Səbrimizi daşıran TERROR - Bir il öncə Qarabağda nə baş vermişdi?

Nikol Paşinyan erməni xalqından üzr istəyir, Ermənistandan maşa kimi istifadə edən qüvvələr isə daşı ətəyindən tökmək istəmirlər; ekspertlərdən açıqlamalar: “Cənubi Qafqaz evi” hər 3 ölkənin - Gürcüstanın, Azərbaycanın və Ermənistanın maraqlarına cavab verir"...

Bir il öncə bu günlər Qarabağın Azərbaycanın nəzarətində olmayan hissəsində Rusiya hərbi kontingentinə arxayın olan erməni separatçı-quldurların qalıqları dövlətimizə əməlli-başlı meydan sulamaqda idi. Azərbaycana, onun müstəqilliyinə, geri qayıtmaqda olan keçmiş köçkünlərin təhlükəsizliyinə təhdidlər yaratmağa davam edən bu silahlı ünsürlər vətəndaşlarımıza qarşı vaxtaşırı terror aktları törədirdilər.

Bu, həm də onun nəticəsi idi ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdı. Bunu da qeyd edək ki, 2023-cü il aprelin 23-də artıq Azərbaycan Dövlət Sərhəd Xidməti 10 noyabr sənədinə zidd olaraq Ermənistandan Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında “Laçın” nəzarət-buraxılış məntəqəsi qurulmuşdu. Buna rəğmən, separatçıların cinayətləri davam edirdi.

Son olaraq 2023-cü il sentyabrın 19-da növbəti terror olayı, Əhmədbəyli-Füzuli-Şuşa yolunda mina partlayışı nəticəsində 2 mülki şəxsimiz həlak oldu. Onlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşları idi. Rəsmi məlumatda deyilirdi ki, “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması nəticəsində agentliyin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviç həyatlarını itirib. Dərhal faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanmışdı. Lakin artıq gün kimi aydın idi ki, Azərbaycan dövləti təcili və sərt tədbirlər görməzsə, erməni terrorçuları daha da azğınlaşacaq, canlı itkilərimiz artacaq.

Odur ki, elə həmin gün ölkə rəhbərliyi, Ali Baş Komandan İlham Əliyev Qarabağın Rusiya “sülhməramlılarının” nəzarətində olan hissəsində antiterror tədbirləri keçirməklə bağlı tarixi qərar verdi. Nəticə məlum: 24 saatdan da az bir müddətdə xunta rejimi ağ bayraq qaldırdı. Qarabağda erməni separatizminin kökü kəsildi. Bu, son 100 ilin möhtəşəm bir uğuru, Azərbaycanın, onun ordusunun növbəti tarixi zəfəri idi. Ötən bir ilin əsas yekunu nədən ibarətdir? Son vaxtlar Qərbin müəyyən dairələrindən erməniləri Qarabağa qaytarmaqla bağlı artan çağırışlarda, hətta təzyiqlərdə əsl məqsəd nədir? Həmin dairələr və paytaxtlar nəyə nail olmaq istəyir və bu təzyiqlər nə qədər çəkə bilər?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında öncə çağdaş dövrümüzün şərəfli tarixi hadisələri barədə bunları  söylədi: “Azərbaycan Ordusu 2020-ci ildə Şuşa şəhərini azad etdikdən sonra separatçıların olduğu Xankəndinə daxil olmağa hazırlaşırdı. Ermənistanın baş naziri Nikol Paşinyan təslim olmağa qərar verdi. 2020-ci ilin 9 noyabrında Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli bəyanat qəbul olundu. Azərbaycanın Qarabağın tamamını nəzarətə alması əməliyyatı müvəqqəti dayandırıldı. Sonrakı aylarda Laçın, Ağdam və Kəlbəcər boşaldıldı. Ancaq Ermənistan üçtərəfli bəyanatın bəndlərindən birini yerinə yetirmədi, qoşunlarının bir hissəsini Xankəndi və ətrafından çıxarmadı. Laçın yolu ilə silahlar daşınırdı. Bütün bunlara son qoymaq lazım idi. Bu səbəbdən Azərbaycan Ordusu 2023-cü ilin sentyabr ayında növbəti əməliyyata başlayaraq Qarabağın tamamında suverenlik tam bərpa edildi. Rusiya hərbi kontingenti Azərbaycan Ordusunun Qarabağdakı əməliyyatına mane olmadı. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də televiziya ilə xalqa müraciətində bir neçə məsələdən danışdı. Birincisi, İlham Əliyev dedi ki, Qarabağın Azərbaycana reinteqrasiyası sürətlənəcək. Həqiqətən son bir il ərzində azad olunan ərazilər tikinti meydançasına çevrilib. İkincisi, İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan ordusunun Qarabağdakı əməliyyatına mane olmamasını müsbət qiymətləndirdi".

