Sahibsiz itlər: cəmiyyətin, yoxsa dövlətin problemi?

Heyvan hüquqlarının müdafiəçisi: “Heyvana zülm edən 500 manat cərimələnir, cərimə 10 min manat olsa, bundan çəkinərlər...”

Xəbər verildiyi kimi, Sumqayıtda sahibsiz itin boğazına ip bağlayıb sürüyən şəxs görüntülənib. Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. Vətəndaş iddia edir ki, Sumqayıt şəhər təmizlik idarəsinin işçiləri sahibsiz küçə itlərini zəhərləyərək öldürürlər. Bəzi zəhərlənmiş itlər isə hələ ölməmiş boyunlarına ip bağlanılır və sürüyərək gətirilib zibil qutularının yanına atılır. 

Qeyd edək ki, artıq polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində küçə itinə qarşı qeyri-insanı rəftar edən şəxsin kimliyi müəyyən edilib. Məlumata görə, onun barəsində müvafiq araşdırmalar aparılır. Həmin şəxsin 5 saylı Mənzil Kommunal Sahəsinin əməkdaşı Yavər Hüseynov olduğu bildirilir. Sözügedən şəxs isə itə işgəncə vermədiyini, sakinin şikayəti əsasında binanın dəhlizinə baxmağa getdiyini bildirib: “Gördüm ki, itin ayağı zədəlidir. İpi boğazına bağlayıb oradan dartıb çıxardım. Sürüyüb zibilxanaya apardım. Bu zaman ətrafdakılar üstümə düşdülər ki, iti boğursan”.

Sirr deyil ki, sahibsiz küçə itləri, xüsusən də quduz olanları əhaliyə, uşaqlara vaxtaşırı xəsarət yetirir. Ciddi təhlükə mənbəyinə çevrilir. Bəzən bu xəsarətlər həyat üçün qorxulu şəkil də ala bilər.

Xatırladaq ki, bu ilin mart ayında Qaradağ rayonundakı məcburi köçkünlərin yaşadığı “Qobu Park-3" yaşayış kompleksində sahibsiz itlər 2014-cü il təvəllüdlü azyaşlı oğlana hücum edərək onu parçalamışdılar. Nəticədə uşaq çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. 10 yaşlı uşağın dostları ilə oynayarkən birdən-birə 3 itin hücumuna məruz qalması və həm də çox ağır xəsarətlər alması "Qobu Park-3"də yaşayan bütün valideynləri vahiməyə salmışdı. Bu cür hadisələrlə vaxtaşırı qeydə alınır. Bununla belə, küçə itlərinin öldürülməsi də birmənalı qarşılanmır. Dinimiz də heyvana zülm etməyi günah sayır. 

Qeyd edək ki, Azərbaycan 1997-ci ildə Strasburqda heyvanların mühafizəsi ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə ölkəmizdə “Heyvanların mühafizəsi haqqında” Qanun qəbul olunub. Qanuna əsasən, heyvanları öldürən və yaxud onlarla qəddar rəftar edib şikəst edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən cərimə olunurlar. Cərimə isə əvvəllər 25-45 manat arasında dəyişirdisə, hazırda bu məbləğin 500 manat olduğu bildirilir. Həmçinin yarış, satış və heyvanların təbii imkanlarını artırıb-azaltmaq üçün onlara preparatların verilməsi, tibbi-texniki üsulların tətbiqi üçün 200 manat cərimə nəzərdə tutulub.

Bəs çıxış yolu nədir - bu, daha çox dövlətin, yoxsa cəmiyyətin çözməli olduğu problemdir? 

Ləman Süleymanova: "Arıqladıcı kokteyldən 15 yaşlı qız dünyasını dəyişib" -  MÜSAHİBƏ - 14.01.2018, Sputnik Azərbaycan

Ləman Süleymanova

Mövzu ilə bağlı həkim, diyetoloq-terapevt, heyvan hüquqlarının müdafiəçisi Ləman Süleymanova “Yeni Müsavat”a danışıb: “Öncə qeyd edim ki, Sumqayıtda baş verən sonuncu tükürpədici hadisə dəfələrlə heyvanlara qarşı törədilib. Nəinki Sumqayıtda, eləcə də paytaxt Bakıda və digər bölgələrdə tez-tez heyvalara qarşı zülm olunur. Xarici ölkələrdə heyvanların hüquqları qorunur. Məsələn, qardaş Türkiyədə, xüsusən də İstanbul şəhərində sahibsiz itlərə, eləcə də pişiklərə xüsusi qayğı göstərilir, bələdiyyə tərəfindən qısırlaşdırılır, peyvənd edilir. İnsanlar da heyvanlara qarşı mərhəmətli davranır, küçələrdə onlar üçün qida, su qoyurlar. Azərbaycanda da mərhəmətli insanlar var və onlar da daim heyvanlar üçün küçələrdə qida, su qoyurlar. Mən özüm də imkanım olduğu qədər sahibsiz heyvanlara qida verir, onlara qayğı göstərməyə çalışıram. Heç vaxt itlərin hücumuna məruz qalmamışam. 

