Eyyub Hüseynov: “Keyfiyyətsiz və təhlükəli araqların və yaxud digər spirtli içkilərin üzərinə məşhur markaların vurularaq baha qiymətə satılması faktları var”
Mayın 6-da paytaxtın Səbayel rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində dəhşətli hadisə baş verib. 2 nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbayel Rayon Prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü olay Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verib.
Belə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə gətirdikləri “Black Jack” viskisini içiblər, həmçinin orada aldıqları yemək və meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıb və vəziyyətləri ağırlaşıb.
Bildirilir ki, zəhərlənməyə viskinin səbəb olması ehtimal edilir. Qeyd edək ki, ötənlərdə də içkidən ölüm halları qeydə alınıb. Belə ki, Bakı şəhər sakinləri Sərxan Bayramovun 2022-ci il dekabrın 23-də, Mustafa Mustafayevin isə dekabrın 24-də “kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə” diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olaraq vəfat etmələri, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə “alkoqol zəhərlənməsi” faktı mövcuddur.
İçki zəhərlənmələri necə baş verir? Buna saxta içki səbəb olur, yoxsa dozanın aşılması? Saxta içkini hazırlayanların ölümə səbəb olmasının cəzası nədir?
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a deyib ki, alkoqollu içkilərdən zəhərlənmələrlə qanunlardakı boşluqların birbaşa əlaqəsi var: “1995-ci ildə "İstehlakçıların hüquqlarının qorunması haqqında" Qanun qəbul edildi. Sonradan qanuna bir neçə dəfə dəyişikliklər olundu. Qanunu yerinə yetirməli olan dövlət orqanları fəaliyyətsizdir. Qida Təhlükəsizliyi Agentliyi qarşısına məqsəd qoyub ki, qidanın tarladan və ya fermadan istehlakçılarının süfrəsinə qədər nəzarət sistemi yaradılsın. Bu, çox mükəmməl sistemdir və öhdəsindən gəlmək də asan deyil. Dövlətin biznes qurumları üçün yaratdığı şəraitdən sui-istifadə var - dövlət biznes qurumlarına toxunulmaması siyasəti həyata keçirir. Hökumətin istehsalçılarla bağlı siyasəti ilə AQTA əsasnaməsi məntiqi olaraq bir-birini tamamlamır. AQTA-nın qüsurlar olan qurumlara müdaxilə etmək ixtiyarı yoxdur".
Eyyub Hüseynov deyir ki, belə bir vəziyyətdə biznes qurumları istehlakçı hüquqlarına qəsd edir: “2022-ci ildə alkoqollu içkilərin istehsalı üçün lisenziyalar ləğv olundu. Bu, özlüyündə yaxşı haldır. Lakin sonra 18 şərab müəssisəsinə qarşı 96 araq istehsalı müəssisəsi açıldı. Heç bir məhdudiyyət yoxdur. Harada gəldi, necə gəldi, hansı spirtdən istəsələr araq istehsal edirlər. AQTA fiziki olaraq o qədər istehsal müəssisəsinə nəzarət edə bilməz. Hökumətin əsas strateji istiqaməti biznesin inkişafı ilə bağlıdır. İstehlakçı hüquqları isə tamam arxa plandadır. Təsadüfi deyil ki, Azərbaycan istehlakçıları apteklərdə, həkimlərdə növbələrdə duran istehlakçılardır. Azərbaycan insanı 190 ölkə içində qısa ömürlülüyü ilə 119-cu yerdə qərarlaşır. Azərbaycan istehlakçı hüquqlarının qorunmasında Afrika ölkələrindən belə geridə qalır. Bu gün Azərbaycanda bazarda insan sağlamlığı üçün təhlükəli və ziyanlı olan çoxsaylı mallar var, o cümlədən də spirtli içkilər satılır”.
Eyyub Hüseynov deyib ki, bir neçə ay öncə Şərab İstehsalçıları Assosiasiyası hökumətə müraciət göndərib: “Onlar alkoqollu içkilər bazarındakı həyəcan doğuran durumla bağlı ölçü götürülməsini xahiş ediblər. Lakin bu günə qədər müraciətə cavab verilməyib”.