Politoloq qeyd etdi ki, Paşinyan Azərbaycana mane olmaq istəsəydi, müharibə Ermənistan ərazisinə keçəcəkdi: “Paşinyan bunu anladığından Azərbaycanın hücum əməliyyatına seyrçi qaldı. Nikol Paşinyan və ermənilərin mütləq əksəriyyəti üçün Qarabağ mövzusu bitsə də, ABŞ Konqresindəki bir qrup konqresmen "it motaldan əl çəkdi, motal itdən əl çəkmədi" deyimində olduğu kimi, ermənilərin Qarabağa qayıdışını müzakirəyə çıxarmağa çalışır və Azərbaycana qarşı müxtəlif ittihamlar irəli sürürlər. "İt hürər, karvan keçər" deyimində olduğu kimi, həmin konqresmenlərin anti-Azərbaycan müzakirələrinin heç bir əhəmiyyəti yoxdur. Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını və pasportlarını qəbul etməyə hazır olduqları halda geri dönə bilərlər, əks halda, bu, mümkün deyil". E.Şahinoğlu qeyd etdi ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda tikinti işlərini davam etdirir, azərbaycanlıların bölgəyə qayıdışı sürətlənib: “Növbəti mərhələdə iki ölkə arasında sülh sazişinin imzalanması gəlir. Bunun üçün Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bənd çıxarılmalıdır. Azərbaycanla Ermənistan arasında əldə olunacaq sülh "Cənubi Qafqaz evi"nin yaranmasına şərait yaradacaq. “Cənubi Qafqaz evi” hər 3 ölkənin - Gürcüstanın, Azərbaycanın və Ermənistanın maraqlarına cavab verir".

Tural İsmayılov: “Baş verənlər Ermənistanın layiqli cavab almağını zəruri  edən bir hadisəyə çevrilir” | 1news.az | Xəbərlər

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov xatırlatdı ki, ötən bir il ərzində ölkəmizə qarşı informasiya hücumları güclənib: “Belə ki, Azərbaycanın uğurlu antiterror əməliyyatlarından sonra regionda yaranan yeni siyasi reallığı həzm etməyən qüvvələrin son bir il ərzində dezinformasiya hücumları daha da artıb. Cənubi Qafqaza sızmaq istəyən bir çox imperialist dairələrin işğalın və separatizmin bitdiyini həzm etmədiyini gördük. Diqqət edək, məhz Xankəndidə separatçılığın kökü kəsiləndən sonra Qərbdən Ermənistana dəstək çoxaldı”.

T.İsmayılov qeyd etdi ki, bu gün Ermənistana Fransa tərəfindən ən ağır hücum silahları verilir: “USAİD Fondu birdən-birə Ermənistana yardımın miqdarını 250 milyon dollara çıxardı. Bütün bunlar çox təhlükəli tendensiyalardır. Məqsəd Ermənistanı maşa kimi daim istifadə etmək və ölkəmiz əleyhinə qızışdırmaqdır. COP29 ərəfəsində erməni lobbisinin təzyiqləri artır. Okampo, Rasmus Kanbek və sair kimi vicdansızların əli ilə basqıları artırmaq istəyirlər. Lakin qazandığımız qələbə yeni reallıqlar yaradıb və əleyhidarlarımız bunu həzm etmək məcburiyyətindədirlər. Başqa yol yoxdur və ola da bilməz...”

Bəli, Azərbaycan yeni reallıqlar yaradıb və əksi mümkün deyil. Amma yenə də bəzi çevrələr Ermənistanda möhkəmlənmək naminə oyunbazlıqlarından əl çəkmir. Məsələn, Fransa kimi ölkələr Ermənistanı həm hərbi cəhətdən gücləndirməyə çalışır, həm də diplomatik müstəvidə himayə edirlər. “Fransa həmişə Ermənistanın yanındadır. Fransada bütün siyasi qüvvələrin razılaşdığı mövzular çox azdır və Ermənistan da onlardan biridir. Bilin ki, hər zaman dəstəyimizə arxalana bilərsiniz”. Bunu Fransa xarici işlər naziri Stefan Sejurne İrəvanda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib. O, birbaşa Rusiyanın adını çəkərək Ermənistanın təzyiq və təhdidə məruz qaldığını iddia edib. Amma bu, həm də Azərbaycana mesaj sayıla bilər. Amma gələcəkləri kimi, görəcəkləri də var...

Bu arada, baş nazir Nikol Paşinyan “Əminəm ki, xalqımız öz seçimini çoxdan Real Ermənistanın xeyrinə edib. Amma müxtəlif dövrlərdə hakimiyyətdə olan bizlər ona qulaq asmadıq, əslində xalqımızı "tarixi dövran" içində yaşamağa məcbur etdik. Bu səbəbdən biz xalqımızdan üzr istəməliyik və mən də öz tərəfimdən üzr istəyirəm", - deməklə faktiki olaraq real düşündüyünü diqqətə çatdırmaq istəyib. Görək davamını da gətirəcəkmi?..

Elşad PAŞASOY,
“Yeni Müsavat”

17.09.2024 08:37
1278