Şarl Mişeldən SOS! - dünya müharibəsi qapıda

Bəşəriyyəti böyük fəlakətdən xilas etmək mümkün olacaq?

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyir ki, üçüncü dünya müharibəsi təhlükəsi çox reallaşıb. Musavat.com xəbər verir ki, o, bu barədə Belçikanın “Soir” qəzetinə müsahibəsində bildirib.

Şarl Mişelə görə, hazırda bütün dünya “son dərəcə təhlükəli an” yaşayır.

“Üçüncü dünya müharibəsi realdır, lakin biz bundan qaça bilərik və bunu etməliyik. Tarixin axarını dəyişmək hələ də mümkündür”, - deyə o qeyd edib.

Eyni zamanda Mişel qarşıdurmanın başlayacağı təqdirdə hansı dövlətlərin cəlb oluna biləcəyini dəqiqləşdirməyib.

Üçüncü dünya müharibəsi haqda uzun müddətdir danışılır və bunun qaçılmaza çevrildiyini bildirənlər də çoxdur. Bunu artıq Şarl Mişel də deyir. Bəs üçüncü dünya müharibəsi haradan başlayacaq və əsasən kimlər bura cəlb olunacaq? Qarşısını almaq mümkünsüzdür, yoxsa hələ şanslar var? 

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, cənab Şarl Mişel haqlıdır və bu haqlı mövqeyini səlahiyyətlərinin bitməsinə az qalmış yox, daha əvvəllər desəydi, daha faydalı olardı.O, indi çoxlarının hələ xeyli əvvəl öncədən gördüklərini sadəcə etiraf edir: “Dünya müharibəsi əslində dünyanın bir neçə qaynar nöqtəsində getməkdədir. Ukraynada dünya güclərinin savaşı gedir. Yaxın Şərqdə də həmçinin. Sadəcə olaraq, hələ ki həmin böyük güclərin birbaşa bir-biri ilə hərbi toqquşması reallaşmayıb. Şark Mişelin də dediyi kimi, bu da hər an baş verə bilər. Dünyanın üçüncü dünya müharibəsi təhlükəsi ilə qarş-qarşıya qalmasında əslində elə Şarl Mişelin də də rəhbərliyində olduğu Avropa İttifaqı və onun kimi böyük güclərin əlində oyuncağa çevrilmiş beynəlxalq təşkilatların kifayət qədər rolu, yanlış siyasəti rol oynayır. İkili standartlardan yanaşma siyasəti, qeyri-obyektiv, qərəzli, sifarişli siyasət dünyanı belə bir təhlükə ilə üz-üzə qoyub. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 2023- cü ildə Avropa üçün Rusiya ilə əlaqəli olmayan mənbələrdən alternativ qaz mənbələri yaratmaq məsələsi kəskinləşəndə "iki daşın  arasında" Bakıya gəldi və Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq barədə bəyannamə imzalamağa nail oldu. O zaman Avropanın dərin narahatlığı var idi. Belə ki, Rusiyanın Azərbaycana təzyiq göstərərək Avropanı əlavə qaz həcmləri ilə təchiz etməkdən imtina etdirə biləcəyindən qorxuya düşmüşdü. Şübhəsiz ki, bu qorxu Azərbaycanın müstəqil siyasət aparmasını  və enerji məsələsini siyasi təzyiq üsuluna çevirmədiyini  hələ lazımınca dəyərləndirə bilmədiklərindən əmələ gəlirdi.

Aydın Quliyev – 60 – Təbrik edirəm!

Aydın Quliyev

İmzalanmış bəyannamə ilə Azərbaycan Avropanın qaz təminatını 2 dəfə artırmaq kimi hədəf götürdü. Əvəzində Avropa və şəxsən Ursula fon der Lyayen bu gün nə edir? COP-a gəlməkdən imtina edir. COP zamanı Bakıda dünyanın taleyi üçün mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Xanım Lyayenin, görəsən, bundan vacib işi nə ola bilər? Necə olur ki, qaz lazım olanda Bakıya hövlənak gəlir, ancaq dünyada iqlim dəyişmələri ilə çox vacib olan mübarizəyə öz töhfəsini vermək üçün Bakıya gəlməkdən imtina edir? Təbii ki, Azərbaycana qərəzli münasibət var. Xanım Lyayen Avropanın anti-Azərbaycan qüvvələrinin, ilk növbədə Fransa və Almaniyanın təsiri altındadır. Bu fakt Avropa İttifaqı kimi dünyanın gələcəyini düşünməli olan beynəlxalq təşkilatların əslində necə işlədiklərinin, məsələlərə necə yanaşma sərgilədiklərinin,  öz yanlış siyasətləri ilə dünyaya yaxşı nəsə deyil, təhlükələr gətirdiklərinin bir nümunəsidir. 

Dünya müharibəsinin baş verməməsi üçün addımlar atmaq əvəzinə dünyanı konfrantasiyaya sürükləyən siyasət yürüdürlər, sonra isə ortaya çıxıb deyirlər ki, bəşəriyyət üçüncü dünya müharibəsi təhlükəsi ilə üz-üzədir, tədbir görmək lazımdır. Birinci özlərindən başlasalar daha yaxşı olar". 

Siyasi ekspert qeyd etdi ki, üçüncü dünya müharibəsinin qarşısını almaq mümkündür. Bunun üçün həm də dünyada sülhün təminatçısı kimi missiyanı həyata keçirməli olan böyük beynəlxalq təşkilatlar böyük dövlətlərin təsirindən qurtulmalıdır. Nə qədər ki, onlar müxtılif dövlətlərin sifarişləri ilə hərəkət edəcəklər dünyada əmin-amanlıq olmayacaq. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

07.11.2024 11:15
1323