Hər dövrün özünə məxsus innovativ texnologiyaları var. 10 il əvvəlin ən tərəqqi etmiş sistemləri kommunal sahədə kartla ödəniş idi. Yəni, karta məbləğ vurulurdu, sonra isə cihaza yaxınlaşdırılırdı, yaxud da insanlar mexaniki olaraq sayğacları açıb bağlayırdı. Amma dövr dəyişdikcə bizim ağıllı dediyimiz sistemlərin də mahiyyəti dəyişir. Hazırda Azərbaycanda yaxın illərdə geniş tətbiqi gözlənilən alətlərdən biri də ağıllı sayğaclardır.
Bəs ağıllı sayğaclar nədir və o, insanların işini necə asanlaşdıracaq?
Musavat.com-un xəbərinə görə, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, həmin sayğacların özləri artıq ağıllı cihaza çevriləcək:
“İnsanlar belə sayğaclara müdaxilə etməyəcəklər. Sayğacın özünün interneti olacaq və vətəndaş hər hansısa bank və ya ödəmə sistemindən ödəniş etdiyi zaman pul sistemə köçürüləcək. Hazırda bu sahədə ağıllı sayğac anlayışının Azərbaycanda yenilənməsini gözləyirik. Burada bir neçə pilot layihə müşahidə olunur. Onları əsasən “Azərişıq” və “Azəriqaz” kütləvi olmayan formada tətbiq edib.
Qaz sayğaclarının işi “əşyaların interneti” texnologiyasına çevrilir. Bu, o deməkdir ki, sayğacımızda balans bitən zaman telefonla ödəniş edəcəyik , balans artacaq və sayğac işə düşəcək. Bu istiqamətdə kiçik pilot layihələr tətbiq edilir. Yəni, bəzi binalarda belə sayğaclar quraşdırılıb. Kütləvi deyil, çox azdır.
Hələlik sınaqdan keçirilir. Ağıllı cihazların tətbiqinə çalışmaqda məqsəd odur ki, insanların qapıları qaz, su, işıq puluna görə döyülməsin və həmin sahə inzibatçıları vətəndaşlarla birbaşa ünsiyyətə girməsin. Ödənişlər birbaşa, internetə bağlanaraq köçürülsün”.
Ekspert deyir ki, ağllı sayğacların tətbiqi zamanı qaz partlaması ilə bağlı məsələlər də nəzərə alınacaq:
“Qaz partlaması təhlükəsini diqqətdən kənarda qoya bilmərik. Buna görə də qaz sensorları ilə əlaqə olmalıdır. Qaz sızıntısının olub- olmadığı yoxlanıldıqdan sonra sayğac işə düşməlidir. İşıqda isə belə təhlükə yoxdur. “Əşyaların interneti” sistemində bunların hamısı tənzimlənəcək. Məqsəd odur ki, sayğaclar özü-özünü açıb bağladıqda evdə hər hansısa təhlükə baş verməsin. İnkişaf etmiş ölkələrdə bunun anoloji təcrübəsi var.
Azərbaycanda yaxın 5 il ərzində kommunal sahədə sayğacların tamami ilə internetə bağlanması , vətəndaşların onlayn vasitələrlə ödəniş etməsi, sayğacların birbaşa açılması gözlənilir. Kommunal münasibətlər rəqəmsal formada tənzimlənəcək.
Gələcəkdə əşyaların İnterneti (internet of things) texnologiyası tətbiq edilən zaman evdə hətta tozsoran, soyuducu da internetə bağlanacaq”.
Şahanə Rəhimli,
Musavat.com