Şahramanyanın “fərman”ı ətrafında yeni spekulyasiya

Erməni mediası yazır ki, separatçıların sonuncu başçısı Xankəndidə imza atdığı sənədi geri oxuyub, qorxusundan gizlədir; Qabil Hüseynli: “Oyuncaq rejimin ”strukturlarının" bərpası illeqal şəkildə həyata keçirilməkdədir"

“Nikol Paşinyan və hakim rejimin digər nümayəndələrinin təhdidlərinə baxmayaraq, Samvel Şahramanyan "artsax"ın ləğvi haqqında fərmanı ləğv etmək qərarına imza atıb. Bunu yalnız bir neçə nəfər bilir". “Hraparak” nəşri belə yazıb. “Qərar dekabrın 10-da imzalanıb və bir nüsxəsi Ermənistanın baş naziri Nikol Paşinyana göndərilib”, - deyə daha sonra erməni qəzeti bildirir. Nəşrin yazdığına görə, Şahramanyan sentyabrın 28-dəki “fərman”ı “artsax xalqının fiziki təhlükəsizliyi və həyati maraqlarını təmin etmək naminə verib. "Fərmanın faktiki mətni dərc olunmayıb, yalnız bu barədə əvvəlcə rus, sonra erməni dilində məlumatlar yayılıb. Və o, prezidentin saytında deyil, rəsmi xəbərlər üçün yeganə platforma olan “Artsax” informasiya qərargahının “Facebook” səhifəsində dərc edilib" - Ermənistan saytı belə yazır.

“Artsaxın boşaldılmasından sonra Ermənistanın hökumət dairələri bu qərarı mütəmadi olaraq səsləndirir və bütün məsuliyyət yükünü Şahramanyanın çiyninə qoymağa çalışır, onun bir fərmanla bütöv bir dövləti ləğv etdiyini bəyan edərək, "artsax"ın təslim olmasının günahını və xalqın qəzəbini ona yönləndirməyə çalışırdılar... Samvel Şahramanyan lüzumsuz spekulyasiyalara yol verməmək üçün imzaladığı qərarı ləğv etmək üçün yeni qərar qəbul edib, lakin onlar Ermənistan hakimiyyətinin təhdid və fərziyyələrini nəzərə alaraq, bunu ictimaiyyətə açıqlamaq fikrində deyillər. Mənbə bildirib ki, Şahramanyan hələlik susqunluğu və siyasi passivliyi qoruyub saxlamaq qərarına gəlib..." - erməni nəşri belə yazır. Nəşr bildirir ki, separatçı-terrorçu rejimin müxalifət təmsilçisi Metakse Akopyan “prezident”in fərmanının ləğvi ilə bağlı qərar qəbul etdiyini istisna etmir. Bu spekulyasiya nə qədər davam edəcək? Ermənistan hakimiyyətinin “artsax” söhbətlərinin tirajlanmasında hansısa maraqları varmı? 

Spiker Alen Simonyan Ermənistan ərazisində “artsax”ın fəaliyyətini dövlətçiliyə qarşı addım kimi qiymətləndirmişdi. Bugünlərdə isə Şahramanyanın kortejini saxlayan İrəvan yol polisi ona xəbərdarlıq etmişdi ki, mühafizəçi, kortejlə hərəkət dövlətin yüksək vəzifəli şəxslərinə şamil edilən hüquqlardır. Yəni Paşinyan iqtidarı hər addımda separatçıların fəaliyyətindən narazı olduğunu nümayiş etdirir. Çünki Nikol Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqlayıb, Qarabağın statusunu müəyyən edib, lakin İrəvanda “artsax”ı yaşatmaq qərarı o deməkdir ki, bizə qarşı ərazi iddiasından əl çəkməyiblər. Ona görə də Paşinyan administrasiyası Qarabağdan qaçan separatçıların toplaşmasının, yığıncaqlarının əleyhinədir. Üstəlik, ikitərəfli sülh danışıqlarında müsbət dinamika müahidə olunduğu bir vaxtda “artsax” - “artsax” oyunu kimlərə lazımdır? Heç bir şəkk-şübhə doğurmur ki, bundan sonra Şahramanyan qondarma rejimin strukturlarını saxlamaq qərarı versə belə, onların fəaliyyəti İrəvanda məhdudlaşacaq. Bu da yeni maliyyə kanalları əldə etmək deməkdir. Onların Xankəndinə qayıdışı mümkün deyil, bu halda Araik, Ruben, Bako ilə yanaşı istintaq təcridxanasında olacaqlar. O baxımdan separatçıların son davranışları daha çox erməni lobbisinin, “artsax” ideyasına pul ayıranların diqqətini çəkmək niyyəti güdür. Amma bütün hallarda Ermənistan hakimiyyəti bu məsələdə sərt mövqedə olmalıdır. Hələ də bəlli deyil ki, Şahramanyan belə bir qərar veribmi, onu üzə çıxaracaqmı...

QABİL HÜSEYNLİ: İSRAİL İRANA QARŞI İLİN SONU ƏMƏLİYYATLARA BAŞLAYA BİLƏR

 Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında Şahramanyanın imzaladığı qərarını geri oxuduğu qənaətində olduğunu vurğuladı. “İrəvanda oyuncaq rejimin strukturlarının bərpası xəlvətcə, illeqal şəkildə həyata keçirilməkdədir. Bu məsələdə Şahramanyana qüvvət verən əsas Fransadır. Paris Qarabağ ermənilərini ardıcıl olmağa çağırır. Xüsusən Kosova problemini nəzərdə tutaraq, onları prinsipiallığa səsləyir. Amma Kosovo albanları ilə Qarabağ ermənilərinin statusunu bərabərləşdirmək olmaz”. Q.Hüseynli əlavə etdi ki, Kosovanın müstəqiliyini də dünyanın heç yarısı tanımayıb: “Qarabağ ermənilərinin məsələsini bitmiş hesab edirəm. Çünki birgəyaşayış üçün qısa müddətdə problemləri həll etmək mümkün görünmür. Əvvəla, onların bizə münasibətdə kin-küdurəti, nifrət, düşmən hissi çox dərindir, ikincisi, Azərbaycan vətəndaşı olmaq istəmirlər. Vətəndaşlığı qəbul etmək ilk şərtdir. Əgər buna razı olmurlarsa, deməli, məsələni bağlamaq üçün əsas şərtlərdən biridir. Nə qədər xəyallar qursalar da, bu baş tutan deyil. Onlar 200 il əvvəl bu ərazilərə gəldiyi kimi könüllü surətdə Qarabağı tərk etdilər. Gedənlərin bir hissəsi də Rusiyaya, Fransaya, müxtəlif yerlərə səpələniblər. Hazırda səpələnmə prosesi davam edir və Ermənistan ermənilərini də əhatə edən gedişdir. Ona görə Şahramanyan və ya kim olursa-olsun bu prosesi əldə saxlaya bilməyəcəklər, Paşinyan iqtidarı da dəstək verməyəcək. Bu baxımdan onların hərəkətlənməsində, Şahramanyanın verdiyi qərarı geri oxumasında perspektiv görmürəm”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

12.01.2024 12:35
909