Əgər seçkidə qalib gəlsəm, rəsmi olaraq vəzifəyə başlamazdan əvvəl seçilmiş prezident kimi Ukraynadakı müharibəni həll edə biləcəyimə inanıram. Mən bu müharibəni dayandıra bilərəm, çünki bu, çox dəhşətli müharibədir".
Bu sözləri ABŞ prezidentliyinə namizəd Donald Tramp ötən həftəsonu Nyu-York İqtisadi Klubunda deyib.
Tramp bildirib ki, onun planı vəzifəyə gəldikdən sonra 12 ay ərzində enerji qiymətlərini yarı və ya daha çox azaltmağı ehtiva edir. “Putin 40 dollarlıq neftlə mübarizə apara bilməz”, - deyə o qeyd edib.
Tramp nefti 40 dollara necə sala bilər? Rusiya bir yana, bunun Azərbaycana, dövlət büdcəsinə hansı təsiri ola bilər? Büdcəmizdə neft hansı qiymətdə götürülüb?
Qeyd edək ki, bir müddət əvvəl məşhur Wall Street banklarının nümayəndələri də Donald Trampın prezidentlik yarışının nəticələrinin təsirini qiymətləndirərkən deyiblər ki, onun ABŞ seçkilərində qalib gəlməsi neftin qiymətinin aşağı düşməsinə səbəb ola bilər.
"Goldman Sachs və Citigroup"un analitikləri qeyd ediblər ki, respublikaçı namizədin ölkədə neft hasilatını artırmaqla bağlı verdiyi vədlərin yerinə yetirilməsi ehtimalı azdır. Bununla belə, Trampın təklif etdiyi ticarət tarifləri qlobal iqtisadiyyata böyük təsir göstərərsə, bu, əmtəə qiymətlərini bir barel üçün 11-19 dollara qədər azalda bilər. "Goldman"ın neft araşdırmalarının rəhbəri Daan Struyvenin fikrincə, Trampın yenidən seçilməsi qiymətlərin 75-90 dollara düşməsi riskləri yaradır.
Bank nümayəndələri də Trampın İran ixracına qarşı sanksiyaları yeniləyəcəyi təqdirdə neftin qiymətini artıra biləcəyini istisna etmirlər. Nümunə olaraq onun sonuncu dəfə mənfi nəticələrə səbəb olan “maksimum təzyiq” strategiyasını göstərirlər. İranın neft hasilatı Trampın ikinci dövründə gündə təxminən bir milyon barel və ya təxminən üçdə biri azala bilər. Bununla belə, digər OPEC+ ixracatçıları neftin qiymətinin bir barel üçün 9 dollar civarında artımını məhdudlaşdırmaqla boşluğu doldurmağa çalışacaqlar. Trampın ABŞ-ın neft hasilatını artıracağına dair vədinə baxmayaraq, banklar hasilata çox az əhəmiyyətli təsir gözləyirlər ki, bu da artıq rekord səviyyədədir.
“Trampın demokrat namizəddən daha çox neft və qazla bağlı gündəmi olduğu görünsə də, onun fiziki neft bazarlarına bilavasitə təsiri məhdud olacaq”, - deyə "Citigroup" izah edib.
Vüqar Bayramov
İqtisadçı millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, neftin dünya bazarında qiymətinin müəyyənləşdirilməsində siyasi faktorlar var: “Amma bütün hallarda siyasi təzyiqlərin olmasına baxmayaraq neft sektoru bir bazardır. Bazar olduğuna görə burada tələb-təklif praktik olaraq qiymətə birbaşa təsir göstərir. Təbii siyasi alətlərlə neftə olan tələbin artırılması və ya təklifin azaldılması mümkündür. Amma son illərin təcrübəsi göstərir ki, bu heç də uzunmüddətli dövrü əhatə edə bilmir. Hətta pandemiya dövründə belə neftin uzun müddət qiyməti dünya bazarında aşağı səviyyədə qalmadı. Təbii, bir sıra Qərb ölkələri enerji resursları vasitəsilə bəzi ölkələrə, o cümlədən Rusiyaya təsir etmək istəyirlər. Bunu açıq şəkildə də bəyan edirlər. Amma Rusiya-Ukrayna müharibəsini neftin dünya bazar qiyməti aləti üzərində qurmaq və bununla da müharibənin sonlandırılmasına nail olmaq strateji bir yanaşma kimi qəbul edilə bilməz. Bir sıra Qərb ölkələri enerji resurslarının aşağı düşməsində maraqlıdırlar və dəfələrlə bu maraqlarını nümayiş etdirirlər. Çünki onlar əsasən istehlakçıdırlar. Amma hazırda ən çox neft hasil edən ölkələr Rusiya və Səudiyyə Ərəbistanıdır. ABŞ hasil etdiyi neft ilə daxili tələbatın yarısını ödəyir. ABŞ-ın ixrac imkanları neft baxımından yüksək deyil. Çünki daxili tələb kifayət qədər yüksəkdir. Ona görə Qərb çalışacaq, amma kifayət qədər aşağı qiymətin uzunmüddətli olacağı gözlənilən deyil. Amma sözsüz mərhələli şəkildə, xüsusən də elektrik avtomobillərinin qlobal avtomobil bazarında payının artması fonunda neftə olan tələbin azalması və qiymətlərin aşağı düşməsi gözləniləndir. Ümumiyyətlə, strateji və ya uzunmüddətli dövrdə neftin dünya bazar qiymətinin əvvəlki illərdə olduğu kimi çox yüksək olacağı gözlənilmir”.
