“Saxta içkilərə qarşı effektli mübarizə aparılmalıdır” - SƏRT ÇIXIŞ 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, deputat Qüdrət Həsənquliyev bildirib ki, biz bu qanunu qəbul etsək, çox pis bir ənənənin başlanğıcını qoymuş olacağıq:

“Ona görə ki, bazar iqtisadiyyatı olan ölkələrdə dövlət qiyməti vergilər, rüsumlar yolu ilə tənzimləyir, yəni qiymət müəyyənləşdirmir. Sabah da deyəcəyik ki, insan orqanizmi üçün çox vacib olan qidalar var, gəlin həmin qidalar üçün də yuxarı hədd müəyyənləşdirək ki, sahibkar öz malını bundan baha qiymətə sata bilməsin. Mən hesab edirəm ki, bu, yolverilməzdir. İkincisi, qiymətin artırılması nə vaxtdan istehlakçıların hüquqlarının müdafiəsi kimi təqdim oluna bilər? Əgər qiymət qalxırsa, bu, istehlak edənin maraqlarına cavab vermir. Qeyd olunur ki, bu, həm də saxta içkilərin qarşısını alacaq. Hörmətli Razi Nurullayev bu barədə danışdı, ona görə də mən bu məsələnin üzərində geniş dayanmaq istəmirəm.

Əvvəla, içkinin saxta olması onun keyfiyyətsiz olması demək deyil, bu, kölgə iqtisadiyyatının bir sahəsi ola bilər. Hətta qeydiyyatdan keçmiş zavodlarda istehsal olunan içkilərin də keyfiyyətli olması mümkündür. Sadəcə olaraq, o mənada saxta adlandırıla bilər ki, qeydiyyatdan keçməyib. Digər tərəfdən, onun keyfiyyətli olub-olmamasını yalnız müvafiq laboratoriyalarda müəyyənləşdirmək mümkündür”.

Deputat layihəni təqdim edən komitə sədrinin arqumentlərinə də reaksiya verib:

“Hörmətli Azər Əmiraslanov demədi ki, indiyədək nə qədər saxta içki istehsal edən sexlər aşkar olunub, piştaxtalardan nə qədər belə spirtli içkilər yığışdırılıb, nə qədər şəxs buna görə məsuliyyətə cəlb olunub. Yəni bunu doğuran, zəruri edən səbəblər haqqında bizə məlumat verilməlidir ki, bu barədə də heç nə deyilmədi. Sadəcə “mən belə hesab edirəm ki, bu belə olar, ona görə də belə bir qanun təklif edirəm”, - yanaşması düzgün deyil”.

Qüdrət Həsənquliyev daha sonra bunları deyib:

“İkincisi, qiymətin artırılması lazımdırsa, hamı üçün əlçətan olmasın deyə insanların sağlamlığının əsas götürülməsi düzgün yanaşma hesab oluna bilməz. Əvvəla, vaxtilə Qorbaçov alkoqolizmə qarşı mübarizə elan etdi, içkilər yığışdırıldı, qiymətlər qaldırıldı. Amma bunun nəticəsində saxta içkilərin sayı bir az da artdı. İnsanlar hətta ayaqqabı kremlərindən də istifadə etdilər, kustar üsullarla əldə edilən spirtlər içdilər ki, bunlar insan orqanizminə daha ciddi ziyan vurdu. Saxta içkilərə qarşı hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi effektli mübarizə aparmalıdır. Spirtli içki aksizli mal sayılır və buna görə hazırda Vergi Məcəlləsində hər litrə görə 4.8 manat aksiz vergisi nəzərdə tutulub. Yəni 4.8 manatı qaldırıb edək 10 manat. Yəni istehsal olunan mal zavodun həyətindən çıxdığı andan tutaq ki, hər litrə görə 10 manat aksiz vergisi ödəsin. Bu halda o məcburdur ki, malın maya dəyərini də qiymətə əlavə etsin, yəni içkinin qiyməti qalxmış olsun. Eyni zamanda insanların sağlamlığını qorumaq istəyiriksə, onda əhalinin sağlamlığı haqqında qanuna dəyişiklik etməliyik. Orada xüsusi bir fəsil var. 9-cu fəsil vətəndaşların sağlamlığına vurulan zərərə görə məsuliyyətlə bağlıdır.

Orada qeyd edə bilərik ki, yalnız qanunazidd hərəkətlər nəticəsində zərərçəkmiş şəxs xəstəxanalarda müalicə olunursa, onların müalicəsi üçün çəkilən xərclər ödənilməsin. Həm də biz bilirik ki, dünyanın bir çox ölkələrində də əgər insanlar tütündən və alkoqollu içkilərdən ziyan görürlərsə, onlara qarşı məhkəmələrdə iddia qaldırılır. Əgər zərərçəkən dövlət hesabına müalicə olunubsa, xəstəxanalar da müvafiq iddialar qaldıra bilərlər”.

Q.Həsənquliyev qeyd edib ki, Konstitusiyanın 73-cü və 94-cü maddələrinə qədər bütün vergi növləri, onun həcmi, ödənişlər qanunla müəyyən olunmalıdır:

“Vergi Məcəlləsinin 190-cı maddəsində qeyd olunur ki, “bəzi aksizli mallara görə hökumət, müvafiq icra hakimiyyəti orqanı aksiz vergisini müəyyənləşdirir”. Yəni əvvəllər də söyləmişəm, bu, qanuna, konstitusiyaya ziddir. Çox təəssüf ki, bu istiqamətdə də addımlar atılmır. Çox istərdim ki, hörmətli Azər Əmiraslanov bunu da müvafiq icra hakimiyyəti orqanları qarşısına qaldırsın. Qarşıda büdcə müzakirələri gəlir və biz qanunvericiliyə bu istiqamətdə müvafiq dəyişikliklər edək”.

E.Paşasoy,
Musavat.com

29.10.2024 15:07
518