Öz taxılının ixracına maneə yaradıldığı iddiası ilə Ukrayna taxılının dünya bazarına yolunu qapatmaq istəyən Rusiya bu ilin 5 ayında rekord həcmdə məhsul ixrac edib.
Musavat.com Rusiya Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-may ayları ərzində ölkə 22 milyon 358 min ton qarğıdalı istisna olmaqla, taxıl və dənli bitkilər ixrac edib. Bu, ötən ilin eyni dövründəki ixracdan 55,7 faiz çoxdur.
Yanvar-mayda Rusiyanın yalnız buğda ixracı 17 milyon 653 min tona bərabər olub ki, bu da ötən ilkindən 66.3 faiz çoxdur.
Qarğıdalı ixracı isə beş ayda ötən ilkindən 24 faiz çox - 3 milyon 578 min ton təşkil edib.
İyunun 1-nə Rusiyanın kənd təsərrüfatı müəssisələrində ötən ilkindən 1,7 dəfə çox – 13 milyon 912 min ton taxıl ehtiyatı olub. Bu zaman buğda ehtiyatları 69 faiz artmaqla 9 milyon 39 min tona, qarğıdalı ehtiyatları isə 16,7 faiz artmaqla 1 milyon 729 min tona çatıb.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2023-2024-cü il mövsümündə ölkədə 123 milyon ton taxıl istehsal olunacağı, bunun 55-60 milyon tonunun ixraca yönəldiləcəyini gözləyir. Ötən mövsümdən qalan rekord ehtiyatları da nəzərə alsaq, Rusiyanın Ukraynadan taxıl ixracına məhz öz məhsuluna bazar açmaq üçün maneə yaratmaq istədiyini rahatlıqla söyləyə bilərik.
Musavat.com