İt əgər hürürsə, bu o deməkdir ki, insanla ünsiyyət yaratmaq istəyir. Yəni “acmışam, qida istəyirəm”. Olur ki, heyvanlar günlərlə deyil, həftələrlə, aylarla ac-susuz qalır və insanlardan qida istəyirlər. Bəzi insanlar da var ki, mərhəmətsizdir, qida qalığını zibilə atır, amma ac heyvanın qarşısına qoymur. 

Bir müddət bundan əvvəl “Qobu Park-3"də it tərəfindən uşağa hücum hadisəsi oldu. Bir nüansı nəzərə çatdırmaq istəyirəm, valideynləri tərəfindən düzgün tərbiyə olunmamış bəzi uşaqlar var ki, onlar azğın davranış nümayiş etdirirlər. Nəinki heyvanlara, eləcədə həmyaşıdlarına, böyüklərinə sataşırlar. Son hadisəni araşdırdıq, belə məlum oldu ki, azyaşlı uşaqlar itlərin olduğu bir əraziyə həmişə gedib, orada oynayır və itlərə sataşırlar. Orada da bir çoban iti olub və uşaq itin ağzına çubuq soxmağa çalışıb və it də ona hücum edib. Bu cür işgəncəni insan da qəbul etməz, o da ola şüuru olmayan heyvan. 

Daha bir məsələ, dövlət tərəfindən küçə heyvanları üçün vəsait ayrılır, bu vəsaitə  heyvanların qısırlaşdırılması, quduzluğa və müəyyən infenksiyaya görə peyvəndləşdirilməsi daxildir. Həmçinin heyvanlara xüsusi birkalar keçirilir. Amma bəzi məmurlar bu vəsaiti heyvanlara xərcləmək yerinə onu mənimsəyir və heyvanları öldürür. 

Tez-tez eşidirik ki, Sumqayıtda mənzil kommunal sahəsinin əməkdaşları itlərə divan tutur, onlar zəhərləyir, güllələyirlər. Bəzən bu vəhşilik küçədə uşaqların gözü qarşısında törədilir. Hətta pişiklərin torbalara yığılaraq, atıldığı haqda da məlumatlar gəlir. Bu, həqiqətən də çox təəssüfedici haldır, vəhşilikdir, biz heyvansevərlərin səbr kasasını doldurur.

Sumqayıtda itə zülm edən 5 saylı Mənzil Kommunal Sahəsinin əməkdaşı Yavər Hüseynov açıqlama verib ki, guya itin ayağı zədəli olub, ona görə ipi boğazına bağlayıb, oradan dartıb çıxardıb. Amma ortada video faktlar var və həmin görüntülərdən də aydın olur ki, Yavər Hüseynov tamamilə yalan açıqlama verir. Bu işləri törədən hər kəsin cəzalanmasını istəyirik. Əks təqdirdə, heyvansevərlər etirazlarını ciddi şəkildə bildirməli olacaqlar". 

Ləman Süleymanova heyvanlara zülm edənlərə qarşı nəzərdə tutulmuş cərimə cəzasının dəfələrlə artırılmasının tərəfdarı olduğunu da vurğulayıb: “Qanuna əsasən heyvana zülm edən şəxslər 500 manat cərimə olunur. Bu cərimə 10 min manata çatdırılsa, insanlar artıq heyvanlara zülm etməkdən çəkinər”.

Bəs dünya təcrübəsi nə deyir? 

Qonşu Türkiyədə küçə itləri ilə mübarizə aparılmır. Buna heç dövlət də icazə vermir. Küçədəki bütün sahibsiz heyvanlar dövlət tərəfindən müayinə edilir, vaksinasiya olunur. Bununla da sahibsiz heyvanlardan zərər gəlməyəcəyinə əmin olurlar. Peyvəndlənən heyvanları digərlərindən ayırmaq üçün qulaqlarına sırğa (“birka”) da taxırlar. Türkiyəyə səfər edən hər kəs qulağında “birka” olan küçə itlərini görməmiş olmaz. 

Avropa ölkələrində isə heyvanları öldürmək nəinki qadağandır, hətta itini zəncirləyən şəxsləri də cərimələyirlər. Bu cərimə 10-15 min avro civarında olur. Almaniya konstitusiyasına görə, bəzi hallarda heyvanları kinoya çəkmək belə olmaz. Əgər çəkilişlər onlara əziyyət verərsə, buna icazə yoxdur. 

Qeyd edək ki, Azərbaycanda sahibsiz itlər üçün bilinən əsas mərkəz “Toplan”dır. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat Kommunal Departamentinin sanitariya və texniki təmizlik idarəsinin ərazisində yerləşən mərkəz üç inzibati-təsərrüfat binasından ibarətdir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

19.07.2024 11:18
855