləndə ayağa dur ki...”
Qəribədir, öz ölkəsində iştirak etdiyi yüzlərlə toy-nişanın birində qolunu qaldırıb rəqs etməyən adamlar ölkədən xaricdə “Azərbaycan” deyiləndə dərhal ayağa qalxır, bir-birlərini rəqsə dəvət edir və hansısa Azərbaycan melodiyasının sədaları altında oynayırlar. Səmərqənddə də elə oldu. Qatıldığımız təntənəli ziyafətlərdə “Azərbaycan musiqisi” deyə təqdim edərək, “Qayınana” filminin sandtrekini - “Biz mehriban aiəliyik” mahnısını, Rəşid Behbudovun, Polad Bülbülğolunun ifalarını, daha çox da “Arşın mal alan” filmindən Vəli ilə Tellinin duetini (“Pulun var? Var! Var!”) səsləndirirdilər və həmvətənlərimiz ortaya çıxır oynayırdılar. Bir çox əcnəbilər də onlara qoşulurdu. Başqa xalqların nümayəndələri də öz mahnılarına oynayırdılar, amma Albaniyadan olan Ermal adlı etnoqraf bir dəfə dedi ki, sizinkilərin rəqsində qəribə bir kübarlıq və əsalət, üstəlik, göz oxşayan plastika var.
Bizi Əmir Teymurun məqbərəsinə niyə aparmadılar?
Doğrusu, Səmərqəndə gedəcəyimiz bəlli olanda gözümüzün önündə Yaxın Şərqin fatehi Əmir Teymurun məqbərəsini ziyarət edəcəyimizi də güman edirdik. Fəqət, biz yalnız avtobusla məqbərənin və Əmir Teymurun şərəfinə ucaldılmış möhtəşəm abidənin yanından ötdük, gedib böyük hökmdarın varisi, nəvəsi Mirzə Uluqbəyin abidəsini, rəsədxanasını ziyarət etdik.
Koordinatorlardan bunun səbəbini soruşdum. Belə cavab verdilər ki, burada siyasi səbəblər var. Əmir Teymurun hücumuna məruz qalan bəzi ölkələrin nümayəndələri belə məkanlara aparılmaqdan məmnun qalmırmış, hətta inciyirmişlər. Aramızda Anadolu türkləri vardı, alimlər idi, onlar bu məsələyə tarixi aspektdən yanaşırdılar və vaxtilə İldırım Bəyazidlə Əmir Teymurun arasında olmuş müharibənin inqtriqasını bu günə daşımaq niyyətində deyildilər. Biz də 600-650 il öncə baş verən hadisələrə sakit yanaşır, bu şəxsi böyük fateh kimi qəbul edirik. Heç demə, İran və İraqdan olan nümayəndələr ötən illərdəki ziyarətlər zamanı Əmir Teymurun onlardan ötrü qəsbkar, istilaçı olduğunu, tarix kitablarında bu cür yazıldığını, ona görə də onlar üçün bu tarixi şəxsiyyətin məqbərəsini ziyarət etməyin xoş olmadığını bildiriblər.
Xalid Kazımlı, Musavat.com
Səmərqənd-Bakı