Seçkiyə 10 gün qaldı: namizədlər kampaniyanı necə aparır - açıqlama

Seçki prosesinin əsas hissəsi artıq geridə qalıb. 10 gün sonra ölkədə səsvermə keçiriləcək. Yəni sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Avqustun 9-dan etibarən isə seçkiqabağı təşviqat kampaniyasına başlanılıb və təşviqat üçün hər dairə üzrə qapalı və açıq məkan olmaqla 5509 ünvan müəyyənləşdirilib. Bu proses avqustun 31-i saat 8:00-da başa çatacaq. Hazırda deputatlığa namizədliyi qeyd alınmış şəxslər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən təşviqat kampaniyası həyata keçirilir.

Bəs tanınmışlar seçki kampaniyasını necə aparır? Ümumiyyətlə, vətəndaşların seçkiyə marağı varmı? Diqqətçəkən bir məqam ondan ibarətdir ki, seçkilərə qatılan bəzi siyasi partiyaların nümayəndələri təbliğat-təşviqat prosesində iştirak etmirlər. Bunun səbəbi nədir?

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa

Deputatlığa namizəd, Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, vətəndaşların seçkiyə marağı var: “Biz kampaniya keçirərkən görüşlərə çox sayda insanlar gəlir. Ən azı çıxışları dinləyirlər, öz mövqelərini bildirirlər. Amma yayda seçki çox ağır keçir. Çünki avqust ayında hər kəs hansısa formada istirahət edir, bir çoxu ölkədə deyil. Ümid edirəm ki, sentyabrın 1-də daha çox insan seçkidə iştirak edəcək və səs verəcək. Əslində seçici fəallığı çox önəmlidir. Biz də çalışırıq ki, bu fəallığı artıraq, insanların seçki prosesinə maraq göstərməsini təmin edək. Hər halda, avqust ayı təsirini göstərir. Fəallığın aşağı olmasının əsas səbəblərindən biri budur”.

Prezidentliyə namizəd Elşad Musayev səs verib

 Elşad Musayev 

Deputatlığa namizəd, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Mütəmadi görüşlər keçiririk, məhəllələrə gedirik, fərdi görüşlər keçiririk. Seçki prosesinin tələb etdiyi qayda budur. Kim seçkilərdə iştirak edirsə, hər xırda fürsətdən istifadə edib təbliğat aparmalıdır. Siyasi təşkilatın mövqeyini açıqlamalıdır, proqramını ortaya qoymalıdır.  Biz hər vasitə ilə bu fürsətdən yararlanmağa çalışırıq. Ötən növbədənkənar prezident seçkisində də, parlamentdə olan partiyalar içərisində BAP seçki prosesinə qoşuldu. İndiki halda o təcrübə işimizə yarayır. Bizim bütün təbliğat materiallarımız artıq hazır idi. İndinin özündə də müxtəlif məsələlərlə bağlı öz proqram planlarımızı ortaya qoyuruq. Hesab edirəm ki, işlərimiz uğurla gedir. Seçicilərin bizə münasibəti çox yaxşıdır. Hər halda, əhalinin müəyyən hissəsi məni tanıyır. Bununla belə, siyasi partiyaların seçkilərə qatılıb, təbliğat kampaniyasında iştirak etməməsini anlaya bilmirəm. Müəyyən partiyalar var, onlar ənənəvi olaraq dedi-qodu ilə məşğuldurlar. Seçkilərə qatılıb, seçki kampaniyasında iştirak etmir, amma kənara kiməsə söz atmaqla məşğuldurlar. Belə olmaz. Seçkiyə gedən öz seçiciləri ilə məşğul olmalıdır. Seçkiyə gedib təbliğat aparmırsınızsa, onda niyə gedirsiniz?! Necə ki bir qisim adam var, müxtəlif partiyalardan gediblər. Onlar faktiki olaraq seçki prosesində iştirak etmirlər. Ona-buna çirkab yaxmaqla məşğuldurlar. Bir qisim adamlar da nə isə qoparmaq istəyir. Təəssüflər olsun ki, bunlar içərisində siyasi təşkilat təmsilçiləri də var, hətta tanınan siyasi təşkilat təmsilçiləri də var”.

Bəs seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılması qaydalarının və müddətinin pozulmasına görə qanunvericilikdə hansı cərimələr nəzərdə tutulub? “Seçki 2024" Müstəqil Media Mərkəzindən bununla bağlı bildirilib ki, Seçki Məcəlləsinin 164.1-ci bəndinə əsasən, seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılmasının Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə 100 manatdan 150 manatadək məbləğdə cərimə edilir: "Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş televiziya və radio yayımçılarının proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək imkanının verilməməsinə görə - vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 450 manatadək məbləğdə cərimə olunur".

“Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib ki, sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərində əlilliyi olan şəxslərin səsvermə prosesində seçmək hüququndan sərbəst şəkildə istifadə etmələri üçün müvafiq şərait yaradılacaq. O bildirib ki, əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakı Seçki Məcəlləsinin tələblərinə uyğun təmin edilir: "Seçki Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, seçki orqanları əlilliyi və ya digər fiziki pozuntusu olan, uzaq və ya yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçkilərdə iştirakı üçün bütün imkanlar yaratmalıdırlar. Məcəllənin 104-cü maddəsinə əsasən seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlilliyi olan seçici məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir. Qanunvericiliyin tələbinə uyğun olaraq, əlilliyi olan şəxslərin səsvermə prosesində istədiyi şəxsin onu müşayiət etməsi hüququ təmin olunur".

M.Rəhimov əlavə edib ki, əlilliyi olan şəxslərin seçki hüququnun təmin edilməsi Azərbaycanın Seçki Məcəlləsi ilə yanaşı, beynəlxalq hüququn da tələbidir: “BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyası əlilliyi olan şəxslərin seçkilərdə iştirakına dair konkret tələbləri özündə əks etdirir. Bu konvensiya əlilliyi olan şəxslərin seçki hüququnun təmin edilməsi ilə bağlı iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyub. 2008-ci ildə bu konvensiyaya qoşulan Azərbaycan qoyulan tələblərin hamısını icra edir".

MSK katibi əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakını asanlaşdırmaq üçün müvafiq addımların atıldığını da diqqətə çatdırıb: “Bu addımlardan biri əlil arabasından istifadə edən şəxslərin hərəkətini təmin etmək məqsədilə seçki məntəqələrində pandusların quraşdırılmasıdır. Mərkəzi Seçki Komissiyası pandusların quraşdırılması işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həyata keçirir. MSK seçkidə iştirak hüququna malik əliliyi olan şəxslər haqqında ƏƏSMN-dən məlumatları alır və onların səs verəcəyi məntəqələrdə pandusların quraşdırılmasını təmin edir”.

M.Rəhimov qeyd edib ki, görmə qabiliyyəti məhdud olan seçicilər üçün brayl əlifbası ilə seçki bülletenlərinin çapı da həyata keçirilir. MSK görmə qabiliyyəti məhdud olan seçicilərin səsvermə hüququnun təmin edilməsi məqsədilə Gözdən Əlillər Cəmiyyəti ilə sıx əməkdaşlıq edir: “Brayl əlifbası ilə çap olunan bülletenlər görmə qabiliyyəti məhdud olan seçicilərin səs verəcəyi məntəqələrlə yanaşı, ehtiyat üçün bütün məntəqələrə də verilir”.

“Azərbaycanın demokratiya təcrübəsi bir çox ölkələrdən daha qədimdir. Bir çox ölkədə seçki hüququ hələ tam formalaşmadığı vaxt, Azərbaycan Cümhuriyyətində qadınlar da daxil olmaqla, bütün vətəndaşlara seçki hüququ verilmişdi. Azərbaycanın tarixi təcrübəsi və müstəqilliyini bərpa edəndən sonra daha da inkişaf edən seçki ənənəsi sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərinin şəffaf, demokratik prinsiplərə uyğun baş tutacağına zəmin yaradır”.

Bu fikirləri “Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında türkiyəli jurnalist Həsən Barın deyib. O, Azərbaycanda seçki təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırıb:

“Bu gün dünyada seçki prosesi ilə bağlı ən vacib məsələlərdən biri təhlükəsizliyin təmin edilməsi, kənar müdaxilələrin qarşısının alınmasıdır. Bütün ölkələr bunu təmin edə bilmir. Azərbaycan seçki təhlükəsizliyinin təmin edilməsində dünya ölkələri üçün nümunə ola bilər”.

Türk jurnalist hesab edir ki, Azərbaycanda keçirilən seçki prosesi beynəlxalq müstəvidə demokratik və şəffaf seçki nümunəsidir.  H.Barın Milli Məclis seçkilərinin ilk dəfə azad olunmuş ərazilərdə keçirilməsinin Azərbaycanın xarici siyasəti üçün önəmli hadisə olduğunu vurğulayıb: “Bu ilin fevral ayında azad olunmuş ərazilərdə ilk dəfə prezident seçkisi keçirildi, sentyabrın 1-də də ilk dəfə parlament seçkiləri baş tutacaq. Bu, Azərbaycanın beynəlxalq müstəvidə, o cümlədən sülh danışıqlarında mövqelərini gücləndirən amildir. Bu ərazilərdə seçki keçirilməsə, danışıqlarda azad olunmuş torpaqlar üzərində suverenliyin təmin edilmədiyi kimi iddialar irəli sürülə bilər. Seçkinin keçirilməsi bu ərazilərdə də insanların təməl demokratik hüququnun təmin edilməsidir ki, bundan sonra Azərbaycana qarşı belə bir iddiaların irəli sürülməsi mümkün deyil. Bu baxımdan, prezident seçkisindən sonra parlament seçkilərinin də azad olunmuş əraziləri əhatə etməsinin Azərbaycanın xarici siyasəti üçün əhəmiyyət kəsb etdiyini düşünürəm”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

20.08.2024 08:00
555