Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi “Sea Breeze” işi üzrə məhkəmə araşdırmaları davam edir. İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli təqsirləndirilən şəxslərdir. Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar. Cinayət işi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində istintaq olunub. Məhkəmə araşdırmasında olan bu işdən əlavə daha iki cinayət işi olub. Həmin işlərdən biri də məhkəməyə göndərilib. Elmir İsmayılov və digərlərinin cinayət işi üzrə zərərçəkən olan Cavad Muradov digər iş üzrə təqsirləndirilən şəxsdir. Buna görə o da həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Təqsirləndirilən şəxslərdən Peyman Vəlizadə, Elmir İsmayılov və Məhəmməd Həsənzadə də həbsdədirlər, Murad Əhmədli isə azyaşlı olduğundan barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib.
Musavat.com xəbər verir ki, dekabrın 26-da keçirilən prosesdə hakim Mirheydər Zeynalov nümayəndə Cavidan Osmanlıya tapşırdı ki, növbəti prosesdə Elnur Məmmədov iştirak etsin. Tərəflər Elnur Məmmədovun iştirakı olmadan məhkəmənin davam etdirilməsinə etiraz etmədilər.
Hakim bildirdi ki, ötən prosesdə Peyman Vəlizadə və Murad Əhmədlinin telefon-anten məlumatları ilə bağlı Azercell-ə verilmiş sorğu cavablandırılıb. Cavabdan aydın oldu ki, hadisə baş verən zaman Peyman Vəlizadə və Murad Əhmədli Mərdəkan qəsəbəsində olublar. Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli dedi ki, cavabdan açıq-aşkar görünür ki, Peyman Vəlizadə və Murad Əhmədli ittihamda göstərilən saat 23:00 radələrində “Sea Breeze”nin yerləşdiyi Nardaran qəsəbəsində olmayıblar: “Onlar kilometrlərlə uzada yerləşən Mərdəkan qəsəbəsində olublar. Hər iki şəxsin “Sea Breeze”yə gəlməsi gecə saat 4:44 və 4:52-yə təsadüf edib. İşdə olan videogörüntülər də, şahid, təqsirləndirilən və hətta zərərçəkənlərin də ifadələri ilə sorğudakı cavab üst-üstə düşür”.
Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov dedi ki, cavabdan aydın olur ki, onlar tərəfdən xuliqanlıq yoxdur: “Xuliqanlığın mahiyyəti təşəbbüsdən irəli gəlir. İctimai qaydanı pozmaq təşəbbüsü kimin hərəkətlərindən əmələ gəlib, biz onu müəyyən etməliyik. İttiham da, guya ona görə verilib ki, guya saat 23 radələrində orada qarşı tərəfə Elmir mühafizəçilərlə birgə yanaşıb. Biz sübut etməyə çalışırıq ki, ittiham başlanğıcından səhv verilib. Orada Elmirin yanında mühafizəçi olmayıb. Olmayıbsa, deməli biz tərəfdən xuliqanlıq əməli də olmayıb. Orada xuliqanlıq olubsa, bunun da təşəbbüskarı biz deyilik. Görünən odur ki, bu uşaqlar ora səhərə yaxın 5-ə işləmiş gediblər. O da başını-gözünü vurub əzəndən sonra Elmir qardaşına zəng edib. Bu sübut da onu göstərir ki, bu şəxslər Elmirdən savayı doğurdan da hamısı bir yerdə Mərdəkan qəsəbəsində olublar və sübut onların ittihamda göstərilən bu əməlləri icra etmədiklərini göstərir.
Murad Əhmədlinin vəkili Faiq Nəcəfli bildirdi ki, işdə qrup halında xulianlıqdan söhbət gedə bilməz. Çünki telefon-anten məlumatlarından görünür ki, hadisə baş verən zaman Peyman Vəlizadə, Murad Əhmədli və Məhəmməd Həsənzadə “Sea Breeze”də olmayıblar.
