Seçkilərə görə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlandı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb.

Musavat.com xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin (DİN) birgə hazırladığı kitabça seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılığının artırılmasına hədəflənib.

Nəşrdə Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü, habelə rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri, xidməti vəzifələrinə uyğun həyata keçirəcəyi tədbirlər ətraflı izah olunub.

Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabça polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.

Etibar Seyidağa,
Musavat.com

23.07.2024 17:15
709