Dünən Moldova gələcək onilliklər üçün öz inkişaf kursunu müəyyən edərək tarixi seçim edib. İlkin məlumatlara görə, hazırkı prezident Maya Sandu öndədir, seçicilərin əksəriyyəti ölkənin Avropa İttifaqına inteqrasiya niyyətini dəstəkləyib.
Seçkidə 11 namizəd mübarizə aparıb, onların arasında hazırkı prezident Maya Sandu (Hərəkət və Həmrəylik Partiyası), keçmiş baş prokuror Aleksandr Stoyanoqlo (Sosialist Partiyası) və “Bizim partiya”nın lideri Renato Usatii də var.
Ölkənin ən yüksək postu uğrunda həmçinin keçmiş baş nazir Vasili Tarlev (Moldovanın Gələcəyi Partiyası), keçmiş baş nazir İon Çiku (Moldovanın Birlik və İnkişaf Partiyası) və Qaqauz Muxtariyyətinin keçmiş rəhbəri İrina Vlah da mübarizə aparırdı.
Konstitusiya referendumunda seçicilər sadə, lakin taleyüklü suala cavab veriblər: “Siz Moldovanın Avropa İttifaqına daxil olması üçün Konstitusiyanın dəyişdirilməsinin tərəfdarısınızmı?” Moldova qanunvericiliyinə görə, vətəndaşların əksəriyyəti müsbət cavab verərsə, Moldovanın Əsas Qanunu avtomatik olaraq dəyişəcək, bu, ölkənin Aİ-yə daxil olmasını hədəf kimi göstərəcək.
Seçki məntəqəsində səs verdikdən sonra Maya Sandu jurnalistlərə bildirib ki, o, vətəndaşların öz gələcəklərini müstəqil müəyyən etmək hüququna və azad şəraitdə ölkənin dinc inkişafına səs verib. “Mən moldovalıların öz müqəddəratını təyin etmələrinə, Moldovanın layiq olduğu və istədiyi gələcəyi qura bilməsi üçün səs verdim” deyən Sandu ölkənin gələcəyini “Avropa ailəsində” gördüyünü vurğulayıb.
Sosialist Partiyasının dəstəklədiyi Sandunun əsas rəqibi Aleksandru Stoyanoqlo dinc, müasir və firavan ölkəyə səs verdiyini bildirib. “Moldova mənşəyindən, yaşından, siyasi baxışlarından və dinindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarına hörmət etməlidir. Bütün hərəkətlər ölkənin və onun sakinlərinin rifahına yönəldilməlidir. Moldova diqqətini daxili problemlərə yönəltməli və Aİ, Rusiya, ABŞ və Çinlə balanslaşdırılmış xarici siyasət yürütməlidir”, - Stoyanoqlo vurğulayıb. O, prosesin özünü dəstəkləsə də, Avropaya inteqrasiya ilə bağlı referendumda iştirak etməyib.
Referendum kampaniyasında 15 partiya iştirak edib, onlardan 13-ü Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsinin tərəfdarı olub. İki partiya - İqor Dodon sosialistləri və İon Çikunun partiyası əks mövqedən çıxış ediblər.
Moldovanı 2030-cu ilə qədər Aİ-yə daxil etməyi hədəfləyən Sandu plebisiti təşəbbüsü ilə çıxış edib. Avropa İttifaqı bu istəyi fəal şəkildə dəstəkləyir: oktyabrda Kişinyova səfər edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ-nin növbəti üç il ərzində Moldova iqtisadiyyatına 1,8 milyard avro sərmayə qoymağa hazır olduğunu açıqlayıb. O, respublika sakinlərini “azad seçimlərini ifadə etmək” üçün referenduma gəlməyə çağırıb.
Ümumilikdə Moldovada seçkilər sakit, insidentsiz keçib. Lakin Moldovanın Rusiya Federasiyasındakı səfirliyinin ərazisində yerləşən iki seçki məntəqəsində böyük növbələr yaranıb. Respublika Xarici İşlər Nazirliyi hesab edir ki, növbələr süni şəkildə seçki prosesinə xələl gətirmək üçün yaradılıb. Nazirlik mətbuata açıqlamasında bildirib ki, seçicilərin seçki məntəqələrinə daşınmasının təşkili ilə bağlı mümkün cəhdlər səbəbindən insanların izdihamı gözlənilir. “Biz hələ seçkilərdən əvvəl Rusiya hakimiyyətinə bəzi qrupların vətəndaşları Moskvadakı səfirliyimizdəki seçki məntəqələrinə mütəşəkkil şəkildə daşımaq cəhdləri barədə xəbərdarlıq etmişdik. Ona görə də biz hesab edirik ki, bu iki seçki məntəqəsinin yaxınlığında insan sıxlığı seçki prosesinə xələl gətirmək üçün süni şəkildə yaradılıb”, - XİN-in bəyanatında deyilir. Nazirlik vurğulayıb ki, Moskvadakı seçki məntəqələri maksimum sayda - hər bir məntəqə üçün 5 min bülletenlə təmin olunub. Rusiyada seçki məntəqələrinin yalnız səfirliyin ərazisində açılması qərarı həm səsverməyə gələn vətəndaşlar, həm də seçki komissiyalarının üzvləri üçün başqa yerlərdə təhlükəsizliyi təmin etmək mümkün olmadığından qəbul edilib.
Bu arada İon Çiku iqtidar partiyasını seçkiləri saxtalaşdırmaqda ittiham edərək, müxalifətin nəzarəti olmadan xaricdə 1,5 milyondan çox bülletenin buraxıldığını iddia edib. O bildirib ki, Mərkəzi Seçki Komissiyası müxalifətin xaricdəki seçki məntəqələrinə çıxışını təmin etməsə, PROM partiyası seçkinin nəticələrini tanımayacaq.
Araz Altaylı, Musavat.com