Dövlət ittihamçısı özü də şahid oldu ki, müstəntiq işi düz aparmayıb, qərəzli olaraq səhv aparıb, ittiham aktını bu şəkildə formalaşdırıb. Şahid ifadələrində Murada qarşı bir cümlə olsa belə ifadə yoxdur. Telefon-anten məlumatları da göstərir ki, o, “Sea Breeze”yə mübahisədən 5 saata yaxın vaxt keçəndən sonra gəlib. Onun iştirakı təsdiqini tapmır. Biz hesab edirik ki, burada qrup halında xuliqanlıqdan söhbət gedə bilməz.
Peyman Vəlizadənin vəkili də xüsusi olaraq vurğuladı ki, Azercell-dən verilən cavabdan bir daha aydın olur ki, Peyman, Murad Əhmədli, mobil operatorun əvvəlki cavabından isə Məhəmməd Həsənzadə ittihamda göstərilən saatda “Sea Breeze”də olmayıblar.
Dövlət ittihamçısı Amin Şəkərəliyev Murad Əhmədlinin vəkili iştirak etmədiyini, belə bir halda prosesin davam etdirilməsinin tərəfdarı olmadığını dedi.
Vəkil Faiq Nəcəfli dövlət ittihamçısına bildirdi ki, Murad Əhmədlinin valideyni ilə müqavilə bağlayıb və orderi məhkəməyə təqdim edib. Amin Şəkərəliyev bundan başqa Elnur Məmmədovun iştirakının vacib olduğunu diqqət çatdırdı, bu halda onun iştirakı olmadan sübutun tədqiqinin düzgün olmadığını dedi. Elnur Məmmədovun nümayəndəsi Cavid Osmanlı dövlət ittihamçısının mövqeyini dəstəklədi.
Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli isə etiraz etdi: “Bu gün, cənab prokurora sərf eləmir deyə, ittihamın sübutları bir-bir aradan qalxır deyə, bu cür mövqe sərgiləyir. Bu sübutdan da açıq-aşkar görünür ki, ittihamda göstərilən saatda bu adamlar orada olmayıb. İttihamda isə saatı dala-qabağa sürüşdürmək olmur. İstintaq müəyyən etdiyini yazır ki, guya 23 radələrində təqsirləndirilənlər orada olublar. Sorğudan cavabdan da görünür ki, olmayıblar. İstintaq 23 radələri deyir, yazırlar ki, bunu istintaqla müəyyən ediblər. Hörmətli prokuror da görür ki, burada nə qədər bəraətlər var. Biz bu günə qədər Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməsini tələb edəndə, hamı deyirdi ki, sən Elnuru neynirsən, Elnur hazırlıqda da oldu, prosesdə də ifadə verdi. Bu gün burada onun nümayəndəsi də iştirak edir. Elnur dəvət etdik, gəldi. O gəlib bura nə deyəcək? Məgər o, Azercell-də işləyir? Bəs siz, hörmətli prokuror, Elnur Məmmədov neçə dəfə prosesdə iştirak etməyib, siz onun barəsində məcburi gətirilmə verilməsini niyə istəmədiz? Bəsdirin camaatın taleyi ilə oynadınız!!! Elə bilirsiz ki, bu uşaqlar “içəri”də istirahətdədir? Onların taleyi ilə oynamaq olmaz! Xahiş edirəm ölçü götürün. Uşaqların zindanda olmalarını nəzərə alın. Görür ki, uşaqların günahı yoxdur, iş bəraətlikdir, mövqe bildirməkdən yayınır”.
Vəkil Vüsal Orucov qeyd etdi ki, prosesin əvvəlində qərar verilib ki, proses Elnur Məmmədovun iştirakı olmadan keçirilsin. Elnur Məmmədovun nümayəndəsi sübutun tədqiq olunması üçün məhkəmədən vaxt istədi.
Vəkil Faiq Nəcəfli hakimin diqqətinə çatdırıb ki, Elnur Məmmədov sərbəst ifadə verərkən Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Murad Əhmədlinin “Sea Breeze”də olmadığını deyib.
Təqsirləndirilən Məhəmməd Həsənzadə isə Elnur Məmmədovun məhkəmədə ifadə verərkən onların “Sea Breeze”də olmadıqlarını söylədiyini xatırlatdı, dövlət ittihamçısını doğru mövqe tutmamaqda suçladı:
“Biz də müsəlmanıq, biz də bu xalqın övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb nədir?”
Proses yanvarın 9-da davam etdiriləcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com