Şahid Bakıda mağazada silahlı hücumdan danışdı – “Elə bildim terrordu, insanları qırırlar”

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com xəbər verir ki, prosesdə zərərçəkən Namiq Qəhrəmanov ifadə verib. Zərərçəkən deyib ki, hadisə günü mühafizəçinin vurulduğunu görüb: “Orada bir nəfəri gördüm. Maşına 4 güllə dəydi. Mənə güllə dəymədi, qorxmuşdum. Şikayətim və tələbim yoxdur. Amma təqsirləndirilənlərlə barışmamışam və onları bağışlamıram”.

Şahid Rasim Şirinov isə bildirib ki, hadisə baş verən gün “Bravo”nun qarşısında idarə etdiyi avtomobilin yanında dayanıbmış: “Novruz bayramı ərəfəsi olduğundan “Bravo”da reklamlar vurulmuşdu, qabağı görmək olmurdu. Birdən güclü partlayış səsi gəldi. Boylananda gördüm ki, bir nəfər əlində avtomat qaçır. Arxası mən tərəfə idi, üzünü görə bilmədim. Mən də əks-tərəfə qaçdım, ayağım ilişdi, yıxıldım. Yenə atəş səsi gəldi, elə bildim mənə dəydi. Sürünə-sürünə otların arası ilə getdim. Elə bildim terrordu, insanları qırırlar, maşını açıq qoyub qaçmışdım”. 

İttihama görə, 2023-cü il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb. Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb edilib.  Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət xarakterli yeni  xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir. Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib. Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub. Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.

Proses fevralın 14-də davam edəcək.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

01.02.2024 13:56
778