Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?  

Səsverməyə artıq 2 gün qalıb. Qanunvericiliyə görə səsverməyə gələn seçici məntəqədə seçki bülleteni almaq üçün komissiya üzvünə şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Maraqlı məqam odur ki, artıq bizdə eyni hüquqi qüvvəyə malik 2 formada şəxsiyyət vəsiqəsi var: fiziki daşıyıcıda olan adi şəxsiyyət vəsiqəsi və "rəqəmsal şəxsiyyət vəsiqəsi".

Bəs seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bununla bağlı sosial media hesabında qeyd edib:

"Yeni qanunvericiliyə görə  artıq ölkəmizdə "myGov" portalı üzərindən təqdim edilən şəxsi məlumatları özündə əks etdirən  "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə fiziki daşıyıcıda olan şəxsiyyət vəsiqəsi eyni hüquqi qüvvəyə malikdir. Onda belə qənaətə gəlmək olar ki, artıq Məntəqə Seçki Komissiyaları üzərində yalnız  "rəqəmsal şəxsiyyət vəsiqəsi" olan və smartfonu vasitəsilə bunu təqdim edən seçiciləri də seçki məntəqəsində qarşılamağa hazır olmalıdırlar.

"MyGov" portalı üzərindən təqdim edilən "rəqəmsal şəxsiyyət vəsiqəsinin"  doğruluğunu yoxlamaq, QR kod oxumaq  üçün nəzərdə tutulan "myGov Checker" tətbiqi də komissiya üzvlərinin telefonlarına yüklənməlidir. Bununla bağlı izahedici materiallar nədənsə paylanmayıb və gözə dəymir. Güman ki, seçicinin daha müasir və yeni identifikasiya forması ilə bağlı  təlimatlar komissiya üzvlərinə verilib.

Ümid edirəm səsvermə günü  "rəqəmsal şəxsiyyət vasiqəsi" ilə səs vermək istəyənlər problemlərlə üzləşməyəcəklər".

 

Xalidə Gəray

Musavat.com

30.08.2024 15:59
396