Eyyub Hüseynov deyib ki, bu gün heç kimə gizlin deyil ki, müxtəlif iaşə obyektlərində Rusiya arağı adı altında gizli sexlərdə hazırlanmış saxta məhsullar satılır: “Hətta kustar üsulla hazırlanan keyfiyyətsiz və təhlükəli araqların və yaxud digər spirtli içkilərin üzərinə məşhur markaların vurularaq baha qiymətə satılması faktları da var. Etiketləri ayırd etmək mümkündür, saxta etiketlər tam dəqiq, düz vurula bilmir, keyfiyyəti fərqlənir. Kustar üsulla, ev şəraitində hazırlanan məhsulun butulkasında, boğaz hissədə, qapağın yerləşdiyi yerdəki boşluq xəttində üzük formasında maska deyilən iz qalır, buna səbəb isə məhsul hazırlanarkən təmizlənmiş sudan istifadə edilməməsidir. Adi suyun tərkibində duz olduğuna görə orada iz buraxır. Zavod şəraitində isə su tamamilə duzdan təmizləndiyinə görə həmin iz qalmır, keyfiyyətli arağın rəngi ağ olur, aseton iyi verməməli, iyindən bilinməlidir”.
Eyyub Hüseynov deyib ki, vaxtaşırı olaraq saxta içkiləri istehsal edənlərin ifşa edilməsi də vəziyyəti dəyişmək gücündə deyil: “Spirtli içkilərin də digər məhsullar kimi yararlılıq müddəti var. Məsələn, araqların yararlılıq müddəti bir ildən artıq deyil və yaxud konyaklar 3 il, şərabların isə 6 aydan artıq yararlılıq müddəti var. Lakin ölkənin əmtəə bazarında dəfələrlə apardığımız monitorinqlərdə şahidi olmuşuq ki, spirtli içkilərin demək olar ki, 90 faizinin üstündə yararlılıq müddəti yazılmayıb. "Spirtli içki uzun müddət qalanda daha yaxşı olar" anlayışı xüsusi şəraitdə, xüsusi qablarda, temperaturda saxlanılan məhsullara aiddir. Spirtli içkinin yararlılıq müddəti bitdikdən sonra onun tərkibindəki sivuş yağlarının miqdarı getdikcə artır və insanlar da bundan zəhərlənə bilir. Beləliklə, insanların sağlamlığının qorunması üçün bu sahədə daha ciddi işlər görülməlidir. Biznes qurumları üçün elə bir rahat şərait yaradılıb ki, onlara toxunmaq, yoxlamaq olmaz və onlar da bundan istifadə edərək zərərli spirtli içkilər hazırlayırlar".
Eyyub Hüseynov qeyd edib ki, saxta içkilər xarici ölkələrdən də Azərbaycana gətirilir: “Belə içkiləri qəbul edənlər ölümlə üz-üzə qalır, bəzi hallarda isə insanların həyatında sağalmaz izlər qoyur. Normal şəraitdə spirtli içkilər etil spirti ilə hazırlanır. Ancaq bəzi işbazlar daha çox qazanmaq məqsədilə içkiləri metil spirti ilə hazırlayırlar. Metil spirti isə zəhərlənməyə səbəb olur. Çünki metil spirti antifriz, şüşə təmizləyən məhlullar, boyanı durultmaq üçün nəzərdə tutulmuş vasitələr və bu kimi maddələrin hazırlanmasında istifadə edilir. Yəni metil spirti daxilə qəbul etmək üçün nəzərdə tutulmayıb. Metil spirtinin daxilə qəbul edilməsi zəhərlənməyə səbəb olur. Metil spirti bədəndə metobolizma nəticəsində formaldehid və formik turşuya çevrilir. Zəhərlənmə isə formik turşusunun yaratdığı asidozla əlaqəlidir. Asidoz nəticəsində sinirlər zədə görür və bununla əlaqəli korluq və yaxud ölüm baş verir. Zəhərlənmənin ilkin əlamətləri bunlardır: halsızlıq, ürəkbulanma, mədə-bağırsaq pozuntusu, temperaturun qalxması. Vətəndaşlara tövsiyə olunur ki, güvənmədikləri içkini, yeməyi qəbul etməsinlər”.
Qeyd edək ki, mayın 8-də tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb. DİN-dən verilən məlumatda bildirilir ki, polis əməkdaşları tərəfindən gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı növbəti əməliyyat keçirilib.
Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Müəyyən olunub ki, Mikayıl Abbasov Abşeron rayonu Masazır qəsəbəsində gizli sex yaradaraq adları çəkilən şəxslərlə birlikdə kustar üsulla spirtli içkilər hazırlayıb. Daha sonra bu şəxs paytaxt və bölgələrdə Azər Əsgərov, Rüstəm Qədirli və Ramin Mirzəxanovun vasitəsilə hazırladığı spirtli içkilərin topdan və pərakəndə satışını təşkil edib.
Tədbirlərin davamı olaraq adıçəkilən sonuncu şəxslərin də saxlanılması təmin edilib. Dəstə üzvlərinə məxsus sex, anbar və mağazalara baxış zamanı xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt aşkarlanıb. Təyin edilən ekspertizalar zamanı spirtli içkilərin tərkibinin standartlara uyğun gəlmədiyi və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib. Aşkar olunan faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”