Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA

Müxtəlif brendlər üzərindən aparılan araşdırmalar nəticəsində təhlükəsiz, yüksək keyfiyyətli hesab edilə bilən yağların siyahısı tərtib edilib. Həmin siyahıda yüksək keyfiyyətli yağların adı açıqlanıb.

Bəs, satışdakı keyfiyyətsiz yağlar hansılardır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, yağ insan orqanizmi üçün enerji mənbəyi olmaqla yanaşı, kimyəvi tərkibi yağ turşularından ibarət olan məhsuldur:

“Bu məhsul yeniyetməlik, gənclik dönəmlərində insan orqanizmində daha çox rol oynayır. Çünki bu müddətdə istifadə olunan yağ insanın immunitetinin güclənməsinə, həzm sisteminin qan dövranının normal olmasına, eyni zamanda, mərkəzi beyin sisteminin düzgün inkişaf edib çalışmasına təsir edir”.

Vətəndaşlar yağ alarkən hansı məqamlara diqqət yetirməlidirlər?

Ekspert keyfiyyətli və keyfiyyətsiz yağı ayırmağın yollarını açıqlayıb:

“Bu gün satışda olan keyfiyyətsiz, kərə yağı adı altında satılan yağlar var. Buna görə də yağ alarkən diqqət yetirməli olduğumuz məqamlar var.

Yağ mövsümə görə dəyişərək 20-25 litr süddən əldə edilir. Südün qiymətini və yağın alınmasında yaranan xərcləri də nəzərə alsaq, qiymətinin ucuz olmasını şübhəli hal kimi dəyərləndirə bilərik.

Həmçinin, etiket qaydalarına mütləq riayət etmək lazımdır. Adətən çəkiylə satılan, markasız məhsullar risk mənbəyi olduğuna görə mənşəyi istehsal müəssisəsi bəlli olanlardan almaq daha yaxşıdır.

Alanda isə məhsulun üzərində etiket məlumatlarının, istehsalçı müəssisənin adının, ünvanının, mümkündürsə, qaynar xətt nömrəsi, tərkibində həqiqətən süddən istifadə olunduğuyla bağlı məlumatın olmasına diqqət etmək lazımdır. Tərkibində bəzən digər məmulatlardan azacıq ola bilər və yaxud bir az duzdan istifadə oluna bilər, bu, normaldır. Ancaq aromatizatorlardan, stabilizatorlardan, spredlərdən istifadə olunan kərə yağları keyfiyyətli hesab olunmur.

Eyni zamanda bu gün satışda olan şirniyyatların, un məmulatlarının əksəriyyəti tərkibində marqarin olan yağlardan hazırlanır. Marqarin məhsulun gec xarab olmasını təmin etdiyi üçün bir çox istehsalçılar tərəfindən istifadə edilir. Ancaq zərərlərinə görə bəzi ölkələr satışına qadağa qoyub”.

Müsahibimiz bildirib ki, yağın rənginin açıq sarı olmasının əsas səbəbi yaz-yay mövsümündə heyvanların təzə otla qidalanmasıdır. Əgər kəskin şəkildə sarıdırsa, deməli tərkibində boyalardan istifadə olunub.

Yağın keyfiyyətli olub-olmamasını ev şəraitində necə öyrənmək olar?

“Yağı isti suda az miqdarda əritdikdə bir parça halında tez əriyirsə bu, keyfiyyətlidir. Ancaq hissələrə bölünərək gec əriyirsə, topa şəklində qalırsa, bu onun keyfiyyətli olmadığını göstərir. Həmçinin, keyfiyyətli kərə yağı insanın bədən temperaturunda da dərhal əriyir, ağızda xoşa gələn dad qoyur. Trans yağlar isə gec əriyib ağızda acı dad qoyur. Eyni zamanda, kərə yağını tavada isidərkən köpüklənir, daha ağ rəngə çalırsa, bu da keyfiyyət göstəricisidir.

Keyfiyyətli kərə yağı otaq tempraturunda qaldıqda formasını saxlıyır, amma yumuşalır. Keyfiyyətsiz olan isə əriməyə başlayanda ətrafa su şəklində yayılır”- deyə müsahibimiz bildirib.

Saxta yağların orqanizmə zərərləri nələrdir?

Məhsəti Hüseynova qeyd edib ki, saxta yağlar bədəndə ərimədiyi, həzm olunmadığı üçün damarlarda yığılıb qalır, bu da ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.

“İnsan orqanizmi gündə 20-25 qram yağ qəbul etsə, yetərlidir”.

10.10.2024 23:38
1684