Saxta avtomobil hissələri bazarı xaos içində - heç kim reaksiya vermir... ARAŞDIRMA  

 

Azərbaycan saxta, keyfiyyətsiz xarici malların, xüsusilə avtomobil hissələrinin daşındığı ölkələrdən biridir. Ölkəni illərdir “dublikat” adı ilə satılan keyfiyyətsiz, bəzən hətta yararsız, standartlara uyğun olmayan avtomobil detalları bürüyüb. İstənilən mağazaya girib bir detal soruşanda satıcının ilk sualı “orijinal istəyirsən, yoxsa dublikat” olur. Ən pisi odur ki, bir çox hallarda orijinal adı ilə elə “dublikat” mallar satılır. Bu vəziyyətdən ustalar da bezib, sürücülər də. Eyni zamanda xüsusilə işlək hissəyə, asqı sisteminə aid detalların keyfiyyətsizliyi, hərəkətdə olan zaman sıradan çıxması təhlükələrə yol açır.

 “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) əmtəə bazarında saxta, standartlara uyğun olmayan avtomobil hissələrinin satıldığına dair məlumatları, şikayətləri araşdırıb.

Həmin araşdırma ilə bağlı gəlinən qənaəti AİİB sədri Eyyub Hüseynov Musavat.com-la bölüşüb:

-Hökumətin sahibkarlar üçün yaratdığı kifayət qədər rahat şəraitdən sui-istifadə edən “işbazlar”,  yalnız avtomobil hissələri deyil, digər növ saxta mal satanlar da özləri söyləyirlər ki, bu, orijinal maldır, qiyməti bahadır, bu isə saxta maldır qiyməti ucuzdur. Bütün mal sektorlarında malların çox böyük əksəriyyətinin, ümumiyyətlə, heç bir mənşə sənədləri satış şəbəkəsində olmur. Bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  3 aprel 2014-cü il tarixli 94 saylı qərarının  “Malların satılmasına dair” 5-ci bəndinin pozulmasıdır!

AİİB “Hyundai” avtomobillərinin saxta hissələrinə dair  araşdırma aparıb və təsadüfi deyil ki, bu marka avtomobilləri istehsal edən  Cənubi Koreya şirkətinin mütəxəssisləri Azərbaycanda saxta “Hyundai” avtomobil hissələrinin satışından narahatlığını bildirərək, bu işlərə nəzarət etməyə cavabdeh dövlət orqanlarına 23 avqust 2023-cü ildə saxta hissələri tanımaq və əmtəə bazarında satışını məhdudlaşdırmaq məqsədilə treyninqlər də keçiriblər. Lakin vəziyyət düzəlməyib və saxta avtomobil hissələri əmtəə bazarına daxil olmaqla avtomobil istehlakçılarının həyatında heç bir dövlət qurumu tərəfindən araşdırılmayan və ya araşdırılsa da gizli saxlanılan acınacaqlı nəticələrini qoymaqdadır!

Председатель Союза свободных потребителей Эюб Гусейнов - Sputnik Azərbaycan

 Paradoksal və təəccüblü haldır ki, “Hyundai” avtomobillərini və hissələrini  uzun illərdir ki, satan eksklüziv distributor olan,  yəni hissələri satmağa müstəsna hüququ olan “Avto Azərbaycan” MMC şirkəti bazarda baş verən bu xaosa qarşı heç bir iş aparmır, seyrçi mövqe nümayiş etdirir, bu da başqa bir sual doğurur?!   Hətta araşdırmalar göstərir ki, “Avto Azərbaycan” MMC-ni “Hyundai” markalı avtomobil hissələrilə təmin edən Koreyanın  “MOBİS” şirkəti hələ 2018-ci ildə əmtəə nişanını Azərbaycanda Əqli Mülkiyyət Agentliyində rəsmi qeydiyyata aldırmışdır!

Rəsmi qeydiyyata alınmış əmtəə nişanı ilə ölkəyə saxta avtomobil hissələrinin idxal olunmasına nə ad vermək olar? Gömrük orqanları hara baxır? Onda Əqli Mülkiyyət Agentliyi nəyə lazımdır? Nə üçün əlaqəli işləmirlər?!

AİİB-n araşdırması əsasən “Hyundai “avtomobil hissələrinin aşağıdakı adlarda qeyd olanlarının saxta variantlarının mövcudluğunu üzə çıxarıb:

1.Əyləc qəlibləri 

2 .Yanacaq filtrləri 

3.Yağ filtri 

4.Hava filtrləri 

5.Mühərrik qayışı

6. Hidravlik tarımlayıcı

7.Sükan lenti 

8.yağ karteri 

9. Yağ nasosu

10.Salniklər 

11 Porşenlər 

12.Val 

13.Vanus(valın boyunluğu) 

14 Mühərrik təmir dəsti

15. Mühərrik yastığı

16. Muftalar

17.Alışqan şamları

18. Əyləc diski

19.Amortizatorlar

20. Sürgü qolları

21.Porşen üzlüyü 

22.Zəncir dəsti və sair

Qeyd olunan saxta avtomobil hissələrinin  hər birinin avtomobil istehlakçılarının (sürücülərin) həyati təhlükəsi və maddi itkiləri, ümumiyyətlə avtomobilin tam sıradan çıxması üçün özünəməxsus təsirləri vardır.

