Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarının bir qrupu ilə görüşüb.
Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən Azərbaycan Uşaqlarının Forumlarının uşaqların ictimai fəallığının artırılması, onların öz hüquqlarına dair qərarların qəbulu prosesində təşəbbüslər irəli sürmək imkanına yiyələnməsi və s. baxımından əhəmiyyətini qeyd edib.
Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətində uşaqların diqqət və qayğı ilə əhatə olunmasının, firavan böyümələri, fiziki və mənəvi inkişafının təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb.
O, sosial təminat sisteminin əhatə etdiyi əhali kateqoriyalarından birinin də uşaqlar olduğunu, bir çox sosial təminat növlərinin məhz uşaqların sosial müdafiəsinə yönəldiyini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımları diqqətə çatdırıb.
Həmçinin həssas qruplara aid uşaqların reabilitasiya və sosial xidmətlərlə təmin edilmələri, onlar üçün müasir tələblərə uyğun sosial xidmət və reabilitasiya müəssisələrinin qurulması və şəbəkəsinin daim genişləndirilməsi üçün görülən işlər qeyd edilib.
Nazirliyin sifarişi ilə uşaqlarla bağlı həyata keçirilən sosial layihələrdən bəhs olunub. Övladlığagötürmə və himayədar ailə modelinin tətbiqi, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, dövlət uşaq müəssisələrindəki uşaqların ailələrinə qayıdışı üçün reinteqrasiya tədbirləri haqqında da uşaqlara ətraflı məlumatlar verilib.
Nazir əlilliyi olan uşaqların cəmiyyətə adaptasiyası, uşaq əməyinin istismarına qarşı mübarizə, həssas qruplara aid uşaqların və ailələrinin sosial dəstəklə təminatı, işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərlə bağlı məşğulluq proqramları və s. barədə uşaqların suallarını cavablandırıb.