San-Fransiskoda “qatil robotların” tətbiqinə qadağa qoyuldu

ABŞ-ın San-Fransisko şəhərinin (Kaliforniya ştatı) Müşahidə Şurası polisin cinayətkarları zərərsizləşdirmək üçün robotlardan istifadə etməsinə müvəqqəti qadağa qoyub.

AZƏRTAC “San Francisco Chronicle” qəzetinə istinadla xəbər verir ki, şuranın 8 üzvü “öldürücü vasitələrlə təchiz edilən və uzaqdan idarə olunan robotların” istifadəsinə qadağa qoyulmasının lehinə, üçü isə əleyhinə səs verib.

"San-Fransisko sakinləri ucadan və aydın şəkildə dedilər: şəhərimizdə qatil robotlar üçün yer yoxdur. Hüquq-mühafizə orqanlarının güc tətbiqini necə azaltması üzərində işləmək lazımdır, onlara insanları öldürmək üçün alətlər verməməlidir", - müşahidə şurasının nümayəndəsi Din Preston səsvermədən sonra belə deyib.

San-Fransisko polisi isə öz növbəsində, sərəncamlarında “silahlarla təchiz edilən” robotların olmadığını bildirib. 2010-cu ildən 2017-ci ilə qədər alınan robotlar isə şübhəli partlayıcı qurğuları zərərsizləşdirmək üçün istifadə edilir. Şəhərin polis departamentindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının robotları odlu silahla təchiz etmək planı yoxdur və onlar yalnız “ekstremal şəraitdə” silahlı şəxsin yerləşdiyi otağa partlayıcı maddə aparmaq üçün istifadə edilə bilər.

 

07.12.2022 13:18
492