Xəbər verdiyimiz kimi bu gün Bakıda Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə "Gömrük Biznes Forumu 2023" tədbiri keçirilir.
Musavat.com bildirir ki, Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxış edərək bildirib ki, gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi nəticə etibarilə xarici ticarət bazarına da müsbət təsir göstərir:
"Hazırda gömrük orqanları ilə sahibkarlar arasında səmərəli dialoq qurulur. Bu sahədə daha praktiki tədbirlərin həyata keçirilməsi də vacibdir. Vətəndaş və sahibkar məmnunluğu unudulmamalıdır.
Gömrük sisteminin şəffaflaşdırılması,mprosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması, xarici ticarətin asanlaşdırılması xarici ticarət iştirakçılarının və büdcə daxilolmalarının artmasına səbəb olub.
2015-2022-ci illərdə qeyri-neft ixracının həcmi 2,3 dəfə artıb. Eyni zamanda qeyri-neft ixracında çeşidlərin sayında da artım müşahidə olunub. 5 700 çeşidli maldan 1 990-nı ixrac edilib, 1 234-ü isə davamlı ixraca göndərilib. Son 3 ildə qeyri-neft məhsullarının ixracında qeyri-üzvi kimya və plastmas məhsullarının payı artıb.
Son 3 ildə Azərbaycanın ixrac səbətinə 35 adda yeni məhsul daxil olub".
Xalidə Gəray
Musavat.com