Şamaxıda 3-cü Üzüm və Şərab Festivalı davam edir

Sentyabrın 8-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində keçirilən 2 günlük Üçüncü Üzüm və Şərab Festivalı davam edir.

Festivalda şərab istehsalçıları, şərabçılıq turizmi ilə məşğul olan sənaye üzvləri, rəsmi və media nümayəndələri, şərab həvəskarları iştirak edirlər.

Festivalın 2-ci günündə ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dadıb, onlara şərab növləri haqqında məlumat verilib, həmçinin satışı təşkil olunub.

Qeyd edək ki, Festivalın keçirilməsinin məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, şərab məhsullarının ixrac potensialını artırmaq, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Festivalda sərgi, əyləncə, müxtəlif master-klass zonaları və tanınmış restoranların pavilyonları quraşdırılıb, 23 şərab evinin iştirakı təmin edilib, musiqili proqram və müxtəlif əyləncələr nümayiş olunub.

Xatırladaq ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır.

Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Həmçinin Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədi ilə yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.

 

08.09.2024 18:42
750