Məsələn, AİİB-in  ofisində olan saxta yağ filtrini tərəziyə qoyduqda orijinaldan yüngül gəlməklə bərabər, filtrin daxilində olan klapanın orijinaldan fərqli olaraq hündür olması, avtomobilin xəbərdarlıq  informasiya panelinə doğru olmayan informasiyanı ötürməklə, avtomobilin mühərrikinin tam sıradan çıxmasına səbəb olur! 

Saxta filtrdə istifadə olunan təmizləyici qatların miqdarı azdır ki, bu da filtrin qalıqları saxlamasına şərait yaratmır və.s

Və ya saxta termostat! Lazımi temperatur rejimində klapan uyğun funksiyanı yerinə yetirmir, məlumat panelinə doğru informasiya ötürülmür, saxta şamlar, yanma rejiminin pozulması avtomobilin mühərrikinin sıradan çıxmasına, saxta əylənc yastıqları, diskin sıradan çıxması və təhlükələrə,  səbəb olur və.s...

 

 Üstəlik Babək prospektində yerləşən  “Korea avtomobil hissələri”(Köhnə adı Fovarit) dükanından (0775022233; 0504003450; 0504003460) alınıb AİİB-in ofisinə gətirilmiş bu saxta hissələr - yağ filteri-7 manat, termostat- 20 manat üçün ödəniş müqabilində verilən maliyyə sənədi də saxtadır, rəsmi kassa çeki deyildir. Bu hal Babək prospekti, Maşın bazarı Avto Mall 1, sira1, mərtəbə1, mağaza 26-dan (0773150901) 6 manata filtr  satılmış dükanda da təkrar olunur, yəni saxta “maliyyə” sənədi verilir. Əksər saxta mal satışı yerlərində, istehlakçı hər hansı maliyyə sənədi tələb etdikdə, hətta saxta qaimə fakturanı da vermirlər, yəni iz qoymurlar! Saxta hissələrin  markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda “Mobis”qaloqramından istifadə olunur, filtrlərin isə acıq tərəfi üstəlik  xüsusi dizaynlı örtüklə örtülür. Saxta filtrlər orijinaldan fərqli olaraq, nisbətən böyük, tünd rəngli karton qutuya qablaşdırılmışdır. Vizual olaraq termostatlarda da bu kimi fərqi hiss etmək olar.

Yaz-yay aylarında avtomobillərin bu detalları tez sıradan çıxır - VİDEO -  Avtosfer.az

AİİB-in araşdırmaları göstərir ki, kommersiya qurumları və liberal bazar iqtisadiyyatı üçün yaradılmış mövcud şəraitdən sui-istifadə edən çoxsaylı fiziki və hüquqi şəxs müxtəlif ölkələrdən - Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə Respublikası, Koreya Respublikası, Rusiya Federasiyasından  “Hyundai” markalı avtomobillərə  məxsus  müxtəlif növdə saxta hissələri idxal edirlər.  Saxta avtomobil ehtiyat hissələri satıldığı yerlər əsasən Bakı şəhəri, Babək prospektində yerləşən “Avto Mall” ticarət mərkəzində,“Korea avtomobil hissələri”(Köhnə adı Fovarit) ,və həmin prospektdə yerləşən  çoxsaylı  mağazalardr . Ümumiyyətlə saxta avtohissələr Ölkəmizin bütün ərazisində geniş şəbəkə ilə satılır! Bazardaki bu sahədə olan xaos haqsız rəqabət mühiti yaratmaqla, istehlakçıların hüququnun pozulması, onların aldadılması ilə müşayiət olunan keyfiyyətsiz mallarla təminatına səbəb olur. Müşahidələr göstərir ki, yol nəqliyyat hadisəsi törədildikdə  əsasən sığorta şirkətləri də bu “fürsəti” əldən vermirlər, yəni saxta avtomobil hissələrindən yetərincə istifadə etməklə məbləği “orijinal” adıyla artırırlar. Bununla bağlı digər problem avtotəmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissəsindən geniş istifadə olunması, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilə bağlanılmaması, ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilməməsi, xidmətdən istifadə etmiş istehlakçı, ustanın səhvi üzündən  hadisə törədib hətta dünyasını dəyişsə belə, sonuncu dəfə harada hansı usta tərəfindən avtomobilin təmir edilməsinə dair heç bir faktın olmamasıdır. Bunlar hamısı ciddi istehlakçı və Dövlətin qanunlarının pozulmasıyla bağlı məsələlərdir. Araşdırma göstərir ki, təkcə “Hyundai” saxta hissələrinin  mal dövriyyəsi illik təqribən 2 milyon manatdan yüksəkdir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin maddəsi: Maddə 448. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi 

Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Tək “Hyundai” avtomobil hissələrinin deyil, digər markalı avtomobil  hissələrinin saxtaları əmtəə bazarında geniş şəbəkə ilə satılır, nə üçün müsadirə edilmir, nə üçün dövlətin qanunlarına əməl edilmir?!

 “Hyundai” markalı saxta avtomobil hissələrinin geniş şəbəkə ilə satıldığı ticarət məkanlarını araşdıraraq AİİB, Prezident Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, AR-nin Gömrük Komitəsinə, Daxili İşlər Nazirliyinə,  Vergi Xidmətinə, Dövlət Təhlükəsizlik Komitəsinə və Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərib.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

06.09.2024 13:39
856