Seçkini 112 minə yaxın müşahidəçi izləyəcək, 227 nəfəri ATƏT DTİHB-nindir
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası aparması üçün bu gün və sabah vaxtları var. Həftənin şənbə günü - avqustun 31-i Azərbaycanda “sükut günü”dür. Seçki qanunvericiliyinə görə, parlament seçkisi ilə əlaqədar həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.
Deputatlığa 1052 nəfərin namizədliyi qeydə alınsa da 61 nəfər sonradan namizədlikdən geri çəkilib. Bu səbəbdən parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib. 125 saylı Zəngilan seçki dairəsindən deputatlığa namizəd Nəsiman Yaqublu bir neçə gün öncə nəqliyyat qəzası nəticəsində həlak olduğu üçün hazırkı vəziyyətə görə seçkidə 990 namizəd mübarizə aparır.
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə ilk dəfə səsvermə hüququ yaranan şəxslərin sayı 51 min 141 nəfərdir.
Seçki ekspertlərinin rəyinə görə, başa çatmaqda olan seçki kampaniyası Azərbaycanda indiyə qədər keçirilən parlament seçkiləri kampaniyaları sırasında ən sakit, gərginliklər yaşanmayan seçki kampaniyası oldu.
Namizədlərin sırasında aktiv, parlaq təbliğat-təşviqat kampaniyası aparanlar olsa da onların sayı elə də çox deyil. Namizədliyi ləğv edilən isə olmayıb.
“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq, namizədlərin qeydə alınması normal səviyyədə həyata keçirildi”. “Seçki 2024" Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurum sədri Məzahir Pənahov deyib. O bildirib ki, proses zamanı sənədləri yerində olmayan iddiaçılardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alınıb: "Təşviqat mərhələsinə gəlincə, çox geniş imkanlar yaradıldı, seçicilərlə harada görüş imkani var idisə, orada da yer ayrıldı. Ona görə təşviqatla əlaqədar heç bir müraciət daxil olmadı".
M.Pənahov deyib ki, bəzi seçicilərin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti başa çatıb: “Rəsmi olaraq seçicilərin hamısına bildiririk ki, bu, onların səs verməsinə məhdudiyyət yaratmayacaq. Seçicilər həmin vəsiqə ilə məntəqəyə gedəcəklər və onlara şərait yaradılacaq ki, səsvermə hüququndan istifadə etsinlər. Yəni seçicilər vaxtı ötmüş şəxsiyyət vəsiqələrinə görə narahat olmasınlar”.
MSK sədri həmçinin qeyd edib ki, Milli Məclisə sentyabrın 1-də keçiriləcək seçkilərə hazırlıqla bağlı beynəlxalq qurumların heç bir iradı olmayıb. Seçkilərdə təhlükəsizliyin təmin olunmasına və qanunvericiliyin tələblərinə riayət edilməsinə ciddi şəkildə riayət olunub.
M.Pənahov bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən, dairə seçki komissiyalarında seçki üçün lazımi infrastrukturun təmin edilməsi vacibdir: “Dairə və məntəqələrin hamısına verilən inzibati binalar bütün tələblərə uyğundur. Xüsusilə azad olunmuş ərazilərdə elə binalar seçilib ki, orada seçki üçün hər şərait var. Oradakı tikililər yüksək standartlara cavab verir və bütün bölgələrə nümunədir”.
MSK sədri deyib ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar 604 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin 227 nəfəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləridir.
111 min 200-ə yaxın yerli müşahidəçi qeydə alınıb. 25 siyasi partiyanın 65 minə yaxın müşahidəçisi qeydiyyatdan keçib.
MSK sədri işğaldan azad edilmiş ərazilərdə yaradılan seçki məntəqələrinin sayının növbəti dövrlərdə artırılacağını da açıqlayıb. O qeyd edib ki, Böyük Qayıdış prosesi genişləndirildikcə, məntəqələrin də sayı artırılacaq. Bu seçkilərdə isə həmin ərazilərdə 54 məntəqə fəaliyyət göstərir.
MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, Mərkəzi Seçki Komissiyasına namizədlərin seçkiqabağı təşviqatla bağlı qanun pozuntusuna yol verməsinə dair heç bir müraciət daxil olmayıb.
O bildirib ki, namizədlərin təşviqat kampaniyası indiyədək bir-birilərinə qarşılıqlı hörmət şəraitində və sakit atmosferdə davam edir: “Namizədlər öz məlumat, ismarış və platformalarını seçicilərinə aydın formada çatdırır, onların suallarını cavablandırırlar. Bir məlumatı da qeyd edim ki, MSK-nın 115 nömrəli "Qaynar xətt"inə indiyədək barmaqla sayılacaq qədər müraciət daxil olub. Onların mütləq əksəriyyəti sorğu xarakterlidir. Yaxud da seçki subyektləri tərəfindən hüquqi məsələlər barədə “Qaynar xətt”imizə müəyyən suallar ünvanlanıb. Təşviqat üçün ayrılan yerlərlə bağlı da suallar olub. Bildiyiniz kimi, namizədlərin seçkiqabağı təşviqatı üçün geniş və hərtərəfli imkanlar təmin olunub, təşviqat prosesinin daha geniş vüsət alması üçün MSK müvafiq qurumlarla birgə 5 min 506 yer müəyyənləşdirib və həmin yerlər barədə ətraflı məlumat ictimailəşdirilərək seçicilərin və təşviqat subyektlərinin diqqətinə çatdırılıb. Ayrılan yerlərdən 3469-u açıq, 2037-si isə qapalıdır. Bütün bu yerlər avqustun 31-i saat 8:00-dək namizədlərin sərəncamındadır".
Seçkilərə ən çox sayda müşahidəçi cəlb edən beynəlxalq təşkilat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və missiyanın media analitiki Kira Kalinina Azərbaycan Mətbuat Şurasında olublar.
Mətbuat Şurası İdarə Heyətinin üzvləri - qurumun beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli, komissiyanın təmsilçiləri Yeganə Hacıyeva və Azər Həsrətin, həmçinin şuranın icraçı katibi Əvəz Rüstəmovun iştirak etdiyi görüşdə ölkəmizdə medianın seçkidə iştirakı ilə bağlı məsələlərə dair suallar cavablandırılıb, MŞ-nin seçki ilə bağlı fəaliyyəti haqda bəhs açılıb. Bildirilib ki, qurum seçkiqabağı təşviqat mərhələsinin media orqanlarında işıqlandırılması ilə bağlı monitorinq aparır. Eyni zamanda seçki günü medianın prosesi işıqlandırması vəziyyəti də diqqətdə saxlanılacaq.
Qeyd edilib ki, monitorinq əsasən ölkənin tanınmış, ictimai rəyə təsir göstərən media subyektlərində aparılır, ədalətli rəqabətə zərər gətirən “qara piar” təmayülləri diqqətdə saxlanılır, belə hallar baş verdiyi təqdirdə, bunun yolverilməzliyinə dair müvafiq tövsiyələr ünvanlanır. Seçki günü isə şuranın əvvəlcədən müəyyənləşdirilmiş mobil və şəhər telefon nömrələri “Qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Prosesi işıqlandıran jurnalistlər səsvermə başladığı andan bitənədək həmin nömrələrlə əlaqə saxlayaraq, mümkün çətinlik və anlaşılmazlıqlar barədə məlumat vermək imkanı qazanacaqlar.
Bundan başqa seçki günü MŞ-nin İdarə Heyətinin üzvləri, eyni zamanda Mərkəzi Seçki Komissiyasında müşahidəçi kimi qeydiyyata alınmış üzvləri də seçkidə jurnalistlərin iştirakının monitorinqini aparacaqlar, ayrı-ayrı məntəqələrdə onlara yaradılmış şəraitlə tanış olacaqlar.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”