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Trampın komandasının əsas strategiyası ucuz neft qiymətləri yolu ilə Amerika iqtisadiyyatını rəqabətli hala gətirməkdir: “Son yüz ildə nə vaxt neft qiymətləri ucuz olub, Amerika iqtisadiyyatı daha güclü inkişaf edib. Ona görə belə bir strategiya mövcuddur. Düzdür, neftin qiymətini asanlıqla 40 dollara salmaq mümkün deyil, amma Amerikanın elə bir gücü var. Tramp seçilərsə, strategiyalar onun üzərində qurulacaq. Əsasən də Amerikada neft hasilatının artırılması üzərində qurulacaq. Çünki Amerika dünyada ən böyük neft istehsalçısıdır, həm Səudiyyə Ərəbistanı, həm də Rusiyanı keçib. Gündəlik neft hasilatı 13.4 milyon bareldir. Bunun 14-16 barelə qədər artırılması potensialı var. Trampın komandası iş adamlarına da müraciət edib ki, neftlə bağlı vergiləri aşağı salacaq, dövlət dəstəyi olacaq. Yeni yataqların işlənilməsinə lisenziyaların verilməsi asanlaşdırılacaq və sair. Bu nöqteyi-nəzərdən strategiya mövcuddur. Yerinə yetirilməsi zaman ala bilər. Ola bilsin, 40 dollar olmaya da bilər, 45-50 dollar ola bilər. Amma neftin ucuzlaşdırılmasına doğru addımlar mümkündür”. Ekspert əlavə edib ki, Azərbaycana təsirləri mənfi olacaq: “Azərbaycanın gəlirləri neftə görə formalaşır. Neft nə qədər ucuz olacaqsa, gəlirlər bir o qədər aşağı olacaq. Gəlirlər aşağı olarsa, Azərbaycanın büdcəsində, ticarət balansında problemlər yaşana bilər. Manatın ucuşlaşmasının şahidi ola bilərik. Ciddi inflyasiya basqıları yaranacaq. Yəni neftin ucuzlaşmasının Azərbaycana hər zaman mənfi təsirləri olub”.
Yeri gəlmişkən, neftin qiyməti ilə bağlı bədbin proqnozlar davam edir. Belə ki, qlobal investisiya bankı olan “Morgan Stanley” Brent neftin qiyməti ilə bağlı proqnozunu yenidən aşağı salıb, son həftələr ərzində ikinci dəfə azaldıb, çünki bazarda tədarük artıqlığı davam edir.
Marja.az xəbər verir ki, qlobal bankın analitiklərinə görə, Brent markalı neftin qiyməti 2024-cü ilin dördüncü rübündə orta hesabla 75 dollar/barel olacaq. “Morgan Stanley” analitikləri daha əvvəl oktyabr-dekabr ayları arasında Brent markalı neftin qiymət proqnozunu 85 dollardan 80 dollara endirmişdilər. Gələn ilin böyük hissəsi üçün proqnozlar da bir qədər aşağı salınıb. Brent nefti bu yaxınlarda 2021-ci ilin sonundan bəri ən aşağı səviyyəyə düşüb, çünki Çində tələbin azalması ilə bağlı narahatlıqlar davam edir, ABŞ iqtisadiyyatının yavaşlaya biləcəyinə dair siqnallar var.
“Morgan Stanley”in analitikləri 9 sentyabr tarixli hesabatda “Neft qiymətlərinin son hərəkəti tələbin əhəmiyyətli dərəcədə zəiflədiyi digər dövrlərə bənzəyir”, - qeyd ediblər.
“Morgan Stanley” də son proqnozu ilə neftin qiyməti ilə bağlı bədbin proqnozlar açıqlayan böyük maliyyə qurumlarının sırasına qoşulub.
“Goldman Sachs Group” keçən ay proqnozlarını dəyişib. “Goldman Sachs”ın analitikləri 2025-ci il üçün Brent markalı neft üzrə orta qiymət proqnozlarını 82 dollardan 77 dollara endiriblər.
“Citigroup” bu yaxınlarda, bazarda həddən artıq təklif olduğunu bildirib və OPEC+ın hasilatda ixtisar etməsə, qiymətlərin 2025-ci ildə orta hesabla 60 dollar/barel ola biləcəyini gözləyir.
Onu da nəzərə çatdıraq ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 1,25% artaraq 1 barelə görə 71,95 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,34% artaraq 1 barelə görə 68,58 ABŞ dolları olub.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”