Şaxtalı Gürcüstanda “YANDIRAN” qiymətlər - Bakuriani və Borjomi niyə bu qədər bahadır? - FOTOLAR, VİDEO

Yeni il bayramında Tiflisə səyahət edənlər üçün yolunu Bakuriani və Borjomidən salmaq ən yaxşı seçimdir. Xüsusən də turistlər xizək mərkəzi olan Bakurianidə qalmağa, yeni il bayramını orda keçirməyə üstünlük verirlər. Biz də dekabrın 30-da internetdən tapdığımız bir tur şirkətinin vasitəsilə Tiflisdən Bakuriani-Batumi səfəri təşkil etdik. Gürcüstanda qiymət sudan ucuzdur deyənlərin əksinə olaraq, 2023-cü ilin Gürcüstanı öz qiymnətləəri ilə bizi o qədər də sevindirmədi. Xüsusən Tiflisdə və Bakurianidə. Təkcə 3 nəfərə 3 saatlıq yol məsafəsi üçün bir maşın kirayələyib, Bakuriani-Borjomi turu gerçəkləşdirməkdən ötrü 180 dollar ödəniş etmək məcburiyyətində qaldıq. Təbii ki, bura sürücünün tur bələdçi olması faktorunu da daxil etmək lazımdır.

Tur bələdçimiz və sürücümüz olan gürcü Koca isə yolboyu söyləyirdi ki, artıq Gürcüstan əvvəlki illərdən fərqli olaraq, turistlərin su puluna istirahət etdiyi məkan deyil. Qiymətlər bahalanıb, infrastruktur ürəkaçan durumda deyil, gürcü işbazın turistə münasibəti barədə isə danışmaq istəmirəm. Bəzən qiymət soruşanda danışmamaq üçün telefonun kalkulyator qisminə qiyməti yazıb göstərməklə belə kifayətlənirlər.

WhatsApp Image 2024-01-04 at 19.49.04.jpeg (255 KB)

Hələ mən yanvarın 1-də bütün mağazaların, AVM-lərin bağlı olmasından və üzərinə yazılan “2 yanvar saat 12-dən sonra işləyəcəyik” elanına toxunmuram. Şəhərdə turist qaynayır, amma ticarət mərkəzləri istirahətdədir. Bu təəssüratlarla davam etdiyimiz yolda qəfil şəkildə musiqili ifa ilə qarşımızı kəsib pul istəyən “sənətçilər” diqqət çəkir. Oxuyurlar, çalırlar və pul istəyirlər. Bələdçimiz deyir ki, bu, gürcülərdə milli adətdir, bunu yol kəsən gürcülərlə qarışdırmaq olmaz.

Beləcə, şiikayətlənə-şikayətlənə gəlib çatırıq Borjomiyə. Borjomi Botanika Bağı. Bizim mərmərlə döşənmiş park və botanika bağlarımızdan fərqli olaraq burada ana təbiəti hiss etmək mümkündür. Bizim gəlişimizdən bir neçə gün əvvəl buralara qar yağıb. Borjominin mənbəyindən mineral su içirik, bir neçə dəqiqə gəzinti edirik. Borjimi parkına gəlib, sevgi körpüsündən qıfıl asmamaq isə günah olar. 1 lariyə qıfıl alıb, körpüyə asa və arzunu tuta bilərsən. Növbəti dayanacağımız isə Bakurianidir.

WhatsApp Image 2024-01-04 at 19.49.03.jpeg (594 KB)

Bu kiçik qəsəbə də, yolda içindən keçdiyimiz kurort tipli şəhərciklər də, kiçik dükanlar bir daha sübut edirdi ki, bura işbazlar üçün açıq bazardır. Yəni, təbiət var, gözəllik var, sadəcə turizmi burada lazımi səviyyədə qurub yaratmaq lazımdır. Hər tərəf otel, restoranla dolu olsa da, qiymətlər əl yandırırdı. Xizəklərin kirayəsi, kanata minmək, inanın ki, qiymətlər baxımdan Şahdağdan qeyri-adi dərəcədə fərqlənmirdi. Burda bir neçə xidmətdən istifadə etmək 100 dollardan ucuz başa gəlmir. Restoranlardakı menyu da normal qiymətlədən iki dəfə bahadır. Şahdağla, Tufandağla aralarındakı yeganə fərq odur ki, burda yerə süni qar yağdırılmırdı. Qarın təbiisi, qiymətlərin isə sünisi ilə üz-üzə idik.

Bir sözlə, Gürcüstan və onun şəhərləri artıq bir neçə il öncə ilə müqayisədə ucuz və sərfəli səyahət məkanı sayıla bilməz. Azadlıqlar ölkəsi, demokratiyanın beşiyi, Avropaya inteqrasiya, şengen ölkələrinə vizasız səfər... bütün bunlar isə turistdən daha çox, yerli əhalinin həyatına gözəllik qatır. Maksimum nəzakət, gözəl xidmət, normal şərtlər – turistin Gürcüstan turizmindən gözlədiyi budur. Nə qədər gözləyəcək, bilinməz...

Sevinc Telmanqızı,
Batumi-Bakuriani (Gürcüstan)

04.01.2024 19:48
3104